Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 18:42

Türkan sakinləri aclığa başladıqlarını deyirlər


Natiq Məhəmmədsoyun həbs olunmasına etiraz edirlər
Natiq Məhəmmədsoyun həbs olunmasına etiraz edirlər

Türkan qəsəbəsinin bir qrup sakini, o cümlədən 91-yaşlı Xumara Şabanova, 81-yaşlı Əzizəxanım Atayeva və 80-yaşlı Tamara Süleymanova, onların övladları aclıq aksiyasına başladığını bəyan edib. Ahıl qadınlar adlarına saxta ölüm şəhadətnaməsi çıxarıb torpaqlarını satmaqda suçlananlardan birinin həbsdən buraxılmasına və onlara vəkil tapmaqda, dövlət orqanlarına şikayət etməkdə yardımçı olmuş Natiq Məhəmmədsoyun həbs olunmasına etiraz edirlər.

"Bizim Zeynəbimiz yoxdur"

"Mən bir ağbirçək kimi qonşumdan çox utanıram ki, mənim qabağıma düşüb köməklik elədiyinə görə onun oğlunu həbs elədilər. Belə Allahsızlıq olar?! Natiqin üç uşağı var, kim baxacaq onlara? Dünən axşam gəlib böyük oğlum Şahhüseyni aparıblar, sonra buraxıblar. Tələb edirlər ki, anan şikayətlərini dayandırsın. Niyə dayandırmalıyam?", – Atayeva AzadlıqRadiosuna bildirib.

Həbsdə olan Məhəmmədsoy Tamara Süleymanovanın oğludur. Anası deyir ki, oğluna görə onsuz da yemək yeyə bilmirdi. Aprelin 12-dən birmənalı şəkildə qidadan imtina edir: "Hansı ana buna dözər ki, onun oğlu günahsız olduğu halda, türmədə yatsın? Daşqını buraxırlar, mənim oğlumu tuturlar. Onların Zeynəbi var, bizim Zeynəbimiz yoxdur. Onların pulu var, bizim pulumuz yoxdur...".

Daşqın Nəsirov Atayeva və Şabanovanın ölmüş kimi rəsmiləşdirilib torpaqlarının satılmasında suçlanan üç nəfərdən biridir. Bir müddət öncə ev dustaqlığına buraxılan Nəsirov Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğludur. Xanlarova indiyədək bu məsələyə münasibət açıqlamayıb.

"Fəxri Ələsgərova söz deyə bilmirlər"

Aclıq edən ahıl qadınlar aprelin 12-də Baş Prokurorluğa gedərək narazılıqlarını çatdırıblar. Xumara Şabanovanın oğlu Dəyanət Şabanov AzadlıqRadiosuna bildirib ki, onları baş prokurorun müavini qəbul edib: "Bizə bildirildi ki, məsələ diqqətlə araşdırılacaq, nəzarətdə saxlanacaq. Keçən dəfə də belə demişdilər. Adam heç bir günahı olmadan niyə türmədə çürüməlidir? Ona görə aclığı dayandırmaq istəmirlər".

Atayeva da aclığı davam etdirməkdə israrlı olduğunu bildirib: "Mən onsuz da xəcalətimdən ölürəm. Elə acından ölərəm. Xəzər rayonunun prokuroru Fəxri Ələsgərova söz deyə bilmirlər, çünki (prezidentin köməkçisi, Prezident Administrasiyanın hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri) Fuad Ələsgərovun qardaşıdır. Ona görə bizim başımızın altına yastıq qoyurlar ki, sakitləşək".

Xatırlatma

Atayeva və Şabanovanın əmlakını saxta sənədlərlə satmağa görə üç nəfər cinayət məsuliyyətinə cəlb edilib. Bunlar Xəzər rayon icra başçısının Türkan qəsəbəsi üzrə sabiq icra nümayəndəsi Rahil Babayev, qəsəbə sakini Çingiz Səfərov və Daşqın Nəsirovdur. Onlara qarşı CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 313 (vəzifə saxtakarlığı) və 320.2-(rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Babayev və Səfərov daha öncə həbs edilib, Nəsirov isə axtarışa verilib. O, 2020-ci ilin dekabrında saxlanılıb və barəsində həbs-qətimkan tədbiri seçilib.

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, Nəsirov səhhətindəki problemlər əsasıyla ev dustaqlığına buraxılıb. Amma zərərçəkmişlər bunu bəhanə sayır.

55-yaşlı Natiq Məhəmmədsoy isə CM-in 234.2 (satış məqsədilə narkotik əldə etmə, saxlama) və 228.1 (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur. O isə iddia edir ki, evindən və maşınından tapıldığı iddia olunan narkotik və silahı ora polislər özləri qoyub. Səbəb isə qəsəbə sakinləri Şabanova və Atayevaya yardım etməsidir.

Qadınlar uzun müddət müxtəlif dövlət orqanlarına şikayət etdikdən sonra cinayət işi başlanıb və üç nəfər məsuliyyətə cəlb olunub.

XS
SM
MD
LG