Keçid linkləri

2024, 23 Oktyabr, çərşənbə, Bakı vaxtı 14:33

ABŞ-dəki seçkilərdə niyə 'tərəddüdlü ştatlar' son sözü deyəcək?


Donald Tramp və Kamala Harris
Donald Tramp və Kamala Harris

ABŞ-də 5 noyabr prezident seçkiləri günü yaxınlaşdıqca, namizədlər Donald Tramp və Kamala Harris Pensilvaniya, Miçiqan, və Viskonsin ştatlarına dəfələrlə səfər ediblər. Onlar bu ştatlarda qərarsız seçicilərin az faizinin səslərini qazanmaqla seçkilərin gedişatını öz xeyirlərinə dəyişdirə bilərlər.

AzadlıqRadiosunun müxbiri Todd Prinsin qələmə aldığı məqalədə deyilir ki, 7 "tərəddüdlü ştat" ABŞ-nin 47-ci prezidentini müəyyənləşdirmək baxımından çox önəmli rol oynayacaq. Əslində, seçkinin sonucu bu ştatlar arasında paylanmış cəmi 150 min səsdən asılı ola bilər.

"Tərəddüdlü (və ya yelləncək) ştatlar" nədir?

"Yelləncək ştatlar" ABŞ-nin növbəti prezidentinin kim olacağının müəyyənləşdiyi və mübarizənin gərgin keçdiyi ştatlardır. Builki "yelləncək ştatlar" Pensilvaniya, Miçiqan, Viskonsin, Arizona, Nevada, Corciya və Şimali Karolinadır. Tarix boyunca demoqrafik durum, problemlər, siyasi partiyalar dəyişən qədər "yelləncək ştatlar" da dəyişib.

Əhalisinin xeyli hissəsi işçi sinfinə mənsub Pensilvaniya, Miçiqan və Viskonsin tarixən demokratlara səs verən ştatlar olub. Ancaq onların hər üçü 2016-cı ildə Trampa səs verib. Tramp öz seçki kampaniyasında işçilərdən gərəyindən çox yararlanaraq elitanı varlandıran ticarət qanunlarına qarşı çıxış edirdi. O, idxal məhsullarına tariflər tətbiq edəcəyini və istehsal sahəsində iş yerlərini bərpa edəcəyini vəd edirdi.

Şimali Karolina və Corciya isə, əksinə, prezident seçkilərində tarixən Respublikaçılar Partiyasına səs verib. Ancaq son illərdə bu iki ştatda mübarizə xeyli gərginləşib. Şimali Karolinaya Nyu-York və tarixən demokratlara səs verən digər ştatlardan xeyli adam köçüb. Corciyada da qaradərili və digər qeyri-ağ qrupların faiz nisbəti artıb. Qaradərili amerikalılarsa tarixən çox vaxt demokratlara səs verirlər.

'Baydenin geri çəkilməsi təəccüblü deyil'-ABŞ prezidentinin seçkidən çəkilməsinə şərhlər
Gözlə

No media source currently available

0:00 0:02:59 0:00

Minnesotadakı Hemlayn Universitetinin siyasi elmlər professoru Devid Şults deyir ki, "yelləncək ştatlar" fenomeni ölkənin mürəkkəb seçki sisteminin və bir çox ştatlarda eyni partiyanın dönə-dönə qalib gəlməsinin nəticəsidir.

Prezident sisteminə sahib olan bir çox başqa ölkələrdən fərqli olaraq, ABŞ öz liderini ümumxalq səsverməsi ilə seçmir. Prezident seçkisinin qalibini ayrı-ayrı ştatlarda keçirilən seçkilərin nəticəsi müəyyənləşdirir.

"…Bu, ABŞ-də 50 ştat və Kolumbiya Dairəsində keçirilən 50 ayrıca seçki deməkdir", - Şultsun sözləridir.

"Tərəddüdlü ştatlar" və onların prezidentlik yarışına güclü təsiri haqda nələri bilmək lazımdır?

