Aprelin 19-dan 22-nə kimi keçiriləcək Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyasında Belarusda seçki islahatlarının da geniş müzakirə olunacağı gözlənilir. Lord Devid Blenkatrın hazırladığı məruzədə qeyd edilir ki, "Belarusda 2020-ci ilin avqustun 9-da baş tutan prezident seçkiləri azad, şəffaf keçirilmədi və ölkədə dərin böhran hökm sürür".
Bunun fonunda sosial şəbəkələrdə Azərbaycanda da seçki islahatların keçirilməsi zəruriliyi də müzakirə olunmağa başlanıb. Bəs görəsən Azərbaycanda seçki islahatlarına ehtiyac varmı?
Azərbaycanda son seçkilər 2020-ci ilin fevralın 9-da keçirilib. Bu, növbədənkənar parlament seçkiləri olub. Bu seçkilərdən sonra ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, ATƏT Parlament Assambleyasının və AŞPA-nın birgə Müşahidə missiyasının bəyanatında vurğulanırdı ki, məhdudlaşdırıcı qanunvericilik, siyasi mühit Azərbaycanda erkən parlament seçkilərində əsl rəqabətə mane olub.
"Azərbaycanda tam demokratik ab-hava mövcuddur"
Hərçənd, ölkə rəsmiləri fərqli düşünürlər. Prezident İlham Əliyev ötən ilin fevralın 11-də, seçkilərdən iki gün sonra bunları demişdi: "Əgər Azərbaycan xalqı bu seçkilərin keçirilməsindən narazı olsa, öz səsini ucaldardı. Azərbaycanda tam demokratik ab-hava mövcuddur. Seçki və seçkilərin keçirilməsi demokratiyanın təzahürlərindən biridir".
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı "Turan"a bildirib ki, Azərbaycanda seçki qanunvericiliyi kifayət qədər mükəmməldir və zaman-zaman təkmiləşərək müasir səviyyəyə qalxıb. Lakin deputatın fikrincə, bununla bərabər, praktika göstərir ki, cəmiyyət inkişaf etdikcə onun önə çəkdiyi məsələlərə adekvat addımlar, digər sahələrdəki kimi, seçki qanunvericiliyində də aparılmalıdır: "Məsələn, indiki seçki sistemində bələdiyyə və parlament seçkilərində partiyaların iştirakı üçün hədsiz dərəcədə sənədlərə ehtiyac var. Bu isə partiyalar üçün müəyyən dərəcədə çətinliklər yaradır. Mənə elə gəlir ki, bu, təzələşdirilməlidir".
"Qarışıq sistemin Azərbaycanda tətbiqi…"
O qeyd edib ki, son vaxtlar Azərbaycanda proporsional seçki sisteminin tətbiqinə də artıq diqqət yetirilir (Azərbaycanda parlament seçkiləri majoritar qaydada keçirilir. Namizədlər partiya siyahısından yox, fərdi verilir): "Bu məsələ cəmiyyətdə son vaxtlar müzakirəyə çıxarılıb. Məncə, təkcə proporsional deyil, qarışıq sistemin Azərbaycanda tətbiqi daha məqsədəuyğundur olardı".
F.Ağamalının sözlərinə görə, proporsional seçki sistemi ölkə prezidentinin bu gün aparmış olduğu islahatlarda xüsusi yer alan siyasi islahatlara adekvatdır: "Son parlament seçkilərindən sonra cənab prezident siyasi partiyaların siyasi proseslərdə yeri və rolunu artırmaq üçün yeni konfiqurasiyasının müəllifi kimi çıxış etdi. Təkcə Yeni Azərbaycan Partiyası deyil, parlamentdə təmsil olunan partiyalar parlamentin rəhbərliyində təmsil olundular. Bunun davamı olaraq proporsional sistemin majoritarla bərabər tətbiq olunması faydalı olardı və siyasi partiyaların yeni konfiqurasiyada yerini möhkəmləndirərdi".
Deputatların sayı…
Deputat vurğulayıb ki, bu gün Azərbaycan 1995-ci ildə olduğundan fərqli bir demoqrafik göstəricilərə malikdir (Azərbaycan təkrar müstəqillik əldə etdikdən 4 il sonra -1995-ci ildə ilk parlament seçkiləri keçirilib): "Buna görə də, ayrı-ayrı ekspertlər parlamentdə millət vəkillərinin sayının artırılmasını da önə çəkirlər. Mənə elə gəlir ki, buna da baxmaq olar. Bunun 150-175 civarında (hazırda 125 deputat yeri var) və yarısının proporsional, yarısının majoritar sistem ilə müəyyənləşməsi məqsədəuyğun olardı. Bu, Azərbaycan əhalisinin artımına adekvatdır".
