Azərbaycanda 9 il öncə, iyulun 13-də Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində "ASAN xidmət" mərkəzləri yaradılıb. Rəsmilərin müasir model və bir sıra xarici ölkələrə nümunə kimi təqdim etdikləri "ASAN xidmət" dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət etməlidir. Prezidentin fərmanına əsasən, pasportların verilməsindən tutmuş, ayrı-ayrı rüsumların ödənilməsinə kimi bir çox xidmətlər göstərən mərkəzlərin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulur. Bəs "ASAN xidmət" vasitəsilə yığılan rüsumlar və vəsaitlər hara köçürülür?
2021-ci il üzrə dövlət büdcəsindən elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlərin maliyyə təminatı üçün Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 10 milyon manat vəsait ayrılıb.
"Məmnunluq əmsalı 99.5 faiz təşkil edir"
Qurumdan "Turan"a bildirilib ki, hazırda Bakıda altı, ölkə üzrə isə ümumilikdə 21 "ASAN xidmət" mərkəzləri fəaliyyət göstərir: "8 il 9 ay ərzində "ASAN xidmət" mərkəzlərinə 7 milyon 648 min 738 vətəndaş müraciət edib. Ümumi müraciətlərin sayı isə 48 milyon 745 min 227 olub. Keçirilən rəy sorğularına əsasən, vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99.5 faiz təşkil edir".
Qurumdan qeyd olunub ki, "ASAN xidmət"in fəaliyyətinin əsas prinsiplərindən biri şəffaflıqdır: "2020-ci il ərzində sistem vasitəsi ilə ümumi dövriyyə 1 milyon 470 min 949 ədəd ödəniş olmaqla, 67 milyon 967 min 519.06 manat təşkil edib".
Toplanan vəsaitin dövlət büdcəsinə köçürüldüyü bildirilir.
"Bu, kommersiya fəaliyyəti ilə məşğul olmaqdır"
İqtisadçı Nazim Bəydəmirli də AzadlıqRadiosuna bildirib ki, özü də bir neçə dəfə "ASAN xidmət" vasitəsilə müxtəlif qurumlardan arayışlar alıb: "On günə həmin arayışların verilməsi ödənişsiz idi və mən bu müddət ərzində sənədlərin verilməsinə razı idim. Lakin mənə dedilər "yox, biz bunu asanlaşdırmalıyıq". Asanlaşdırmanın mahiyyəti isə daha çox rüsum, xidmət haqqı almaqdır. Bu, dövlət hesabına yaxşı şərait yaradıb kommersiya fəaliyyəti ilə məşğul olmaqdır".
O hesab edir ki, vətəndaşlar həmin xidmətlərini dövlət orqanlarından rahat ala bilməlidir. Onun fikrincə, belədə heç "ASAN xidmət"in yaradılmasına da ehtiyac yox idi:
"Həmin xidmət haqları rüsumlardan qat-qat artıqdır"
"Sadəcə, "Büdcə sistemi haqqında" Qanuna uyğun olaraq, büdcə təşkilatlarının büdcədənkənar gəlirləri bir fonda yığılırdı və müxtəlif məsrəflər üçün xərclənirdi. Burada səmərəsiz xərclər yer alırdı. Bundan azad olmaq üçün belə bir model fikirləşilib. İndiki durumda "ASAN xidmət"in gəlirləri işləri tezləşdirməyə və yaxşı xidmətə görə dövlət rüsumlarından kənar xidmət haqqından formalaşır. Həmin xidmət haqları rüsumlardan qat-qat artıqdır".
N.Bəydəmirlinin sözlərinə görə, bütün dünyada bu tip bir sıra xidmətləri özəl sektor həyata keçirir: "Əlbəttə, elə xidmətlər var ki, - məsələn, vəsiqələrin və pasportların verilməsi, - onları dövlət həyata keçirməlidir. Ancaq elə xidmətlər var ki, onlarla özəl şirkətlər məşğul olmalıdır. İndiki halda isə "ASAN xidmət", demək mümkündürsə, hökumətin artan gəlir mənbəyinə çevrilib".
İqtisadçı vurğulayıb ki, dövlət orqanları "ASAN xidmət"ə öz əməkdaşlarını ezam edirlər: "Onlar isə orada xidmət göstərirlər. Təşkilatçı "ASAN xidmət" olsa belə, həmin xidməti yenə də dövlət orqanları göstərir. Burada artıq ikili rəhbərlik mövcuddur. Belə olan halda, dövlət orqanlarının özündə həmin xidmətləri asanlaşdırmaq mümkün deyildi? Əlavə bu qədər vəsaitin xərclənməsi nəyə lazım idi? Ümumiyyətlə, maliyyə şəffaflığı olmadığı bir ölkədə ayrıca bir qurumda şəffaflığın olması qeyri-mümkündür".