Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 22:18

Deputat: 'Onlar tezliklə Azərbaycan pasportunu daşıyacaqlar'


Martuni sakinləri səfərbərlik zamanı. 14 oktyabr 2020
Martuni sakinləri səfərbərlik zamanı. 14 oktyabr 2020

Dünən, martın 25-də Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin tanınmayan parlamenti erməni və rus dillərini rəsmi dil elan edib.

AzadlıqRadiosunun erməni xidmətinin məlumatına görə, "Dil haqqında" və "Televiziya və radio haqqında" qanunlara dəyişikliklər layihəsi qəbul edilib. Layihəni "parlament"dəki beş fraksiyadan üçünün hazırladığı bildirilir. "Artsax (Dağlıq Qarabağ) və Rusiya arasında mədəni, hərbi, iqtisadi əlaqələrin tarixini və rus dilinin artsaxlıların çoxunun ikinci dili olduğunu nəzərə alaraq, yeni keyfiyyətli münasibətlərin…vacib olduğunu hesab edirik", - layihə belə əsaslandırılıb.

Prezident: "Yeganə rəsmi dil Azərbaycan dilidir"

Azərbaycan prezidenti İlham Əliyev isə hələ fevralın 26-da keçirdiyi mətbuat konfransında bildirmişdi ki, Qarabağda rus dilinin istifadə ediləcəyi barədə məlumatlar qeyri-qanuni olaraq özlərini "rəhbər" adlandıranların manipulyasiyadır: "Bunun heç bir təsiri və nəticəsi ola bilməz. Dağlıq Qarabağ mövcud deyil və hər kəs oranı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır…".

İ.Əliyev qeyd edib ki, Azərbaycanda yeganə rəsmi dil Azərbaycan dilidir: "Digər bir dilin Azərbaycanda rəsmi statusu ola bilməz".

E.Nəsirov
E.Nəsirov

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov da hesab edir ki qondarma bir rejimin belə bir qətnaməni qəbul etməsi keçən ilin 10 noyabr tarixində və cari il yanvarın 11-də imzalanmış üçtərəfli bəyanatların ruhuna daban-dabana ziddir. O, "Turan" agentliyinə bildirib ki, Vətən müharibəsində (İkinci Qarabağ müharibəsi) Azərbaycan Silahlı Qüvvələri Ali Baş komandanın rəhbərliyi altında Ermənistan ordusunu məğlub edib. Komitə üzvünün fikrincə, bunu edənlər regiona sülh və əməkdaşlıq deyil, yenidən qarşıdurma gətirir:

"Revanşist qüvvələrin diktəsi altında bu baş verib"

"Revanşist qüvvələrin diktəsi altında bu baş verib. Heç bir halda Azərbaycanın ərazisində başqa bir dövlətin dili, indiki halda isə rus dili dövlət dili ola bilməz. Həmin ərazi Azərbaycan dövlətinin ərazisidir və Azərbaycan ərazisində bizim Konstitusiyamıza görə, dövlət dili məhz Azərbaycan dilidir".

"Azərbaycan vətəndaşlığını almaq istəyirlərsə…"

E.Nəsirov vurğulayıb ki, həmin ərazidə yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır: "Onlar tezliklə Azərbaycan pasportunu daşıyacaqlar və məhz Azərbaycan dilini öyrənmək onların vətəndaşlığı üçün əsas şərtlərdən biri olacaq. Azərbaycan vətəndaşlığını almaq istəyirlərsə, Azərbaycan pasportunu daşımalı və Azərbaycan dilini bilməlidirlər".

Sarkisyan 7 rayonun qaytarılmasına niyə razılaşdığını izah edir
Gözlə

No media source currently available

0:00 0:02:10 0:00

Deputat qeyd edib ki, bu addımın atılması ilk növbədə regionda yenidən qarşıdurma mühitin yaradılmasına ünvanlanmış və qəbulolunmaz bir addımdır: "Təbii ki, Azərbaycan dövləti, onun müvafiq qurumları bu istiqamətdə beynəlxalq təşkilatları məlumatlandıracaq və bu qeyri-qanuni addımın qarşısını alınması üçün konkret tədbirlər görülməlidir".

Komitə üzvü hesab edir ki, Rusiya Federasiyası, onun ali rəhbərliyi belə bir addımın əleyhinə yönəlmiş addımlar atmalıdır: "Əks halda, regionda heç bir halda davamlı və dayanıqlı sülhdən söhbət gedə bilməz. Halbuki Azərbaycan prezidenti cənab İlham Əliyev altıtərəfli (Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistan) əməkdaşlıq formatı təklif edib və həmin formatda Ermənistanın iştirakı da nəzərdə tutulub".

Deputat əlavə edib ki, Ermənistanın dəstəyi ilə qondarma rejimin belə bir qeyri-qanuni addım atması bütün bu təşəbbüslərin üstündə xətt çəkir. Onun fikrincə, bundan sonra baş verə biləcək bütün hadisələrin məsuliyyəti Ermənistanın siyasi rəhbərliyinin və onun dəstəklədiyi qüvvələrin üzərinə düşəcək: "Ali Baş komandanın sözlərini unutmasınlar ki, dəmir yumruq yerindədir".

Ə.Oruclu
Ə.Oruclu

"Amma bu o demək deyil ki,…"

Politoloq Ərəstun Oruclu da AzadlıqRadiosuna bildirib ki, qondarma Dağlıq Qarabağ Respublikasının, onun qondarma parlamentinin heç bir hüquqi və beynəlxalq statusu olmadığına görə qəbul etdiyi istənilən qanunların da heç bir hüquqi qüvvəsi yoxdur: "Amma bu o demək deyil ki, Azərbaycan tərəfi bu məsələlərə laqeyd qalmalıdır".

"Bu, bir planlı fəaliyyətin hissəsidir"

Ekspert deyir ki, bu qərarın qəbul edilməsi onun üçün sürpriz olmayıb: "Çünki bu, bir planlı fəaliyyətin bir hissəsidir. Bunun arxasınca ikili vətəndaşlıq haqqında hansısa qanun kimi bir şey qəbul edəcəklər və Qarabağdakı erməni icmasının nümayəndələri kütləvi şəkildə Rusiya vətəndaşlığını qəbul edəcəklər. Rusiya qanunvericiliyində buna qarşı heç bir maneə yoxdur".

Ə.Oruclunun fikrincə, bundan sonra Qarabağdakı sülhməramlı adı altında fəaliyyət göstərən Rusiya qoşunlarının statusu dəyişdiriləcək: "Onlar Rusiya vətəndaşlarını qoruyan silahlı qüvvələr kimi təqdim olunacaq. Azərbaycan onların çıxarılmasını tələb etdikdə bu, faktiki olaraq Abxaziyanın və Cənubi Osetiyanın məsələsinə dönəcək".

Politoloq hesab edir ki, Azərbaycan tərəfi qondarma qurumun və olmayan rejimin heç bir addımlarına rəsmi münasibət bildirməməlidir: "Çünki burada məqsədlərdən biri də Azərbaycanı həmin o separatçılarla danışığa cəlb etməkdir".

Rus sülhməramlıları separatçılarla qucaqlaşırsa...
Gözlə

No media source currently available

0:00 0:03:35 0:00

"Rusiya çalışır ki, Azərbaycanı onlarla siyasi dialoqa çəksin"

Ə.Oruclunun deməsinə görə, məhz bu səbəbdən də rəsmi Yerevanın mövqeyi ilə Qarabağdakı həmin o separatçıların mövqelərində əsaslı fərq görünür: "Yəni, faktiki olaraq Rusiya çalışır ki, Azərbaycanı onlarla siyasi dialoqa çəksin. Buna heç bir halda yol vermək olmaz".

"Azərbaycan ərazisində özlərini işğalçı kimi aparır"

Ə.Oruclu qeyd edib ki, Azərbaycan buna münasibətini separatçılara yox, birbaşa Rusiyaya bildirməlidir: "Azərbaycan Rusiya hökumətindən tələb etməlidir ki, Rusiya bu fəaliyyətinin qarşısını alsın. Rusiya qoşunları öz missiyasını yerinə yetirsin. Onlar öz missiyasını yerinə yetirmir və Azərbaycan ərazisində özlərini işğalçı kimi aparır".

Bu fikirlərə, hələlik, Rusiyanın Azərbaycandakı səfirliyindən və uyğun qurumlarından münasibət almaq mümkün olmayıb.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə, ətraf 7 rayona nəzarəti ələ alıb. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Bu il yanvarın 11-də də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli bəyanat imzalayıblar. Həmin bəyanat isə, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG