"Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin (ASC) İdarə Heyətinin keçmiş sədri Vidadi Muradov həbsdən buraxılıb.
Bu barədə yayılan məlumatları bu gün, noyabrın 1-də Penitensiar Xidmətdən "Turan"a da təsdiq ediblər.
Yerli saytlarda yayılan məlumatlarda qeyd edilir ki, V.Muradov xəstəliyi ilə bağlı müalicə aldığına görə Bakı Ağır Cinayətlər Məhkəməsi barəsində həbs-qətimkan tədbirini dəyişdirib.
Bu işlə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsi ilə, hələlik, danışmaq mümkün olmayıb.
V.Muradov bu ilin əvvəlində həbs edilərək işdən çıxarılıb. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 213.3 (vergiləri ödəməkdən yayınma), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham edilir.
Baş Prokurorluq bildirib ki, istintaq zamanı V.Muradov və onun ailə üzvlərinin adlarına olan, ümumi dəyəri 30 milyon 587 min manat təşkil edən yaşayış, qeyri-yaşayış sahələri, "Azər-İlmə" MMC-nin səhm paylarının, aktivlərinin üzərinə məhkəmə qərarı ilə həbs qoyulub.
İttihama, hələlik, V.Muradov, onun ailə üzvləri və vəkilindən ayrıca münasibət almaq mümkün olmayıb.
Xatırlatma
V.Muradov prezidentin 2016-ci il iyunun 10-da imzaladığı sərəncamı ilə "Azərxalça" ASC-nin İdarə Heyətinin sədri təyin olunmuşdu. "Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi" (2014) fəxri adı, "Şöhrət" ordeni (2016) və "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı (2019) ilə təltif edilib.
"Azərxalça" ASC 2016-cı ilin mayında prezident İlham Əliyevin sərəncamı ilə yaradılıb. Cəmiyyətin əsas vəzifəsi xalça istehsalı, ixracı, onların ölkə daxilində, xaricdə satışının təşkili, yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadədir.