Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 23:48

Apteklərdə dərman qıtlığı yaranıb


Apteklərdə tibbi maskalar bir neçə dəfə bahalaşıb
Gözlə

No media source currently available

0:00 0:03:06 0:00

Apteklərdə tibbi maskalar bir neçə dəfə bahalaşıb

Pandemiya dövründə bəzi dərmanların tapılması müşkülə çevrilib. Sərhədlər bağlı olduğundan ölkəyə dərman preparatlarının gətirilməsi çətinləşib. Bunu AzadlıqRadiosuna Bakıda fəaliyyət göstərən iki aptekdən deyirlər.

Aptek: "Edə biləcəyimiz bir şey yoxdur"

"Türkiyə istehsalı dərmanları gətirdə bilmirik, sərhəd bağlıdır. Amma bura istehsalı dərmanların hamısı var. Biz Türkiyədən dərman gətirdirdik adətən, indi isə mümkün deyil. Edə biləcəyimiz bir şey yoxdur. Qaçaqmalçılıqla dərman gətirə bilmərik ki", – "Avis" aptekinin əməkdaşı Sona Şəmşirli deyir.

"Elit" aptekindən Elvira Qəniyeva da sərhədlər bağlı olduğuna görə yeni dərman partiyalarının gəlmədiyini bildirir.

"Xəstələr müraciət edəndə dərmanı axtarıb tapmağa çalışırıq. Olmayanda da özlərinə xəbər edirik ki, yoxdur", – aptek əməkdaşı bildirir.

"Zəfəran" aptekindən "müdiriyyət yoxdur" deyirlər və sualı cavabsız buraxırlar. "Life" aptekindənsə belə bir problemlə üzləşmədiklərini söyləyirlər.

"Dövlət gərək bu dövrdə bu işi öz üzərinə götürəydi"

Tibb elmləri doktoru, professor Adil Qeybulla pandemiya dövründə dərman qıtlığı yarandığını bildirir: "Çox dərman azalıb, yoxa çıxıb. Bir deyil, iki deyil, xeyli dərmanla bağlı problem var. Gündəlik istifadə olunan dərmanların çoxu yoxa çıxıb. Bu da onunla izah olunur ki, dərman idxal olunmur. Bəlkə də az miqdarda idxal olunur, deyə bilmərəm. Faktiki olaraq biz bu qıtlığı hiss edirik".

A.Qeybulla
A.Qeybulla

Professor yaranmış durumda əvəzedici preparatlar yazmaqla və ya alternativ yollar tapmaqla vəziyyətdən çıxmağa çalışdıqlarını qeyd edir. O, dərman çatışmazlığının pasientlər üçün təhlükə yaratdığını da vurğulayır: "Dərman preparatlarının, effektiv, gündəlik dərmanların yoxa çıxması problemlər yaradır, xüsusən də müalicə periodunda. Bəli, bununla bağlı çətinlikləri hiss edirik".

A.Qeybulla hesab edir ki, bu durumda hökumət alternativ yollar tapmalıdır: "Bilirsiz ki, ölkədə dərman idxalı hansı səviyyədə həyata keçirilir, kimlər həyata keçirir. Ona görə də bu, adi insanların imkanı daxilində həll olunacaq məsələ deyil. Əlbəttə, bununla bağlı dövlət tədbir görməlidir. Hər halda, dövlət gərək bu dövrdə bu işi öz üzərinə götürəydi".

81-yaşlı qadının dərdinə dərman tapılmır

Astaranın Qapıçıməhəllə kənd sakini, 81-yaşlı Almaz Məcidova diabet xəstəsidir. 3 il öncə yıxılan yaşlı qadın yataq xəstəsinə çevrilib. O, dərman qəbul etmədən yata bilmədiyini deyir. Onun sözlərinə görə, pandemiya dövründə əvvəl içdiyi dərmanları ala bilmir: "Bu xaraba virus çıxana qədər mən şəkərə, təzyiqə görə dərman içirdim, bir də yuxu dərmanı alırdım. Virus çıxandan şəkər dərmanı vermirlər, təzyiq dərmanı vermirlər. Mən xəstəyəm də. Yuxu dərmanı içmədən qətiyyən yata bilmirəm. Amma dərman yoxdur indi. Karantin vaxtında uşağım gedib baha-baha dərmanı 10 dənə-10 dənə alırdı. O da neçə gün gedər? Səhər bir dənə, axşam bir dənə içirəm qurtarır. İndi o dərman da yoxdur".

AzadlıqRadiosu gün ərzində dəfələrlə Səhiyyə Nazirliyinə zəng vursa da, mətbuat xidmətindən cavab verən olmayıb.

Mayın 11-dək Azərbaycanda 2589 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 1680 nəfər müalicə olunaraq sağalıb, 32 nəfər vəfat edib, 877 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 31 nəfərin vəziyyəti ağır, 42 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

XS
SM
MD
LG