44 günlük İkinci Qarabağ müharibəsində yaralanan Nardaran sakini Hüseyn Xəlilov vəfat edib. Aprelin 26-da Nardaran qəsəbəsində onun dəfni zamanı yerli sakinlərlə polislər arasında insident yaşandığı, 20-dən artıq qəsəbə sakininin saxlandığı bildirilir.
"Dərhal hücum elədilər camaata"
Adının çəkilməsini istəməyən Nardaran sakininin AzadlıqRadiosuna bildirdiyinə görə, səhər saatlarından qəsəbəyə çoxlu sayda polis qüvvələri gətirilib. Həm Xəlilovların yaşadığı evə, həm də qəbiristanlığa gedən yollar bağlanıb: "Şəhidin evinə gedənləri buraxmırdılar. Pirə - qəbiristanlığa gedən yolu da bağlamışdılar. Qadınlar keçmək istəyəndə polislər onlara qarşı zorakılıq elədilər. Bu da ətrafdakılara pis təsir elədi. Onlar təkbir deməyə, salavat çevirməyə başladılar. Dərhal hücum elədilər camaata, nə qədər adamı döydülər, 20-dən çox kənd sakinini də maşına basıb apardılar".
Saxlanılanların Sabunçu rayonu, 42-ci polis bölməsinə aparıldığı, onların arasında iki qadının da olduğu bildirilir.
AzadlıqRadiosuna məlumat verən mənbənin sözlərinə görə, Hüseyn Xəlilovun dəfnindən sonra onun atası Rasim Xəlilov bölmənin qarşısına gedərək saxlanılanların buraxılmasını tələb edib.
DİN karantin qaydalarının pozulduğunu bildirir
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna bildirilib ki, Nardaran sakinlərinin dəfndə iştirak etmək cəhdi xüsusi karantin rejimi qaydalarına zidd olub. Buna görə də həmin şəxslər saxlanılıb: "Onlarla izahedici söhbətlər aparılıb. Hamısına xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar. Dəfndə saxlanılan və ya həbs edilən olmayıb. Heç bir insident və qarşıdurma halı da qeydə alınmayıb".
Hüseyn Xəlilov 2020-ci ilin noyabrında Şuşa uğrunda döyüşlərdə yaralanıb. O, 6 aya yaxın Mərkəzi Hərbi Hospitalda komada olub.
Azərbaycan ötən il 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti geri ala bildi. Amma qoşunların təmas xəttinə Rusiya sülhməramlıları yerləşdirildi, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin üçdə ikisi separatçıların və Rusiya hərbçilərinin nəzarətində qaldı.
Müharibədə Azərbaycan tərəfdən 2 min 900-ə yaxın hərbçinin həlak olduğu açıqlanıb.