Keçid linkləri

2024, 07 Noyabr, Cümə axşamı, Bakı vaxtı 18:35

Abbas Hüseynov: 'Həbsxanada mənə işgəncə veriblər...'


A.Hüseynov
A.Hüseynov

Nardaran məhbusu Abbas Hüseynovun həbsxanada işgəncəyə məruz qalması barədə şikayətinə baxan prokurorluq onu haqlı saymayıb. İşgəncə faktının təsdiqini tapmaması əsasıyla cinayət işi başlamaqdan imtina olunub. A.Hüseynov da prokurorluğun qərarından məhkəməyə şikayət etmişdi. Noyabrın 1-də Qobustandakı qapalı həbsxanada Nardaran məhbusunun şikayətinə baxılıb.

Bu barədə AzadlıqRadiosuna A.Hüseynovun anası Rəhimə Hüseynova danışıb. Bildirib ki, oğlu işgəncəyə məruz qaldığını məhkəmədə bir daha təsdiqləyib. Deyib ki, onu həbsxanada əllərini bağlayıb döyüblər, günün altında dəmir boruya bağlayıb saatlarla saxlayıblar: «Hamısını hakimə də danışıb. Oğlum başına açılan oyunlar barədə yazılı şikayətini vəkilinə təqdim etmişdi. Abbas hakimə deyib ki, vəkili Yalçın İmanov ona verilən işgəncələrə göz yummadığına, məsələni ictimailəşdirdiyinə görə cəzalandırıldı, vəkillikdən çıxarıldı».

«Onlar da işgəncə izlərini görmüşdülər»

R.Hüseynovanın bildirdiyinə görə, Qaradağ Rayon Məhkəməsinin hakimi Rufan Mürsəlov oğlunun dediklərini dinləsə də, axırda onun şikayətinin təmin olunmadığını elan edib. Bu qərardan apellyasiya şikayəti veriləcək: «Belə biabırçılıq olarmı? Oğlumun üzərindəki işgəncə izlərini o vaxt tək vəkil görməmişdi. Məsələ yayılandan sonra Ombudsman Aparatının, Penitensiar Xidmətin əməkdaşları da gedib Abbasla görüşmüşdülər, onun üzərindəki işgəncə izlərini görmüşdülər. Abbasın onlarda da yazılı izahatı vardı».

Ombudsman Aparatından AzadlıqRadiosuna bildirilmişdi ki, A.Hüseynovun şikayətinin araşdırılması üçün onlar da öz növbələrində prokurorluğa müraciət ediblər.

Penitensiar Xidmət isə işgəncə iddialarını təkzib etmişdi.

Xatırlatma

A.Hüseynov 2015-ci il noyabrın 26-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat zamanı həbs olunub və 20 il azadlıqdan məhrum edilib. Həmin əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Həbs olunanların işi üç qrupa ayrılıb. A.Hüseynov birinci qrupda «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və daha 16 nəfərlə birlikdə mühakimə olunub. Onlara 10 ildən 20 ilə qədər həbs cəzası verilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Polislər isə işgəncə iddialarını təkzib ediblər.

XS
SM
MD
LG