Qiymət artsa da, hasilat azalır
Maliyyə Nazirliyi 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında büdcə siyasəti ilə bağlı əsas çağırışlara ayrıca bölmə ayırıb. Qurumun fikrincə, Azərbaycanda büdcə siyasəti ilə bağlı əsas təhlükəli məqamlardan biri neft gəlirlərinin azalma ehtimalıdır. Son illər neft-qaz sektorunun ÜDM-dəki payı nisbətən azalsa da, büdcə gəlirlərinin və ixracın əsas hissəsi hələ də məhz təbii resurslardır. Məsələn, elə ötən ilin iqtisadi göstəricilərinə baxanda görünür ki, Azərbaycanda ümumi daxili məhsulun 30 faizi, büdcə gəlirlərinin 57 faizi, ixracınsa 90 faizə yaxını birbaşa neft-qaz sektoru hesabına formalaşır. Bu il ÜDM-in 33 faizinin, büdcə gəlirlərininsə 54.1 faizinin həmin gəlirlərdən formalaşacağı proqnozlaşdırılır.
Azərbaycan Respublikasının gələnilki büdcəsinin ilkin göstəricilərində neftin bir barelinin 45 dollardan hesablanması nəzərdə tutulur. Beynəlxalq reytinq agentliklərinin növbəti illərdə neft qiymətləri bağlı proqnozu bu rəqəmdən aşağı deyil. Ancaq nəzərə almaq lazımdır ki, enerji bazarlarında nisbi qiymət artımı qeydə alınsa da, Azərbaycanda istismar olunan neft yataqlarındakı ehtiyatlar tədricən tükənir və hasilat azalır. BP-nin dünya energetikasına dair statistik toplusuna görə, 2010-cu ildə Azərbaycanda neft hasilatının həcmi 51.3 milyon ton olub. Bu göstərici 2014-cü ildə 42.5 milyon tona, 2019-cu ildə 38 milyon tona enib. Ötən il ölkədə 35 milyon ton neft çıxarılıb. Bu göstərici o deməkdir ki, son 10 il boyunca Azərbaycanda neft hasilatı 30 faizə yaxın azalıb.
Alıcıların tələbi də azalacaq
Yaxın gələcəkdə neft gəlirlərinin azalmasını şərtləndirən digər bir amil Azərbaycan neftinin əsas alıcılarının enerji strukturunda gözlənilən dəyişikliklərlə bağlıdır. Azərbaycan neft və qaz məhsullarının əsas alıcıları Avropa ölkələridir. Bu ilin yeddi ayının yekunlarına görə, Azərbaycan neft satışından əldə etdiyi vəsaitin yarısına yaxınını təkcə İtaliyadan qazanıb. Bütövlükdə Azərbaycanın ən çox neft və neft məhsulları satdığı ilk 10 ölkədən beşi Avropa ölkəsidir. Dünyanın inkişaf etmiş iqtisadiyyatı olan digər ölkələri kimi, Avropa regionunun enerji strukturunda da yaxın illərdə dəyişikliklər gözlənilir. Belə ki, iqlim dəyişiklikləri ilə mübarizə tədbirləri çərçivəsində imzalanan Paris Sazişinin şərtlərinə görə, Avropa İttifaqı 2030-cu ilədək istixana qazı tullantılarını 1990-cı illə müqayisədə, ən azı, 40 faiz azaltmalıdır. Növbəti 20 il ərzində, yəni 2050-ci ilədəksə sıfır tullantıya keçidə nail olmalıdır. Bu hədəflərə yetişmək baxımından düşünülən əsas dəyişikliklərdən biri bərpa olunan enerji mənbələrinin payını artırmaqdır ki, bu amil qarşıdakı dövrdə həmin ölkələrin neftə olan tələbini azaldacaq. Hazırda dünyada alternativ enerji layihələrinə ən çox diqqət və yatırım ayıran regionlardan biri məhz Avropadır.
Bu baxımdan Maliyyə Nazirliyi də açıqlamasında qeyd edir ki, son illər neftdənkənar sektordan büdcə daxilolmalarının həcmi mütləq ifadədə artsa da, bu artım azalan neft gəlirlərinin əvəzlənməsini, hələ ki, təmin edə bilmir. Digər tərəfdən qeyri-neft kəsirinin maliyyələşdirilməsi üçün Dövlət Neft Fondundan dövlət büdcəsinə illik transfertin indiki səviyyədə saxlanılması neft gəlirlərinin və valyuta daxilolmalarının tədricən azalması fonunda Fondun aktivlərini sürətlə əridəcək və uzunmüddətli dövrdə makrofiskal dayanıqlığı və makroiqtisadi sabitliyi təmin etməyəcək.
Əməkhaqqı xərcləri dayanıqlı olmayan qaynaqlar hesabına qarşılanır
Maliyyə Nazirliyi büdcə ilə bir məqama da diqqət çəkir - əməkhaqqı və digər sosial xərclərə. Nazirliyin fikrincə, bu tip xərclərin artımı dayanıqlı gəlirlər hesabına gerçəkləşdirilmir. "Cari xərclərin, ələlxüsus da əməkhaqqı xərclərinin dayanıqlı olmayan mənbələr hesabına artımı və əmək məhsuldarlığı ilə uzlaşdırılmaması uzunmüddətli dövrdə makroiqtisadi və maliyyə dayanıqlığı üçün sınağa çevrilə bilər". Nazirliyin açıqlamasında belə deyilir.
Devalvasiyadan öncə büdcədə ən çox vəsait xərclənən istiqamətlərdən biri tikinti və investisiya layihələri ilə bağlı xərclər idi. Bu səbəbdən hökumət böhran illərində həmin xərcləri ixtisar edərək makroiqtisadi sabitliyə təsir edə bilirdi. Son bir neçə ildə isə büdcə xərcləri arasında əməkhaqqı, sosial müavinət və təqaüdlərin həcmi artıb. Konkret olaraq, devalvasiyadan sonra Azərbaycanda cari xərclərin həcmi 53 faiz, sosial xərclərsə 44 faiz artıb. Bu tip xərclərin ixtisar edilə bilməməsi böhran dövrlərində hökuməti daha çətin vəziyyətdə qoya bilər. Eyni zamanda o da qeyd edilməlidir ki, son illər, özəlliklə devalvasiyasonrası mərhələdə büdcə xərclərinin yetərincə artımı qeyri-neft sektorunun mütənasib səviyyədə artımı ilə müşayiət olunmayıb. Belə ki, 2019-cu ildə dövlət büdcəsi xərcləri 2017-ci illə müqayisədə təxminən 39 faiz, o cümlədən, əsaslı xərclər 1.8 dəfə artırılsa da, həmin dövrdə ÜDM-in orta illik real artımı 1.4 faiz, qeyri-neft ÜDM-in orta illik real artımı isə cəmi 2.9 faiz səviyyəsində olub.
Bu baxımdan, neft hasilatının və neftə olan tələbin azalması, eləcə də qeyri-neft gəlirlərində ciddi artımın olmaması və büdcədə ixtisarı mümkün olmayan sosial xərclərin artması yaxın gələcəkdə Azərbaycanda büdcə siyasətinə əsas təhlükələrdir.