Bir neçə istisna xaric, hər bir ştatın seçki kollegiyası səslərinin hamısını həmin ştatda ən çox səs toplayan namizədə verir. Məsələn, Pensilvaniyada xalq səsverməsinin qalibi seçki kollegiyasının 19 səsini alır. Qalib gəlmək üçün namizədə 538 seçki kollegiyası səsindən 270-ni almaq lazımdır.

Hər bir ştata əhalisnin təxmini sayına görə seçki kollegiyası səsləri təyin edilib. Alyaska, Şimali Dakota, Cənubi Dakota, Vermont, Vayominq və Kolumbiya Dairəsinin hərəsinin üç seçki kollegiyası səsi var. Ən çox seçki kollegiyası səsinə malik ştatlarsa 54 səslə Kaliforniya, 40 səslə Texas, 30 səslə Florida və 28 səslə Nyu-Yorkdur.

38 ştatda əsrin başlanğıcından bəri eyni partiya bütün prezident seçkilərində səslərin çoxunu əldə edib və çox vaxt böyük fərqlə qələbə qazanıb. Yalnız 12 ştat 2000-ci ildən bəri azı bir dəfə fərqli nəticə göstərib.

Bəzi ştatlarda isə eyni partiya üstünlüyü bundan da uzun müddət qoruyub saxlayıb. Məsələn, Minnesotada seçicilər ta 1976-cı ildən bəri səslərin çoxunu demokratlara veriblər. Texasda isə seçicilər 1980-ci ildən bəri daim respublikaçılara səs verirlər.

"Partiya loyallığı bu qədər güclü olduğu üçün biz bir çox ştatın 2024-cü il seçkilərində necə səs verəcəyini illər əvvəldən bilirdik", - yenə Şultsun sözləridir.

Trampa atəş açılıb, dünya liderləri bu olayı pisləyir
Gözlə

No media source currently available

0:00 0:02:07 0:00

Bu il durum necə görünür?

Müstəqil seçki və sorğu aqreqatı olan 270towin.com saytının dəyərləndirməsinə görə, Harris məntiqli olaraq Kaliforniya, İllinoys və Nyu-York kimi ştatlarda qalib gələrək 226 seçki kollegiyası səsi əldə edəcəyinə güvənə bilər. Trampınsa Texas, Florida və Tennessi kimi ştatlarda üstünlük qazanaraq azı 219 səs toplayacağı gözlənilir.

Yerdə qalansa toplam 93 seçki kollegiyası səsinə malik 7 "yelləncək ştat"dır. Seçkinin nəticəsini də bu ştatlar təyin edəcək.

Vaşinqtonda yerləşən "The Hill" media qurumunun sorğu təhlillərinə görə, seçkiyə bir aydan az vaxt qalmış "yelləncək ştatlar"ın dördündə Harris, üçündə isə Tramp öndədir. Ancaq təhlil nəticələrinə görə, iki namizəd arasındakı fərqlər son dərəcə kiçikdir. "Yelləncək ştatlar"ın beşində namizədləri ayıran fərq 1 faizdən, ikisində isə 2 faizdən azdır.

Şults deyir ki, 7 "yelləncək ştat"da 150 mindən 200 minədək səs, yaxud bu il veriləcəyi gözlənilən səslərin toplam sayının 0.1 faizə qədəri yanvarda Ağ evə kimin daxil olacağını müəyyənləşdirəcək.

Ancaq belə bir presedent artıq var: 2000-ci il prezident seçkilərinin nəticəsini Florida ştatındakı cəmi 537 səs müəyyən etmişdi. O zaman respublikaçı Corc Volker Buş demokrat Albert Qora qalib gəlmişdi.

Ancaq builki seçki əsas döyüş meydanları sayıla biləcək ştatlar baxımından 2000-ci il deyil, 2020-ci il seçkiləri ilə müqayisə oluna bilər.

XS
SM
MD
LG