26-yaşlı Elşad Zülfüqarlı 44 günlük müharibədə iştirak edib, "Suqovuşanın azad edilməsinə görə" medalı ilə təltif olunub. Hazırda isə narkotik ittihamıyla həbsdədir. Ancaq özü CM-in 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə ona verilən ittihamı qəbul etmir. Deyir ki, cinayət işində bəhs olunan narkotiki polislər özləri qoyub, sonra da tapılmış kimi rəsmiləşdiriblər.
Cinayət işinin materiallarında iddia olunur ki, Zülfüqarlı saxlanılanda üstündən 4.2 qram, evindən isə 204 qram narkotik tapılıb. Onun istintaqdakı ifadəsində yazılıb ki, o, üstündən çıxan narkotiki 500 manata İran vətəndaşından öz istifadəsi üçün alıb. Polislər soruşanda ki, üstündəki narkotikin miqdarı azdır, 500 manatlıq deyil, qalanının da evdə olduğunu deyib.
Ancaq Zülfüqarlı deyir ki, bu ifadədə deyilənlər yalandır və onu təzyiq altında verib. Əslində isə narkotikin ona heç bir aidiyyəti yoxdur.
Narkotik istifadəçisi olduğunu danmır, amma...
Zülfüqarlı narkotik istifadəçisi olduğunu etiraf edir. Deyir ki, müharibə dövründə narkotikdən "qorxmamaq, yatmamaq, yorğun olmamaq" üçün istifadə etməyə başlayıb. Onun sözlərinə görə, cinayət işinin materiallarında küçədə saxlandığı göstərilsə də, yalandır, onu evində yatdığı yerdən götürüb Qaradağ rayonu, 11-ci polis bölməsinə aparıblar.
"İşdən gecə növbəsindən gəlib yatmışdım. Səsə oyananda gördüm ki, anam polislərlə mübahisə edir. Yatdığım yerdən, mayka-şortikdə məni götürüb apardılar. 11-ci bölmədə məni butulka göstərib hədələdilər: ya narkotiki boynuma götürməliyəm, ya da zorlanacağam. Mən də məcburən narkotiki seçdim...", – Zülfüqarlının sözləridir.
O bildirib ki, alt geyimlərində üşüdüyünə görə polislər evlərinə gedib, onun üçün paltar gətiriblər. Dediyinə görə, bir neçə saat sonra videoçəkiliş zamanı nə danışacaqlarını öyrədib, onu evlərinə aparıblar. Evə baxış zamanı anasıyla polislər arasında dava düşüb: "Polislər özlərinin yerləşdirdiyi narkotiki özləri götürüb, videoçəkiliş apardılar".
Polislərdən DİN-ə şikayət edib
Anası da məhkəmədə dindirilərkən Zülfüqarlının dediklərini təsdiqləyib. O, oğlunun yataqdan şort-maykada aparıldığını bildirib. Əlavə edib ki, oğluna sonradan göndərdiyi paltarların cibində də narkotik olmayıb.
Polislər nə birinci, nə də ikinci dəfə evə gələndə vəkil olmadığını deyən qadın hadisədən dərhal sonra polislərin hərəkətlərindən Daxili İşlər Nazirliyinin "102" xidmətinə şikayət edib.
Məhkəmədə dindirilən polislər isə Zülfüqarlının narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması haqda əməliyyat məlumatı aldıqlarını və bunun əsasında onu saxladıqlarını məhkəmədə bildirib. Onlar deyir ki, evə baxış zamanı çarpayıdakı döşəyin altından heroini özü çıxarıb polislərə təqdim edib.
Bu cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Məhkəmə Zülfüqarlının dediklərini özünümüdafiə kimi qiymətləndirib və iyunun 3-də onun 6 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb.