39-yaşlı Günel Əhmədova 7 ildir ki, boşanıb, iki uşaq onun himayəsindədir. Uşaqlardan birinin 13, o birinin 10 yaşı var. Ananın sözlərinə görə, boşanarkən məhkəmə uşaqların hər biri üçün 109 manat aliment müəyyənləşdirib.
"Əvvəl vaxtlı-vaxtında ödəyirdi. Bəzən uşaqlara əlavə pul verirdi, nələrsə alırdı. Son bir ildə əməlli-başlı problem yaranıb. Arabir əlinə düşəndə cüzi məbləğ köçürür. Üç-dörd aydan bir 100-150 manatla iki uşağı necə dolandırım?", – Əhmədova uşaqların maddi sıxıntı içində yaşadığını vurğulayıb.
Yaranmış vəziyyətə görə keçmiş həyat yoldaşını həm qınayır, həm də anlayışla qarşıladığını deyir. Onun sözlərinə görə, aliment ödənişlərində problem yaranmasının əsas səbəbi uşaqların atasının işsiz olmasıdır: "Musiqiçidir, əsas qazancı toylardan olurdu. Bir də rayonda musiqi məktəbində dərs deyir. Oradan aldığı maaş çox azdır. Bir tərəfdən fikirləşirəm ki, neyləsin, iş yoxdur, olsa, ödəyər. O biri tərəfdən də fikirləşirəm ki, bəs bu uşaqlar necə dolansın? Necəsə tapıb ödəməlidir...".
"Yüzlərlə iş yığılıb qalıb"
Hazırda məhkəmələrdə aliment ödənişindən boyun qaçırma ilə bağlı yüzlərlə mübahisələrə baxılır. Aliment ödənişinə görə həm inzibati qaydada, həm də cinayət məsuliyyətinə cəlb olunan, həbs edilənlərin sayı da kifayət qədər çoxdur.
Vəkil Şəhla Hümbətova deyir ki, aliment ödənişi öhdəliyi məhkəmə qərarı əsasında tərəfin (əksər hallarda atanın) üzərinə qoyulur. Ödənişdə problem yaranması məhkəmə qərarının icra olunmaması deməkdir. Məhkəmə qərarının icra olunmamasına görə isə həm İnzibati Xətalar Məcəlləsində, həm də Cinayət Məcəlləsində məsuliyyət müəyyənləşdirilib.
"Aliment ödəməli tərəfin rəsmi iş yeri varsa, onun maaşından tutulur, bu halda ödənişdə problem olmur. Bizim ölkədə kişilərin əksəriyyəti ya günəmuzd işləyir, rəsmi işi yoxdur, ya ümumiyyətlə, işsizdir. Bu halda onun öz insafına qalır ki, pulu ödəyəcək, yoxsa yox. Çox vaxt da problem yaranır. Hər rayon üzrə icra şöbəsində yüzlərlə iş yığılıb qalıb. Özləri də etiraf edirlər ki, icra elətdirə bilmirik", – vəkil belə deyir.
"Hər bir halda uşaq ziyan çəkir"
Hümbətova bildirib ki, aliment ödənişində problem yaranmasının başlıca səbəbi işsizlik, maddi imkansızlıq olsa da, bu, yeganə səbəb deyil. Onun sözlərinə görə, elə hallar da olur ki, qərəz, tərəflər arasında qisasçılıq üzündən zərbə uşağa dəyir: "Bəzən kişi fikirləşir ki, qadın boşanıb, uşağı da götürüb özü də saxlasın. Bəzən qadın uşağı ataya göstərmir, kişi də acığa düşüb ödəmir. Bəzən də elə olur ki, kişi heç birinin alimentini ödəyə bilmir, gedib ikinci nikahdan da uşaqlar dünyaya gətirir. Sonra da deyir ki, pulum yoxdur. Hər bir halda uşaq ziyan çəkir".
Bir sıra ölkələrdə borclu alimenti ödəyə bilməyəndə uşağın maddi baxımdan ehtiyac içində qalmaması üçün çıxış yolu tapılıb. Məsələn, Fransada Dövlət Aliment Fondu, Niderlandda Federal Aliment Bürosu, Polşada Aliment Fondu fəaliyyət göstərir. Azərbaycanda da Aliment Fondunun yaranması müzakirə olunur. İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) 2020-ci il üzrə məruzəsində də bu məsələ əksini tapıb. Məruzədə vurğulanıb ki, aliment ödənişi ilə bağlı ciddi problemlər var. Bu məsələdə uşaqların mənafeyini nəzərə alaraq, alimentin dövlət tərəfindən ödənilməsi mexanizmi – Aliment Fondunun yaradılmasına ehtiyac var. Sonradan dövlət həmin vəsaiti borcludan məcburi qaydada özü ala bilər.
"Saxta sənədlərlə ödənişdən yayınanlar olur"
Millət vəkili Fazil Mustafa AzadlıqRadiosuna bildirib ki, onun özü də bu məsələdə təşəbbüskarlardan biridir. Onun fikrincə, dövlət uşaqların zəruri ehtiyaclarını nəzərə almalı və Aliment Fondu yaradılmalıdır: "Dövlət nəzərə almalıdır ki, uşaqların maddi ehtiyacları, sağlamlıq və digər təminatları gözləmir. Ona görə də dövlət bunları özü gerçəkləşdirib, sonra həmin vəsaiti alimenti ödəməli olan subyektdən almalıdır. Aliment Fondu ilə bağlı ideyanın gerçəkləşməsi üçün öncə hərtərəfli müzakirələr aparılmalıdır. Burada dövlət büdcəsinin imkanları da çox önəmlidir".
Deputat vurğulayıb ki, fondun yaradılması ideyası reallaşsa belə, bu, aliment ödəmək istəməyən istənilən şəxsin əvəzinə dövlətin bu işi görməsi anlamına gəlməməlidir. Hər bir işə fərdi qaydada yanaşılıb qərar verilməlidir: "Qəsdən, saxta sənədlərlə ödənişdən yayınanlar olur. Dövlət hamının əvəzinə bunu eləyə bilməz. Aliment Fondunun məqsədi valideynlərə yox, uşaqlara köməkdir ki, kritik vəziyyətdə olan, sıxıntı içində qalan uşaqlar bu durumdan çıxarılsın".