Prezident İlham Əliyevin təşəbbüsü əsasında bu il noyabrın 5-də Azərbaycan Milli Məclisi "8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında" Qərar qəbul etdi. Milli Məclisdə müzakirə zamanı layihəni təqdim edən sədrin birinci müavini Əli Hüseynli demişdi ki, Akt təqribən 16 min şəxsə şamil olunacaq. Onun bildirməsinə görə, onlardan təqribən 3 mindən çoxu sırf həbsdən azadlığa buraxılmalıdır.
3 min 600-dən çox şəxs…
Akt artıq 40 gündür icra edilir (Proses dörd ay çəkə bilər). Baş Prokurorluqdan "Turan"a bildirilib ki, indiyədək ümumilikdə 3 min 600-dən çox şəxs Amnistiya Aktına düşüb: "Həmin şəxslərin 85 faizi məhkumlardır. Amnistiya Aktının tətbiq olunduğu şəxslərin 94 faizi kişi, 6 faizi isə qadındır... Amnistiya Aktının tətbiq olunduğu şəxslər arasında 27.1 faizi mülkiyyət əleyhinə, 26.03 faizi də narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət törətmiş şəxslərdir".
"Amnistiya aktlarının populyar olması…"
Hüquq müdafiəçisi Anar Məmmədli isə AzadlıqRadiosuna bildirib ki, amnistiya aktlarına daha yüngül maddələr daxil edilir: "Azərbaycan kimi ölkələrdə amnistiya aktlarının populyar olması ölkədə ədalətli mühakimə sisteminin olmaması ilə bağlıdır".
O, sual edir: "Normal məhkəmə sistemi olsa, insanlar amnistiyanı niyə gözləsinlər ki?! Məhkəmədə nəzərə alınmalıdır ki, adam cinayət törətsə də, onun islah olunma perspektivi var, onun uzun müddətə azadlıqdan məhrum edilməsi himayəsində olan şəxslərin vəziyyətini ağırlaşdıra bilər. Əlbəttə ki, burada da cinayətin tipinə baxılmalıdır. Humanizm prinsipləri özünü məhkəmədə göstərməlidir".
"Amnistiyaya salınan maddələr siyasi…"
Onun fikrincə, Azərbaycanda amnistiya aktları məhkəmə-hüquq sisteminin davamıdır: "Məhkəmə qərarların çoxu ədalətsizdir, siyasi məhbuslara qarşı isə, ümumiyyətlə, qərəzlidir. Belə olan halda kimsə gözləyir ki, siyasi məhbuslar bir il sonra amnistiya ilə azadlığa buraxacaqlar? Bu, sadəlövhlük olar. Elə ona da hesablanır ki, amnistiya aktına salınan maddələr siyasi məhbuslara şamil edilməsin".
Bir sıra hüquq müdafiəçiləri (Leyla Yunus və başqaları) deyirlər ki, Azərbaycan həbsxanalarında hazırda 100 civarında siyasi məhbus var. Onların Amnistiya Aktından, hələlik, kənarda qaldığı bildirilir.
Azərbaycan rəsmiləri isə, ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.