Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 16:33

Türkan işi: 'O maşın polislərin nəzarətində olub'


Ahıl qadınlar Xəzər rayon Prokurorluğunun qarşısında
Ahıl qadınlar Xəzər rayon Prokurorluğunun qarşısında

Türkanda adlarına saxta ölüm şəhadətnaməsi alınıb torpaqlarının zəbt olunduğunu deyən ahıl qadınlar bu dəfə Xəzər rayon Prokurorluğunun qarşısında etiraz aksiyası keçiriblər. Onlar qəsəbə sakini Natiq Məhəmmədsoyun həbsdən buraxılmasını tələb ediblər.

Aprelin 22-də Xəzər rayon Məhkəməsində 55-yaşlı Məhəmmədsoyun ev dustaqlığına buraxılması üçün vəkilinin verdiyi vəsatətə baxılıb. Məhkəməyə onun özünü də gətiriblər.

Sifarişlə həbs olunduğunu deyir

Məhəmmədsoyun anası Tamara Süleymanova AzadlıqRadiosuna bildirib ki, oğlu məhkəmədə sifarişlə həbs olunduğunu, əmlakları zəbt olunan qəsəbə sakinlərinə kömək etdiyinə görə cəzalandırıldığını deyib. O bildirib ki, maşınından və evindən tapıldığı iddia olunan silah və narkotiki ora polislərin özləri atıb.

Onun vəkili Cavad Cavadov isə müvəkkilinin həbsdə saxlanması üçün əsas olmadığını vurğulayıb. Vəkil Məhəmmədsoyun ya ev dustaqlığına, ya da girov müqabilində həbsdən buraxılmasını istəyib.

Xəzər rayon Prokurorluğunun nümayəndəsi və Xəzər rayon Polis İdarəsində bu işin istintaqını aparan müstəntiq isə vəsatətə qarşı çıxıb. Onlar Məhəmmədsoyun həbsdən buraxılmasına etiraz edib.

Hakim Tərlan Əkbərov vəsatəti təmin etməyib.

Ahıl qadınlar Xəzər rayon Prokurorluğunun qarşısında
Ahıl qadınlar Xəzər rayon Prokurorluğunun qarşısında

"O görüntülər bir aydan sonra silinir"

Vəkil Cavad Cavadov AzadlıqRadiosuna bildirib ki, Xəzər rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verəcək.

"İstintaq vəsatətlərimizi təmin etmir. Bizim əlimizdə konkret sübutlar var ki, Natiq Məhəmmədsoyun avtomobili xeyli vaxt polislərdə olub. Onu bir yerdə saxlayıb, polis maşınına mindiriblər. Onun maşınını isə polislər sürüb evinin yanına aparıb, axtarışı orada keçiriblər. Əlavə sübut olaraq "Təhlükəsiz şəhər" kameralarından görüntülərin alınmasını istəmişik. Eləməyiblər. O görüntülər bir aydan sonra silinir", – vəkil Cavadov belə deyir.

Məhkəmədən sonra Türkan sakinləri – 80-yaşlı Əzizəxanım Atayeva, 76-yaşlı Tamara Süleymanova və digərləri Xəzər rayon Prokurorluğuna gediblər. Onlar rayon prokuroru Fəxri Ələsgərovla görüş tələb etsələr də, qəbuluna düşə bilməyiblər. Bu isə ahıl qadınları daha da hiddətləndirib.

"Biz bu yaşımızda küçələrdə qalmışıq. Biz utanırıq, bunlar utanmırlar? Adımıza yalançı ölüm kağızı çıxarmaqları, torpaqlarımızın satılması bəs deyil, camaatın balasını da iki aydır tutub salıblar ora. İndi də deyirlər ki, guya Natiqi ekspertizadan keçiriblər, hələ cavab gəlməyib. Nə qədər yalan, nə qədər saxtakarlıq olar? Camaata zülm eləyirlər...", – Atayeva bildirib.

Xatırlatma

Atayeva və Şabanovanın hər birinin 25 sot torpaq sahəsini saxta sənədlərlə satmağa görə üç nəfər cinayət məsuliyyətinə cəlb edilib. Qadınlar uzun müddət müxtəlif dövlət orqanlarına şikayət etdikdən sonra cinayət işi başlanıb və üç nəfər məsuliyyətə cəlb olunub. Bunlar Xəzər rayon icra başçısının Türkan qəsəbəsi üzrə sabiq icra nümayəndəsi Rahil Babayev, qəsəbə sakini Çingiz Səfərov və Daşqın Nəsirovdur. Onlara qarşı CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 313 (vəzifə saxtakarlığı) və 320.2-(rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Babayev və Səfərov daha öncə həbs edilib, Nəsirov isə axtarışa verilib. O, 2020-ci ilin dekabrında saxlanılıb və barəsində həbs-qətimkan tədbiri seçilib.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, Nəsirov səhhətindəki problemlərə görə ev dustaqlığına buraxılıb. Amma zərərçəkmişlər bunu bəhanə sayır.

55-yaşlı Natiq Məhəmmədsoy isə CM-in 234.2 (satış məqsədilə narkotik əldə etmə, saxlama) və 228.1 (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur. Bu maddələrdə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG