Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan şöbəsinin həbsdə olan fəalı Zamin Salayev səhhətində ciddi problemlər olduğu halda, ona tibbi yardım göstərilməməsindən gileylənib. Bu barədə AzadlıqRadiosuna onun oğlu Oqtay Salayev məlumat verərək bildirib ki, hazırda 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan atası bir neçə gündür ki, yüksək hərarət, öskürək və s. problemlərdən əziyyət çəkir. Onun sözlərinə görə, atası bir neçə gündür bu vəziyyətdə olsa da, nə cəzaçəkmə müəssisəsinin tibb-sanitar hissəsinə köçürülür, nə də zəruri dərmanlar verilir.
"Dava-dərman verən yoxdur"
"Bu gün (aprelin 1-də) evlə danışanda dedi ki, 3-4 gündür bu vəziyyətdəyəm, dava-dərman verən, müalicə eləyən yoxdur. Müraciət də eləyib, əhəmiyyət verilməyib. Mən özüm atamla danışandan sonra Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə zəng elədim, oradan mənə həmin müəssisəyə baxan həkimlə əlaqə şəraiti yaratdılar. Həkim dedi ki, maraqlanıb məlumat verəcək", – O.Salayev belə deyir.
Onun sözlərinə görə, atası 2020-ci ilin martında həbs olunanda da səhhətində problemlər vardı. O, həmin gün gəzə bilmirdi, məhkəməyə əlil arabası vasitəsilə getmişdi: "Salyan rayon Məhkəməsindən Bakı İstintaq Təcridxanasına da o vəziyyətdə köçürülmüşdü. Həbsindən az əvvəl də əməliyyat olunmuşdu. İndi də qaraciyər xəstəliyindən əziyyət çəkir".
Rəsmilər nə deyir
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, cəzaçəkmə müəssisəsindəki məhkumlar arasında heç bir ayrıseçkilik qoyulmadan onların qanunla nəzərdə tutulan hüquqları təmin olunur: "Məhkumların sağlam olması, onlar arasında xəstəliyin yayılmaması, Penitensiar Xidmət olaraq, bizim də marağımızdadır. Penitensiar müəssisələrdə saxlanılan şəxslərin müayinə və müalicəsi Penitensiar Xidmətin yox, Tibb Baş İdarəsinin səlahiyyətində olan məsələdir. Tibb Baş İdarəsinin əməkdaşları da məhkumların sağlamlığı, səhhətində problem varsa, aradan qaldırılması üçün lazımi tədbirləri görürlər".
Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov AzadlıqRadiosuna bildirib ki, bütün məhkumlar üçün tibb xidməti əlçatandır: "Müayinə və müalicəyə ehtiyacı olan hər bir məhkum tibbi xidmətdən yararlana bilir. Lazım olanda hətta qanunvericiliyə uyğun şəkildə kənardan mütəxəssis dəvət olunmasına da şərait yaradılır. Səhərdən axşama qədər də tibb xidmətinin işçiləri müəssisədə olur, ehtiyac yaranan kimi yardım göstərilir. Mən özüm də araşdıracağam ki, niyə belə şikayətlənib".
Xatırlatma
Zamin Salayev 2020-ci ilin yanvarında Salyan rayonunda polis əməkdaşı ilə mübahisəsinin videogörüntüsünü sosial şəbəkələrdə yaymışdı. Həmin görüntülərdə cəbhəçi polisi rayondakı qadınlardan birinə təcavüzdə ittiham edirdi. Bu videonun yayılmasından az sonra Salayevə Bakıda polisə müqavimət ittihamı ilə 30 günlük inzibati həbs cəzası verilmişdi. AXCP fəalı sözügedən videoya görə şərlənib həbs olunduğunu, saxlandıqdan sonra işgəncələrə məruz qaldığını bildirmişdi. O, həbsdən buraxılandan sonra üzərində cərrahiyyə əməliyyatı aparılmışdı.
Salayev həbsdən buraxılandan sonra videoda mübahisə etdiyi polis kapitanı Həmzə Əzizov xüsusi ittiham qaydasında iddia qaldıraraq onun CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə cəzalandırılmasını tələb etmişdi. 2020-ci il aprelin 20-də Salyan rayon Məhkəməsində ilk iclasda Salayev 2 il 2 ay azadlıqdan məhrum edildi. Şirvan Apellyasiya Məhkəməsi də qərarı qüvvədə saxlayıb. İş hazırda Ali Məhkəmədədir.
Salayevdən şikayətçi olan polis Salyan rayonunda qadın tərəfindən bıçaqlanıb. Həmin qadın da buna görə həbsdədir.