Balakən rayonunun Meşəşambul kəndinin sakini Həcər Dibirova yaşadığı kəndin elektrik enerji sistemindəki qəza nəticəsində yarım milyon manata yaxın ziyana düşdüyünü deyir. O, 2020-ci il iyulun 13-də 14 mağaza və xidmət obyektindən (çörək sexi, avtoyuma məntəqəsi, bərbərxana və s.) ibarət əmlakının yanıb kül olmasının səbəblərinin araşdırılmaması, günahkarların müəyyənləşdirilib cəzalandırılmaması və ona dəymiş ziyanın ödənilməməsindən narazıdır.
Dibirova deyir ki, həmin gün elektrik enerji sistemində gərginliyin artması nəticəsində onunla yanaşı, kəndin bir çox sakinləri də ziyan çəkib. Müxtəlif evlərdə elektrik məişət avadanlıqları sıradan çıxıb. Kənd sakinləri həmin əşyaların (su nasosu, elektrik tənzimləyicisi, tozsoran, çılçıraq, quyu nasosu və s .) ekspertizadan keçirilməsi üçün mart ayında prokurorluğa göndəriblər. Prokurorluq əvvəl əşyaların qəbulundan imtina etsə də, sonradan götürüblər.
400 min manatdan çox ziyan
Dibirovanın sözlərinə görə, ekspertiza onun obyektindəki yanğın nəticəsində tikinti üzrə 106 min 380 manat, əmtəə üzrə (içəridə olan mal və avadanlıqlar) isə 300 min manat zərər dəydiyini müəyyənləşdirib. Bu iş üzrə araşdırma Balakən rayon Prokurorluğunda aparılır: "İlkin araşdırmadan sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları akt hazırladı. Orada göstərilib ki, yanğının səbəbi elektrik xətlərində yaranmış qısaqapanma olub".
Məsuliyyətsizlik üzündən 400 min manatdan çox ziyana düşdüyünü deyən Dibirova günahkarların, ən azı, səhlənkarlığa görə cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir: "Araşdırma zamanı belə nəticəyə gəliblər ki, baş verənlərdə Cinayət Məcəlləsinin 314-cü (səhlənkarlıq) maddəsinin tərkib əlamətləri var. Bu maddə ilə işləri prokurorluq araşdırır. Ona görə mənim işim də prokurorluğa göndərildi".
"Hissə-hissə qaytarırıq"
Dibirovanı narazı salan budur ki, hadisədən doqquz aya yaxın vaxt keçib, amma ortada nəticə yoxdur. Onun sözlərinə görə, yanğın nəticəsində kül olan malların əksəriyyəti nisyə götürülmüşdü. Ötən doqquz ay ərzində o, borcları qaytarmağa çalışır: "Borc çox idi, hissə-hissə qaytarırıq. Hələ də qaytarıb bitirə bilməmişik. Kimlərinsə səhlənkarlığı üzündən yarım milyon ziyana düşdüm...".
Balakən rayon Prokurorluğundan isə bildirilib ki, Dibirovanın əmlakındakı yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-İstintaq İdarəsinin prokurorluğa göndərdiyi materiallar araşdırılır.
"Yoxlamanın nəticəsi barədə maraqlı tərəflərə məlumat veriləcək", - Balakən rayon prokuroru vəzifəsini müvəqqəti icra edən Vüqar Orucovun Dibirovaya göndərdiyi məktubda yazılıb.