Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 16:20

Avropa Məhkəməsindən keçmiş deputatın aclığına görə hökumətə sorğu


H.Abdullayev
H.Abdullayev

Avropa İnsan Haqları Məhkəməsi həbsdə olan keçmiş deputat Hüseyn Abdullayevlə əlaqədar Azərbaycan hökumətinə sorğu göndərib. Məhkəmə hökumətdən keçmiş deputatın durumu və səhhəti ilə bağlı sualların qısa müddətdə cavablandırılmasını istəyib.

Abdullayev aprelin 12-də saxlandığı 10 saylı Cəzaçəkmə Müəssisəsində ölüm aclığına başladığını məktub vasitəsilə ictimaiyyətə açıqlamışdı. Bundan sonra vəkili Cavad Cavadov onun həkim nəzarətində saxlanması, mümkün təhlükənin qarşısının alınması üçün müxtəlif dövlət orqanlarına müraciət etmişdi. Vəkil Avropa Məhkəməsinə də Məhkəmənin Prosedur Qaydalarının 39-cu maddəsi əsasında təcili tədbir kimi şikayət göndərmişdi. Strasburqdan hökumətə sorğu da həmin şikayət əsasında gəlib.

Sabiq deputat vəkilinin təkidi ilə aprelin 17-də aclıq aksiyasını dayandırdığını açıqlayıb.

"Aprelin 22-də Hüseyn Abdullayevlə görüşdüm. Keçirdiyi quru aclıq dövründə həkim nəzarətinə götürülməməsi səhhətində ağır fəsadlar yaradıb. Hazırda da qanaxmalar baş verir. Həyat və sağlamlığına ciddi təhdid olduğu halda, hələ də xəstəxanaya köçürülməyib, tibb müəssisəsində zəruri müayinələr aparılmayıb", – Cavadov bildirib.

Vəkil Penitensiar Xidmətə müraciət edib ki, müvəkkili təcili xəstəxanaya yerləşdirilsin.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzadlıqRadiosuna bildirilib ki, məhkumların müayinə və müalicəsi Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin səlahiyyətindədir: "İstər Penitensiar Xidmət olaraq biz, istərsə də Tibb Baş İdarəsi məhkumların sağlamlığında maraqlıyıq. Məhkumun müalicə müəssisəsinə köçürülməsi həkim göstərişi əsasında həyata keçirilir".

Xatırlatma

Almaniyada sığınacaq almış Hüseyn Abdullayev 2018-ci ilin aprelində Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib. İttihamda yazılıb ki, onun barəsində müxtəlif adamların şikayətləri əsasında cinayət işi başlanıb.

Abdullayevə qarşı dələduzluq, vergidən yayınma və başqa ittihamlar irəli sürülüb. O, ittihamları rədd edir və onların qondarma olduğunu deyir.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə ona 6 il həbs cəzası kəsilib. Həmin hökmlə onun 70-yaşlı anası Zeynəb Abdullayeva da cəzalandırılıb. Özünün ölkədən çıxışına qadağa qoyulduğu halda, bacısının pasportu ilə xaricə gedib-gəldiyi iddia olunan Abdullayeva sərhədi qanunsuz keçməkdə təqsirli bilinərək 4 min manat cərimələnib.

2007-ci il martın 16-da hökumətin Milli Məclisdə hesabatı zamanı o zaman deputat olan Abdullayevlə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında qarşıdurma baş vermiş, hər iki deputat əlbəyaxa olmuşdu. Bu olaydan sonra Abdullayevin deputat mandatı əlindən alınmış və ardınca o, həbs olunmuşdu. Ancaq elə həmin il məhkəmə qərarı ilə 2 il şərti cəza alan keçmiş deputat azadlığa çıxmışdı. O, 2010-cu il parlament seçkilərinə qatılsa da, namizədliyi qeydə alınmamışdı. Bundan sonra Almaniyaya gedən keçmiş deputat sığınacaq aldığını açıqlamışdı.

Həm də musiqi bəstələyən Abdullayevin 2013-cü ildə "Susma" adlı marşı sosial şəbəkələrdə geniş yayılandan sonra ona və ailəsinə təzyiqlərin olduğu iddia edilmişdi.

XS
SM
MD
LG