Keçid linkləri

2024, 30 Oktyabr, çərşənbə, Bakı vaxtı 09:33

Narkotiklərlə bağlı qanunvericilikdə nə dəyişir


'Patı' istifadəçisi: 'Elə bil, səni diri-diri qəbirə qoyurlar'
Gözlə

No media source currently available

0:00 0:04:47 0:00

'Patı' istifadəçisi: 'Elə bil, səni diri-diri qəbirə qoyurlar'

Azərbaycanda narkotik istifadəçilərinin də, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsiylə məşğul olanların da sayı sürətlə artmaqdadır. Bunu rəsmi statistikaya əsasən demək olar.

2019-cu ildə rəsmi qeydiyyatda olan narkotik istifadəçilərinin ümumi sayı 32 min 921 nəfər idisə, 2021-ci ildə bu rəqəm 34 min 602 nəfər olub. Hərçənd, mütəxəssislər deyir ki, ölkədəki narkotik istifadəçilərin sayı ilə bağlı real durumu bilmək üçün qeydiyyatda olanların sayını azı 10-15-ə vurmaq lazımdır.

Cinayət törədənlərin sayı artır

Dövlət Statistika Komitəsi 2021-ci ilin nəticələrinə aid göstəriciləri hələ ki, açıqlamayıb. 2020-ci və ondan əvvəlki illərin statistik rəqəmlərinin təhlili göstərir ki, narkotiklərin qanunsuz dövriyyəsiylə bağlı cinayət törədənlərin sayı da getdikcə artır. 2018-ci ildə bu rəqəm 2 min 492, 2019-cu ildə 3 min 464, 2020-ci ildə isə 4 min 233 olub.

2021-ci ilin statistikasında bu göstəricinin kəskin artacağı gözlənilir. Çünki 2021-ci ilin yaz aylarında sosial mediada narkotik istifadəçilərinin sayının çoxalması, polislərin problemə biganə yanaşması və s. haqda tənqidi paylaşımlardan sonra bu istiqamətdə həbslər də artdı.

Daxili İşlər Nazirliyi narkotik satışıyla məşğul olan şəxslərin tutulması haqda mütəmadi məlumatlar yayır, müxtəlif media orqanlarında saxlanılanların foto və videogörüntüləri yayımlanır.

Keçmiş məhbus Paşa Umudov narkotik maddənin necə cibinə qoyulmasından danışır
Gözlə

No media source currently available

0:00 0:01:47 0:00

Cinayət işlərinin 80 faizi

Ağır cinayətlər kateqoriyasına aid cinayət işləri üzrə məhkəmələrdən birindən AzadlıqRadiosuna verilən məlumatda bildirilir ki, son bir il ərzində məhkəməyə daxil olan cinayət işlərinin təxminən 80 faizi narkotik maddələrin qanunsuz dövriyyəsiylə bağlıdır: "Aralarında kiloqramlarla narkotik maddə satışıyla məşğul olanlar da var. Amma bir çoxu da özü narkotik istifadəçisi olan şəxslərdir. Eləsi var, üzərində bir neçə qram narkotik maddə tapılıb, satış ittihamıyla rəsmiləşdiriblər".

Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarıyla bağlı siyahını prezident 2005-ci ildə təsdiqləyib. Həmin siyahıya əsasən, məsələn, metamfetamin (patı), heroin 2 qramdan, tiryək 50 qramdan, həşiş 100 qramdan artıq olduqda "külli miqdar" sayılır. Başqa sözlə, 3 qramlıq heroinlə 3 kiloqramlıq heroin arasında fərq yox idi – hər ikisi külli miqdarda narkotik maddədir.

"Şəxsi istehlak miqdarı" "az miqdarda" oldu

Bugünlərdə narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsiylə bağlı qanunvericiliyə bir sıra dəyişikliklər edildi. Şəxsi istehlak miqdarında qanunsuz narkotik vasitə əldə etmə, saxlamaya görə Azərbaycanda inzibati cəza nəzərdə tutulub. Söhbət İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsindən gedir. Dəyişiklikdən sonra bu maddədə "şəxsi istehlak miqdarında" ifadəsi "az miqdarda" ifadəsi ilə əvəzlənib. Şəxsi istehlak miqdarının hər maddə üzrə nə qədər müəyyənləşdirildiyi isə təsdiqlənmiş siyahıda əksini tapıb.

