Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 16:15

MSK-nın 21 ildir dəyişməyən sədri...


Məzahir Pənahov
Məzahir Pənahov

Dünən, aprelin 27-də Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibi yenidən formalaşdırılıb. 2000-ci ildən bu qurumda sədr vəzifəsini tutan Məzahir Pənahov yenidən ona sədr seçilib. Yeni tərkibi də elə köhnə tərkibin üzvləri təşkil edib.

Bütün bunların fonunda yerli icra hakimiyyəti orqanlarının seçki prosesinə müdaxilə etməsi ilə də bağlı şikayətlər səslənməyə başlayıb. Bəzi ekspertlər və deputatlar hesab edir ki, icra hakimiyyətləri yerlərdə dairə seçki komissiyalarının formalaşmasına müdaxilə edir.

Hələ 2005-ci ildə prezident İlham Əliyev Azərbaycanda seçki praktikasının təkmilləşdirilməsinə dair sərəncam imzalayıb. Sərəncama əsasən, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri seçki prosesinə qanunazidd müdaxilə edərlərsə, Azərbaycan qanunvericiliyinə uyğun məsuliyyətə cəlb edilməlidirlər. Ölkə qanunvericiliyinə əsasən də, seçki prosesinə qanunsuz müdaxilə edən, yaxud seçicilərin, namizədlərin seçki hüquqlarını digər formada pozan şəxslər cinayət, mülki və ya inzibati məsuliyyətə cəlb edilə bilərlər.

MSK 2018-ci il prezident seçkisinin nəticələrini açıqlayır.
MSK 2018-ci il prezident seçkisinin nəticələrini açıqlayır.

"Azərbaycanda seçkilər azad və ədalətli keçirilir"

MSK-dan "Turan"a bildirilib ki, Azərbaycanda seçkilər azad və ədalətli keçirilir: "Seçkilərin yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün MSK, aidiyyəti dövlət qurumları tərəfindən Seçki Məcəlləsində nəzərdə tutulmuş vəzifə və səlahiyyətlərin icrasına xüsusi diqqətlə yanaşılır".

MSK-dən habelə vurğulanıb ki, seçkilərlə bağlı daxil olmuş müraciətlər vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması məqsədilə ətraflı və obyektiv araşdırıldıqdan sonra operativ şəkildə iclasa çıxarılır.

Qurumdan əlavə edildiyinə görə, daha sonra ərizəçilərin və digər maraqlı tərəflərin iştirakı ilə müzakirə edilir, müvafiq qərarlar qəbul olunur. MSK-dan xatırladılıb ki, elə son parlament seçkilərindən (2019) sonra daxil olan müraciətlərin tam, şəffaf, hərtərəfli araşdırılması nəticəsində Komissiyanın qərarı ilə dörd dairədə seçkilər etibarsız sayılıb: "Komissiya həmçinin, seçkilərin hazırlanması, keçirilməsi və nəticələrin müəyyən olunması zamanı fəaliyyətlərində yol verdikləri nöqsanlara görə 87 seçki məntəqəsi üzrə məntəqə seçki komissiyalarının buraxılmasına qərar verib".

Qurumdan vurğulanıb ki, bütövlükdə seçkilərdə seçicilər azad və maneəsiz şəkildə seçki məntəqələrinə gələrək öz iradələrini ifadə edir.

S.Rüstəmxanlı
S.Rüstəmxanlı

"...Təklif edirlər ki, adamı biz verək, ad sizin olsun"

Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı isə "Turan"a deyib ki, yerli icra hakimiyyətləri seçki komissiyalarının formalaşdırılmasına müdaxilə edir: "Məsələn, dairə seçki komissiyalarının yeddi üzvü var, onlardan biri Vətəndaş Həmrəyliyi Partiyasının, o biri digər müxalifət partiyasının üzvüdür. İcra hakimiyyətindən isə təklif edirlər ki, adamı biz verək, ad sizin olsun. Niyə? Dairə seçki komissiyasının katiblərinin seçilməsində deyirlər ki, bu partiya olmaz, bu partiya olar. Bu isə qanunu pozmaqdır".

Deputat qeyd edib ki, hər rayonda dairə seçki komissiyası birbaşa Mərkəzi Seçki Komissiyasına bağlıdırsa, dolayı yolla icra hakimiyyəti ilə də əlaqəsi var: "İcra hakimiyyəti mümkün qədər çalışır ki, onun sözü keçsin, təsiri olsun, öz istəyinə uyğun təsir göstərməyə çalışır".

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli də AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda seçkilərə müdaxilə var: "Fərq etmir, bu, yerli və ya mərkəz icra hakimiyyətlər tərəfindən edilir. Amma bu, var".

""Bitərəf" deyəndə kimlər nəzərdə tutulur?"

O qeyd edib ki, seçki komissiyalarının tərkibi ilə bağlı yerli və beynəlxalq ekspert qrupların, bəzi siyasi partiyaların narazı qaldığı iki məqam var: "Seçki komissiyalarının formalaşmasında siyasi tərəflərin pariteti əsasında təmsilçiliyi olmalıdır, amma bu prinsip pozulur".

A.Məmmədli
A.Məmmədli

Ekspert deyir ki, Azərbaycanda qüvvədə olan Seçki Məcəlləsi siyasi qüvvələrin paritet əsasda təmsilçiliyi üçün səhvdir: "Yazılıb ki, komissiyaların üçdə biri parlamentdə çoxluğu təşkil edən partiyanın, üçdə biri parlamentdə təmsil olunan müxalifət partiyalarının nümayəndələri, üçdə biri isə bitərəflərdir. Amma "bitərəf" deyəndə kimlər nəzərdə tutulur?".

O hesab edir ki, əgər söhbət seçki komissiyalarının siyasi qüvvələrin iştirakı ilə formalaşması prinsipindən gedirsə, deməli, onların tərkibində bitərəflərin olması öz mahiyyətini itirir: "Yaxşı olardı ki, komissiyalar siyasi qüvvələrin nümayəndələrindən paritet, bərabər əsaslarla formalaşsın".

"Burada mərkəzdən tapşırıq var"

A.Məmmədlinin sözlərinə görə, seçki komissiyalarının formalaşması prosesində bitərəflərin və parlamentdə azlıq təşkil edən partiyaların adından regionlarda məntəqələrə, dairələrə hökumətə yaxın adamları daxil edirlər: "Faktiki olaraq, bu proses yerli icra hakimiyyətinin nəzarətində olur. Amma mən düşünmürəm ki, yerli icra hakimiyyətləri orqanları bunu təkbaşına və özbaşına edirlər. Mərkəzdən tapşırıq olmasa, bunu kim edə bilər? Ölkədə 125 dairə və 5 min 600-a yaxın seçki məntəqəsi, onların da komissiyaları var. Bunların formalaşması tək icra başçısının işi deyil. Burada mərkəzdən tapşırıq var və komissiyaların tərkibinə elə adamları daxil edirlər ki, seçkilər "rahat" keçsin".

Bu fikirlərə rayon icra hakimiyyətlərindən, hələlik, münasibət almaq mümkün olmayıb. Amma onlar, bir qayda olaraq, seçki prosesinə qanunsuz müdaxilə etmələrinə dair şikayətləri əsassız sayırlar.

Mərkəzi icra aparatı təmsilçiləri də dəfələrlə bəyan ediblər ki, Azərbaycanda seçkilər xalqın iradəsini ifadə edir.

XS
SM
MD
LG