Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 15:15

Alim Qasımovun kürəkəni polislərin onu döydüyünü deyir


Alim Qasımov və Fərqanə Qasımova
Alim Qasımov və Fərqanə Qasımova

Xalq artisti Alim Qasımovun evindən qızıl-zinət əşyalarını oğurlamaqda suçlanan kürəkəni Elnur Mövlanov polislərin onu döydüyünü deyir. O, avqustun 31-də öz məhkəməsində bu barədə danışıb.

42-yaşlı Mövlanovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. O, CM-in 177.3.2 (külli miqdarda ziyan vurmaqla oğurluq) və 180.2.4 (insanların həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə soyğunçuluq) maddələri ilə ittiham olunur.

Kamera görüntülərinin çıxarılmasını istəyir

Mövlanov məhkəmədə bildirib ki, onu Nərimanov rayonu, 16-cı polis bölməsinin ərazisində tutublar. Amma cinayət işinin materiallarında onun saxlandığı yer haqda yalan yazılıb. İş materiallarına əsasən, onu Nəsimi rayonu, 21-ci polis bölməsinin ərazisində, elə bu bölmənin əməkdaşları tutub.

Məhkəmədə də 21-ci polis bölməsinin əməkdaşı Rüstəm Quliyev şahid kimi dindirilib. Onun sözlərinə görə, Mövlanov axtarışda idi. Onun tapılıb tutulması üçün əməliyyat keçirilib və saxlanılıb.

"Siz 21-ci bölmənin əməkdaşısınız. Məni 16-cı bölmənin ərazisində saxlamısınız...", - təqsirləndirilən şəxs polis əməkdaşının dediklərinə etiraz edib.

Mövlanov vurğulayıb ki, tutulan zaman döyülüb, üstündən axan qan saxlandığı yerə tökülüb. Həmin yerdə qan izləri uzun müddət qalıb. O, məhkəmədən xahiş edib ki, sözügedən ərazidəki kamera görüntüləri çıxarılsın, onlara baxış keçirilsin. O zaman dediklərinin doğru olduğu təsdiqlənəcək.

Polis inkar edir

Polis əməkdaşı Mövlanov saxlanılanda onun üzərində xəsarətlər olduğunu inkar etməyib. Amma vurğulayıb ki, xəsarətlər polis zorakılığı nəticəsində yaranmayıb: "Mən Elnurun özündən də soruşdum ki, sənə nə olub? Dedi ki, tutulmamışdan üç-dörd gün əvvəl qumar oynayıblar, həmin vaxt aralarında mübahisə olub. Mübahisə elədiyi adam külqabı ilə onun başına vurub. Elnur bunları deyəndə çəkmişəm, məndə görüntülər var".

Mövlanov onun dediklərini təkzib edib, polisin yalan danışdığını söyləyib. Onun sözlərinə görə, saxlanılarkən üstündə 2 min 600 dollar pul olub, onu da götürüblər.

Polis əməkdaşı dindirmə zamanı oğurlanan qızıl-zinət əşyalarının tapılmasından da danışıb. O iddia edib ki, Xalq artistinin evindən oğurlanan qızılların bir hissəsi narkotik alverçisinə satılıb: "Özü dedi ki, "bariqa"ya satmışam...".

Dindirmə zamanı o da məlum olub ki, oğurlanan qızıl-zinət əşyaları bir müddət İsmayıllı rayonunda gizlədilib.

Telefon danışığına məhdudiyyət

Mövlanovun şikayətlərindən biri də bu idi ki, saxlandığı istintaq təcridxanasında telefon danışıqlarına məhdudiyyət qoyulub. Onun sözlərinə görə, yalnız atası ilə telefonla danışmasına icazə verilir. O bu məhdudiyyətin aradan qaldırılmasını istəyib. Hakim Səbuhi Hüseynov həm bu məsələnin araşdırılacağını, həm də kamera görüntülərinə baxış keçiriləcəyini bildirib.

Elnur Mövlanov Əməkdar artist Fərqanə Qasımovanın həyat yoldaşıdır. Onların birgə nikahdan dörd övladı var. Cütlük bir müddət öncə ayrılsa da, boşanma rəsmiləşməyib. Onun ittiham olunduğu maddələrdə 10 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Xalq artistinin həyat yoldaşı Tamilla Aslanova bu cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb.

Fərqanə Qasımova Instagram hesabında həyat yoldaşının həbsi ilə bağlı xəbərlərə münasibət bildirərkən onun "geri dönüşü olmayan bir yol" tutduğunu, çox çalışsalar da, onu xilas edə bilmədiklərini vurğulayıb. O, baş verənləri özü və övladları üçün sınaq kimi qiymətləndirib və bu imtahandan ədəblə çıxacaqlarına inamını ifadə edib.

XS
SM
MD
LG