Narkomaniyadan müalicə olunan qızlar: 'Bircə dəfə dadına baxmaq istəyirdim'
Gözlə

No media source currently available

0:00 0:04:18 0:00

Cinayət Məcəlləsində narkotik vasitələrin qanunsuz dövriyyəsindən bəhs edən 234-cü maddəyə də xeyli dəyişiklik edilib. CM-in 234.1 maddəsində satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq narkotik daşınması, saxlanması və s. görə məsuliyyət nəzərdə tutulub. Bu maddədə başqa alternativlərlə yanaşı, ən ağır cəza 3 ilə qədər azadlıqdan məhrumetmə idi. Dəyişiklikdən sonra bu maddədəki "şəxsi istehlak miqdarından artıq" ifadəsi "xeyli miqdarda" ifadəsiylə əvəzlənib. Cəza isə olduğu kimi qalır.

Satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, saxlama ilə bağlı bir əlavə də olunub və yeni 234.1-1 maddəsi yaranıb. Bu maddədə 3 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası müəyyənləşdirilib.

Xüsusilə külli miqdara görə 15 ilədək həbs

Dəyişiklikdən sonra qanunvericilikdə artıq külli miqdarla yanaşı, həm də xüsusilə külli miqdar bir-birindən fərqləndirilir. Yəni, artıq 3 qram heroinlə 3 kiloqrama eyni cür yanaşılmayacaq.

Əvvəl satış məqsədilə külli miqdarda narkotik maddə satışına görə məsuliyyət yalnız CM-in 234.4.3 maddəsində müəyyənləşdirilmişdi – 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası. Dəyişiklikdən sonra qanuna 234.4-1 maddəsi əlavə olunur və orada yazılır ki, "bu əməllər xüsusilə külli miqdarda törədildikdə...". Satış məqsədilə xüsusilə külli miqdarda narkotik əldə etmə, saxlamaya görə isə 8 ildən 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası müəyyənləşdirilib.

Hüquqşünas: 'Hamı gözəl bilir ki, həyətdə narkotiki kim satır...'
Gözlə

No media source currently available

0:00 0:03:48 0:00

Son dövrlərdə internet, sosial şəbəkələr üzərindən narkotiklərin satışı da populyarlaşıb. Dəyişikliklər zamanı bu məsələ də nəzərə alınıb və Cinayət Məcəlləsinə bu məzmunda 234.4.4 maddəsi əlavə olunub: "kütləvi informasiya vasitələrindən, o cümlədən internet informasiya ehtiyatlarından və ya informasiya-telekommunikasiya şəbəkələrindən istifadə etməklə törədildikdə". Bu maddə üzrə də 3-8 il həbs nəzərdə tutulur.

Miqdar bəlli deyil

Qanuna dəyişiklik edilsə də, narkotik vasitə və psixotrop maddələrin miqdarıyla bağlı yeni siyahı hələ hazırlanmayıb. Ona görə də hansı miqdardan sonra külli miqdar, nə zaman xüsusilə külli miqdar hesab edildiyi hələ ki, məlum deyil.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, yeni siyahıda külli miqdarın çəkisi əvvəlkindən fərqlənəcək.

"Hazırda həbsdə olanların böyük əksəriyyəti heroin, metamfetamin əldə etmə, saxlamaya görə cinayət məsuliyyətinə cəlb edilənlərdir. Bunlarda da 2 qramdan yuxarı külli miqdar sayılır. Həbs olunanların hamısına Cinayət Məcəlləsinin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik maddə əldə etmə, daşıma, saxlama) maddəsi verilib, məhkəmələr də çox cüzi istisnalarla ittihamı təsdiqləyib, hökm çıxarıb. Nəticədə cəzaçəkmə müəssisələri bu maddə ilə cəza çəkənlərlə doludur. Hakimlər özləri də təklif ediblər ki, çəkidə dəyişiklik edilsin", – mənbə bildirib.

Qanuna dəyişiklik siyahı müəyyənləşdiriləndən sonra qüvvəyə minəcək.

XS
SM
MD
LG