F.Ağamalı bildirib ki, seçki sistemində müəyyən dəyişikliklər gözlənilir, lakin bu, Avropa Şurasında hansısa məsələnin qaldırılması ilə bağlı deyil: "Bu, cənab prezidentin apardığı son siyasi islahatların effektivliyini daha da gücləndirmək baxımından önə çəkilən məsələlərdən biridir. Biz yaxın gələcəkdə o məsələlər ətrafında yenidən fikir mübadiləsi aparacağıq. Ola bilsin ki, bu dəyişikliklər olacaq. Bəzi dəyişikliklər konstitusion dəyişikliklərdir - istər seçki sisteminin tətbiqi, istərsə də millət vəkillərinin sayının artırılması. Qalan təkmilləşmələr Milli Məclisin səlahiyyətləri çərçivəsindədir və orada ciddi problem yoxdur".
Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda seçki islahatları məsələsi ölkə Avropa Şurasına üzv kimi qəbul ediləndən, yəni 2001-ci ildən gündəmdədir: "Azərbaycan hazırda Avropa Şurasına üzv olarkən üzərinə götürdüyü öhdəliklərinin icrası ilə bağlı monitorinq altında olan ölkələr sırasındadır. Məhz bu səbəbdən də AŞPA-nın Azərbaycanla bağlı məruzəçiləri təyin olunur".
"Seçki Məcəlləsi təkmilləşməyib"
A.Məmmədli qeyd edib ki, Azərbaycanda Seçki Məsələsi 2003-cü ildə qəbul olunarkən Avropa Şurası Venesiya Komissiyasının rəyləri açıqlanıb: "Təəssüf ki, həmin rəylərin və ondan sonra – 2008 və 2010-cu illərdə olan bir neçə rəylərin, ortaya çıxmış tövsiyələrin icrası yönündə islahat baş verməyib. Yəni, Seçki Məcəlləsi təkmilləşməyib".
Ekspert vurğulayıb ki, seçki komissiyalarının paritet əsasda formalaşması ilə bağlı Avropa Şurası Venesiya Komissiyasının və AŞPA-nın tövsiyələri var: "İndiyə qədər bu məsələ də həllini tapmayıb. Yəni, hökumət seçki komissiyaları təşkil edəndə parlamentdə təmsil olunan partiyaların tərkibinə baxır, ancaq bu, ölkədəki əsl siyasi palitranı əks etdirmir. Həm yerli ekspertlər, həm Venesiya Komissiyası bu məsələdə hesab edir ki, faktiki olaraq hakim partiya bütün seçki institutunu öz nəzarətinə götürüb".
Azərbaycanda seçki komissiyaları üçdə bir əsasla formalaşır. Yerlərin üçdə biri hakim partiyanın, üçdə biri parlamentdəki azlıqların, qalan hissə isə parlamentdəki bitərəflərin payına düşür.
"Hakimiyyət buna laqeyd yanaşır"
A.Məmmədlinin fikrincə, vacib məsələlərdən biri də Avropa İnsan Haqları Məhkəməsinin qəbul etdiyi qərarların icrası ilə bağlıdır: "Bu sahədə ən ciddi iş Nemət Əliyevin Azərbaycana qarşı işidir. O işdə bir sıra tövsiyələr öz əksini tapmışdı və bunların sırasında şəffaflıq, seçki prosesinə kənardan müdaxilələrin qarşısının alınması məsələləridir ki, milli qanunvericilik bu tövsiyələri əsas götürməlidir. Amma bu yöndə dəyişikliklər yenə də baş verməyib".
Ekspert hesab edir ki, Avropa Şurasının Azərbaycanda seçki məsələsi ilə bağlı irəli sürdüyü xeyli sayda müddəalar var ki, hakimiyyət buna laqeyd yanaşır: "Bu baxımından, Belarus Avropa Şurasının üzvü olmadığı, Azərbaycan isə üzvü olduğu halda, Azərbaycan məsələsi baxılmalıdır. Seçkilərlə problemləri olan ölkələr mütləq Avropa Şurasının prioritetində olmalıdır".