Keçid linkləri

2024, 30 Oktyabr, çərşənbə, Bakı vaxtı 05:32

AXCP üzvünün maddəsi ağırlaşdırılıb. '...bəlkə əvvəldən ağacdan yıxılıb?'


Razi Alışov
Razi Alışov

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Gəncə təşkilatının həbsdə olan sədr müavini Razi Alışova verilən ittiham maddəsi ağırlaşdırılıb. Bu, iyunun 2-də Gəncə Apellyasiya Məhkəməsində məlum olub. Bu məhkəmədə Alışov haqqında həbs qərarından verilmiş apellyasiya şikayətinə baxılıb. Teyyub Muxtarovun sədrlik etdiyi hakimlər kollegiyası şikayəti təmin etməyib, həbs qərarını qüvvədə saxlayıb.

Məlum olub ki, AXCP fəalına qarşı həbs olunduğu ilk günlərdə CM-in 234.2 (satış məqsədilə narkotik maddə əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülmüşdü. Bu maddədə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. İndi isə ittiham CM-in 234.4.1 və 234.4.3 (satış məqsədilə bir qrup şəxs tərəfindən külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddələrinə tövsif olunub. Bu maddələrdə isə 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Xəsarət izləri

Alışovun üzərində aşkar görünən xəsarət izləri olub. O, polis idarəsində işgəncəyə məruz qaldığını, vurulan zərbələrdən sol qulağının yaxşı eşitmədiyini deyib.

Narkotik ittihamını rədd edən Alışov bildirib ki, bu ittihamın ona heç bir aidiyyəti yoxdur.

"Məhkəmənin qarşısında olan AXCP üzvləri müstəntiqdən Razi Alışova niyə işgəncə verildiyini, üzərindəki xəsarət izlərini soruşublar. Müstəntiq deyib ki, "ona işgəncə verilməyib, bəlkə əvvəldən ağacdan yıxılıb, nə bilək?". Razi Alışovun işini aparan müstəntiq də bir müddət əvvəl Gəncədə Facebook statuslarına görə narkotiklə şərlənən AXCP fəalı Şahin Hacıyevin işini aparan müstəntiqdir – Şahəddin Məmmədov", - AXCP-dən AzadlıqRadiosuna bildirilib.

Alışov mayın 28-də günorta saatlarında Gəncədə AXCP üzvləriylə birlikdə Məhəmməd Əmin Rəsulzadənin heykəlini ziyarət etdikdən və bu barədə Facebook hesabından paylaşımından az sonra saxlanılıb.

DİN təkzib edib

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə AXCP fəalının şərlənərək həbs olunması haqda deyilənlərin əsassız olduğunu bildirib: "Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində hər gün onlarla şəxs saxlanılaraq barələrində müvafiq tədbirlər görülür. Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər siyasi baxışlarına və cəmiyyətdə tutduqları mövqelərinə görə deyil, törətdikləri konkret əmələ görə məsuliyyətə cəlb olunurlar. Gəncə şəhər sakini Razi Alışov da şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində narkotik vasitə olan metamfetamini satarkən tutulub".

Azərbaycanda siyasi fəallar, əsasən, narkotiklə bağlı maddələrlə ittiham olunurlar. Amma rəsmilər ölkədə siyasi baxışlarına görə heç kimin təqib edilmədiyini deyirlər.

XS
SM
MD
LG