Yeni Azərbaycan Partiyasının (YAP) Səbail təşkilatın keçmiş üzvü Elvar Xəlilov təzyiqlərə məruz qaldığını iddia edir. Hüquq üzrə fəlsəfə doktoru olan Xəlilov deyir ki, martın 29-da müxalifətin Milli Şurasının sədri Cəmil Həsənlinin ailə üzvlərinə qarşı mənəvi terrora etiraz olaraq hakim partiyadan istefa verdiyini və həmin şuraya qoşulduğunu açıqlayıb. Facebook hesabından bunu bəyan edəndən dərhal sonra təzyiqlərin, hədələrin başladığını deyir. Aprelin 13-də axşam saat 19.00 radələrində isə ona telefon vasitəsilə xəbər verilib ki, 2017-ci ildə barəsində başlanmış və sonradan xitam verilmiş cinayət işi üzrə icraat təzələnib, yaxın vaxtlarda Səbail rayon Polis İdarəsinə dindirməyə gəlməlidir.
"Məni cəzalandırmaq istəyirlər"
"Hətta evimdə axtarış aparılacağı haqda da məlumat aldım. Kitab almağa getmişdim, təcili evə getdim. Məlum oldu ki, axtarış məsələsi qaldı. Mənim heç yerə getmək fikrim yoxdur. Açıq-aşkar görünür ki, haqqın yanında olmaq yolunu tutduğuma görə məni cəzalandırmaq istəyirlər. 2017-ci ildə o işə xitam veriləndə Səbail rayonunun prokuroru Natiq Əsədov üzrxahlıq edib, şikayətçi olmamağımı, kompensasiya tələb etməməyimi istəmişdi", – Xəlilov AzadlıqRadiosuna bildirib.
Hüquqşünas 2017-ci il avqustun 20-də CM-nin 178-ci (dələduzluq) maddəsi ilə həbs olunub, sentyabrın ilk günlərində isə azadlığa buraxılıb, cinayət işinə xitam verilib. Xəlilov iddia edir ki, bu işdə zərərçəkmiş qismində tanınan qarşı tərəfin haqsız olduğu açıq-aşkar idi: "Söhbət 2015-2016-cı illərdə - Gürcüstanda konsaltinq sahəsində fəaliyyət göstərdiyim dövrdə olan iqtisadi mübahisədən gedirdi. Birincisi, orada baş verən hadisənin Bakıya aidiyyəti yoxdur. İkincisi, iqtisadi mübahisə idi. Ən əsası, qarşı tərəf haqsız idi. Müqavilə bağlamışdı, daha böyük qazanc əldə etmək istəmişdi. Hesablamamışdı ki, orada tenderlər şəffaf, qanun çərçivəsində keçirilir. Gəlib Bakıda məndən şikayətçi olmuşdu".
Müstəntiq ölkəni tərk edib
Xəlilov əlavə edib ki, Səbail rayon Polis İdarəsində onun işi üzrə istintaqı aparmış müstəntiqin özü haqqında sonradan Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində araşdırmalar başlayıb, o, ölkəni tərk edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev AzadlıqRadiosuna Elvar Xəlilovla bağlı istintaq hərəkətləri aparıldığını təsdiqləsə də, bu məsələnin onun siyasi baxışlarına aidiyyəti olmadığını vurğulayıb. Hacıyev bildirib ki, 2017-ci ildə onun ailəsi zərərçəkmiş tərəfə dəymiş ziyanı ödəmək öhdəliyi götürdüyünə görə cinayət işinə xitam verilib. Bu öhdəliyə əməl edilmədiyindən zərərçəkən yenidən şikayətçi olub.
Martın sonunda Milli Şura sədri Cəmil Həsənlinin qızının olduğu iddia edilən intim görüntülər yayılıb. Həsənli baş verənləri özünün siyasi fəaliyyəti ilə əlaqələndirib, birbaşa hakimiyyətin başında duranları buna görə ittiham edib.