Son günlər koronavirus pandemiyası səbəbindən Azərbaycanda tətbiq edilmiş xüsusi karantin rejimi ilə bağlı cəmiyyətdə müxtəlif müzakirələr aparılır. Bəzi müxalif qüvvələr və bir sıra hüquq müdafiəçiləri hesab edirlər ki, hakimiyyət bundan tənqidi fikirləri boğmaq üçün istifadə edir. Buna səbəb kimi bir neçə müxalifətçi və ictimai fəalın inzibati qaydada həbs edilməsini göstəriblər.
“Dezinformasiyadan başqa bir şey deyil”
Hərçənd, Daxili İşlər Nazirliyi (DİN) vurğulayır ki, belə iddiaların heç bir əsası yoxdur və bu cür fikirlər cəmiyyəti çaşdırmaq məqsədi güdən dezinformasiyadan başqa bir şey deyil.
“Təkcə cari ilin mart ayı ərzində xüsusi karantin rejiminin tələblərinin pozulması faktlarına görə 5 cinayət işi üzrə 11 nəfər məsuliyyətə cəlb olunub, 154 nəfər inzibati qaydada həbs edilib, 33 minə yaxın şəxs barəsində digər tənbeh tədbirləri görülub.” , deyə DİN aprelin 10-da qeyd edib.
“Başlıca qayda “evdə qal”maq olmalıdır....”
Jurnalist Şahvələd Çobanoğlu isə deyir ki, indiki xüsusi karantin rejimi şəraitində “evdə qal” başlıca şüardırsa, elə bu şüarın da bu rejimdə diktə etdiyi başlıca qayda “evdə qal”maq olmalıdır.
Jurnalist sual edir
“Həbsxanadan adam virus təhlükəsinə görə buraxılırsa, niyə inzibati xəta ilə həbsə - təhlükəyə atılır? Bu halda, adamları xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, inzibati həbsə almağın mənası başa düşülmür. Karantin qaydalarını pozanlar varsa belə, onları da buna əsas olduqda cərimə, xəbərdarlıq kimi cəzalandırma yolu ilə evdə qalmağa məcbur etmək olar...”
“Deməli hansısa siyasi maraq var”
Jurnalistin fikrincə, dövlət oqranları vətəndaşın evdə qalması üçün onu təmin edibsə, vətəndaş da buna baxmayaraq səbəbsiz yerə küçəyə çıxıbsa, bu halda da cərimə yolu ilə o evə qaytarılmalıdır:
“Amma adamlar həbs edilirsə, bunun bir qrupu da bir qayda olaraq bir müxalifət partiyasının fəalları ətrfaında dolanırsa, deməli hansısa siyasi maraq var, bu çox qərəzli, təhlükəli və qəbuledilməz siyasətdir”.
Deputat Zahid Oruc isə vurğulayıb ki, dövlət vətəndaşların sağlamlıq və təhlükəsizliyini təmin etmək üçün cavabdehlik daşıyır, buna görə öhdəliyi var, hazırkı şəraitdə bütün gücü ilə koronavirus pandemiyasına qarşı çoxcəhətli mübarizə aparır. O, hesab edir ki, indi hansısa bir siyasi qüvvə dövlətdən artıq gücə, resurslara malik deyil ki, iqtidara narahatlıq yaratsın. Z.Oruc daha sonra da deyib:
“Onlar cəzanı siyasi mənsubiyyətlərinə görə yox,...”
“Həmin müxaliflər də xüsusi karantin rejim qaydalarını pozduqlarına görə saxlanan şəxslərin ümumi sırasındadırlar və bu onlara qarşı əlahiddə münasibət demək deyil. Onlar cəzanı siyasi mənsubiyyətlərinə görə yox, qaydaları pozduqları ilə bağlı alıblar”
Şəxslərin inzibati cəza yox, daha çox cərimələnməsinin vacibliyi ilə bağlı fikirlərə gəlincə isə Z.Oruc deyir ki, hansı cəzanın verilməsi, bu sahədəki qanunvericiliyə əsasən müəyyən olunur.
Xatırlatma
Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 100 mindən çox şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə indiyə kimi 991 nəfərin koronavirus infeksiyasına yoluxduğu, 10 nəfərin də vəfat etdiyi açıqlanıb. Artıq dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür. Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib.Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər dayandırılıb. Martın 24-dən etibarən də ölkədə xüsusi karantin rejimi elan edilib.Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alıb.Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər.