Keçid linkləri

2024, 08 Noyabr, Cümə, Bakı vaxtı 11:03

Aclıq və evsizliyə görə həbs olunmaq istəyir


Həbs
Həbs

Bakıda 31-yaşlı şəxs oğurlanmış telefonları bilərəkdən öz şəxsiyyət vəsiqəsiylə mağazalara satıb ki, kimliyini müəyyənləşdirib onu həbs etsinlər. Özü istintaqda dindirilərkən bu haqda danışıb. Həbsə düşmək istəyinin səbəbini isə maddi-sosial durumunun ağırlığıyla izah edib. Deyib ki, kirayə pulunu ödəyə bilmir, yemək tapmır.

Nərimanov rayon Polis İdarəsində onun haqqında cinayət işi başlanıb, CM-in 177-ci (oğurluq) maddəsi ilə ittiham irəli sürülüb. Ona dövlət hesabına vəkil təyin edilib. Onun hüquqlarını müdafiə edən vəkil Yeganə Məmmədova AzadlıqRadiosuna danışır ki, onu öz əleyhinə ifadə vermək fikrindən daşındırmağa çalışıb, bunun mümkün fəsadlarını ona izah edib. Amma nəticəsi olmayıb: "Öz əleyhinə ifadə verməklə işini ağırlaşdırıb, həbs-qətimkan tədbirinin seçilməsinə nail olmaq istəyir".

Amma Nərimanov rayon prokuroru istintaq dövründə onun həbsdə olmasını uyğun görməyib. Ona görə də istintaq getdiyi müddət üçün onun barəsində başqa yerə getməməyə dair iltizam-qətimkan tədbiri seçilib.

"Azadlıqda qalanda özümü dolandıra bilmirəm"

Vəkilin sözlərinə görə, adını açıqlamaq istəmədiyi müvəkkili taksi sürücülərindən danışmaq adıyla aldığı telefonu oğurlamaqda suçlanır. Həmin telefonları da sonradan mağazada satıb: "Deyir ki, "dərk edirdim bununla məni tapacaqlar. Amma neyləyim, azadlıqda qalanda özümü dolandıra bilmirəm". O, 8-9 il Türkiyədə işləyib. Oradan 5 illik deportasiya olunub. 3 il keçib. Deyir ki, "fikirləşirəm, il yarım-iki il də həbsdə qalaram, sonra çıxıb keçmiş məhkumlara verilən adaptasiya pulunu alıb, yolpulu eləyib, Türkiyəyə qayıdaram".

Müdafiəçinin sözlərinə görə, onun psixoloji durumuyla bağlı da problemlər var. Y.Məmmədova deyir ki, polis idarəsində dindirilərkən hətta ona işsiz vətəndaş kimi qeydiyyata alınmasını, dövlətin xüsusi karantin dövründə verdiyi 190 manatdan yararlanmağı təklif ediblər. Ancaq razılaşmayıb.

Vəkil onu da əlavə edir ki, oğurluğa görə inzibati qaydada cəza da nəzərdə tutulub. Amma bu, vurulan ziyanın məbləğindən asılıdır: "Taksi sürücülərindən biri iddia edirdi ki, 200 manatlıq telefonunu oğurlayıb, 800 manat da pulunu. Tək telefon olsa, məbləğə görə cinayət tərkibi yaranmır. Hüquqlarını müdafiə etdiyim şəxs isə bildirir ki, pul götürməyib, yalandır. Bildiyimizə görə, üç müxtəlif taksi sürücüsü şikayət edib".

Y.Məmmədova ehtiyatlanır ki, müvəkkili həbsə düşmək üçün daha ağır əməl törədə bilər. Bu üzdən onunla psixoloji baxımdan təsir göstərəcək söhbətlər də etdiyini, bu yoldan çəkindirməyə çalışdığını deyir.

XS
SM
MD
LG