Keçid linkləri

2024, 23 Oktyabr, çərşənbə, Bakı vaxtı 18:34

Kədərli və köçkün fələstinlilər Qəzza müharibəsindəki itkilərdən danışırlar


Qəzza sakinlərinin 85 faizi, yaxud 1.9 milyondan çox əhali anklavda məcburi köçkünə çevrilib.
Qəzza sakinlərinin 85 faizi, yaxud 1.9 milyondan çox əhali anklavda məcburi köçkünə çevrilib.

ABŞ və Aİ-nin terrorçu hesab etdiyi HƏMAS radikal qruplaşması bir il öncə İsrailə görünməmiş hücum edəndə Məhəmməd Nasirin həyatı darmadağın olub.

Oktyabrın 7-də gerçəkləşdirilən hücumda 1200 nəfər qətlə yetirilib. Bundan bir neçə saat sonra İsrail Fələstin anklavının müasir tarixində ən ölümcül və dağıdıcı bombardmana başlayıb.

Nasir Qəzza zolağının eyniadlı paytaxtında yerli və beynəlxalq media orqanları üçün işləyən jurnalist idi. Ancaq İsrail qüvvələri bir neçə həftə sonra Qəzzada quru əməliyyatına başlayanda o, evini tərk etməyə və peşəsindən əl çəkməyə vadar olub.

"Tələm-tələsik çıxmalı olduq, hətta şəxsi əşyalarımızı, paltarlarımızı belə götürə bilmədik. Heç maşınıma belə minə bilmədim", – Nasir AzadlıqRadiosunun fars xidmətinə danışır.

Ana övladları ilə birlikdə həyatını itirib

Altı uşaq atası Nasir bir ildir davam edən müharibədə böyük ailəsinin üzvlərini də itirib.

"Bacım övladlarının hamısı ilə birlikdə öldürüldü", – deyən Nasir əlavə edir ki, bacısıgil Qəzzanın şimalında BMT-nin Yardım və İş Agentliyinin (UNRWA) tabeliyində olan məktəbə sığınıbmış, məktəb İsrail qüvvələri tərəfindən hədəfə alınıb.

İsrailin müharibəsi dünyada ən sıx məskunlaşmış ərazilərdən olan Qəzzada dinc sakinlər arasında böyük itkilərə, infrastrukturun dağılmasına səbəb olub.

Oktyabrın 7-dən bəri Qəzzada, əsasən, dinc sakinlər olmaqla azı 41 min fələstinli öldürülüb. Bunu HƏMAS-ın idarə etdiyi Səhiyyə Nazirliyi bildirir. İsrail isə 17 minədək HƏMAS döyüşçüsünün qətlə yetirildiyini açıqlayıb.

BMT-nin hesablamasına görə, Qəzza sakinlərinin 85 faizi, yaxud 1.9 milyondan çox əhali anklavda məcburi köçkünə çevrilib. Qəzza zolağının bütün əhalisi isə kəskin ərzaq qıtlığı səbəbindən aclıq çəkir.

Qəzza zolağının cənubundakı Rəfahda məktəb həyətində qurulan düşərgədə müvəqqəti çadır.
Qəzza zolağının cənubundakı Rəfahda məktəb həyətində qurulan düşərgədə müvəqqəti çadır.

"Qohumlarım pərən-pərən düşüb"

Nazir və ailəsi İsrail qüvvələrindən, hava zərbələrindən qaçmaq üçün daim hərəkətdədir. Onlar hazırda Aralıq dənizi boyunca ensiz quru zolaqda yerləşən Əl-Məvasidə çadırda qalırlar.

Ancaq Nasir danışır ki, orada belə İsrail hərbi təyyarələrinin hədəfinə tuş gələcəyindən ehtiyat edir. Axı, son bir ildə İsrail qaçqın düşərgələrinə, məktəblərə, xəstəxanalara zərbələr endirib.

İsrail isə Qəzzada "terror" infrastrukturu və binaları hədəfə aldığını deyir, HƏMAS-ı dinc sakinlərdən insan qalxanı kimi istifadədə suçlayır.

"Övladlarıma, qohumlarıma, özümə böyük təhlükə var. Qohumlarım pərən-pərən düşüb. Heç bir yerə yığışıb görüşə də bilmirik", – Nasir söyləyib.

O, tək deyil.

Daha təhlükəsiz yer varmı...

Qəzza şəhərindən mühəndis Hakim də məcburi köçkündür.

"Tək dərdimiz sığınmağa təhlükəsiz yer tapmaqdır. Daha təhlükəsiz yer haradadır? Haradan su tapa bilərik? Görün, həyatımız nəyə çevrilib", – 41 yaşlı Hakim AzadlıqRadiosuna danışıb.

İsrailin Qəzzada apardığı müharibənin sonu görünmür. Döyüşlərdə azı 346 əsgər həlak olub. HƏMAS hərbi baxımdan zəiflədilsə də, hələ də zolaqdan İsrailə raket atır.

İsrail son həftələr müharibəni genişləndirib, Livana girib, Livanın cənubuna nəzarət edən silahlı qruplaşma və siyasi partiya olan "Hizbullah"a havadan zərbələr endirib.

Ancaq regionda zorakılığın qızışmasına baxmayaraq, Hakim bir gün Qəzza şəhərindəki evinə qayıdacağına ümid edir.

"Həyatımızı yenidən qurmağın, şimala qayıtmağın, 7 oktyabrdan öncəki həyatı yaşamağı xəyal edirik", – dörd uşaq atası deyib.

Bu yazını AzadlıqRadiosunun müxbiri İliya Cazaerinin informasiyası əsasında AzadlıqRadiosunun əməkdaşı Kian Şərifi qələmə alıb.

XS
SM
MD
LG