Azərbaycanda bir ildən çoxdur vətəndaşlara satmaq öhdəliyi ilə mənzillər kirayəyə verilir. Bu prosesə prezident 2019-cu ilin yanvarın 25-də "Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması haqqında" Fərman imzalayandan 1 il sonra-2020-ci ilin yanvarında start verilib.
Fərmanın məqsədi kimi Azərbaycanda ev ehtiyacı olan vətəndaşa kirayə qaldığı mənzilə sahib olmaq üçün imkan yaradılması göstərilir. Bu praktika Türkiyədə, Almaniyada, Bolqarıstanda, İspaniyada, ABŞ-da və həmçinin, postsovet ölkələrində - Rusiyada, Ukraynada, Qazaxıstanda illərdir işləyir.
İpoteka və Kredit Zəmanət Fondundan "Turan" agentliyinə bildirilib ki, bu günlər mövcud prosedur və qaydalara dəyişikliklər edilib.
Yeni şərtlər...
Dəyişikliklərə görə, artıq ərizəçidən "bütün kredit tarixçəsi müddətində 90 gündən çox gecikdirilmiş öhdəliklərinin olmaması" tələb olunmur. "Bu dəyişiklikdən sonra vətəndaş daha çox gəlirini aylıq ödənişə və mənzil seçiminə yönəldə bilər", - Fonddan bildirilib
Digər dəyişikliyə görə isə, kirayə müqaviləsi üçün maksimal müddət təyin edilərkən yalnız ərizəçinin yaşı əsas götürüləcək. Əvvəlki şərtlərdə ailə üzvünün yaşı da kirayə müqaviləsinin müddətinə təsir edirdi. Bunun da aylıq ödənişin artması səbəbi ilə ərizəçinin ödəmə qabiliyyətinə və yaşayış sahəsini seçmək imkanına təsis göstərdiyi deyilir. "Ümumiyyətlə, ailə üzvlərinin sayından asılı olmayaraq müqavilə müddəti ərizəçinin öz yaşına uyğun hesablanacaq", -deyə vurğulanıb.
Bərbərlər, dərzilər, pinəçilər də...
Digər dəyişikliyə əsasən, sabit vergi ödəyiciləri də artıq kirayə mənzil mexanizmindən faydalana biləcək. Sabit vergi ödəyicilərinə bərbərlər, dərzilər, pinəçilər, foto, audio-video xidmətlərini göstərənlər, çəkməçilər, çalğıçılar və digər bu kimi fəaliyyət növləri ilə məşğul olan şəxslər daxildir. Açıqlamaya görə, yeni yanaşmanın mahiyyəti ondan ibarətdir ki, artıq bu şəxslərin gəlirlərini təqdim etmələrinə ehtiyac yaranmayacaq: "Sabit vergi ödəyicilərinin orta aylıq gəliri onların fəaliyyət göstərdiyi müddətə əsasən minimum əməkhaqqının müvafiq mislinə uyğun hesablanacaq. Yəni, 6 aydan 1 ilə qədər fəaliyyət göstərən, vergiləri vaxtında ödəyən vergi ödəyicilərinin orta aylıq gəliri minimum əməkhaqqının 2 mislinə (500 manata) bərabər hesablanacaq. 1 ildən 3 ilədək fəaliyyət göstərən vergi ödəyicilərinin orta aylıq gəliri minimum əməkhaqqının 4 mislinə (1000 manata) , 3 ildən daha çox fəaliyyət göstərənlərin isə orta aylıq gəliri minimum əməkhaqqının 6 mislinə (1500 manata) bərabər götürüləcək".
650-dən çox mənzil verilib
Fondun məlumatına görə, ötən il ərzində Bakı, Sumqayıt və Xırdalan şəhərlərində mərhələli şəkildə 1 min 253 kirayə mənzil təklif edilib: "650-dən çox mənzil vətəndaşların istifadəsinə verilib".
Qurumdan qiymət ilə bağlı məlumat verilməsə də, bildirilib ki, Bakıda mənzillərin aylıq ödəniş qiyməti 411 manatdan, Xırdalanda 333 manatdan, Sumqayıtda 297 manatdan başlayır: "Mənzillərin hamısı təmirli, hər bir kommunal xidmətə və kommunikasiyaya qoşulduğu şəkildə istifadəyə verilir. Mənzillər vətəndaşlara faizsiz olaraq satılır".
Bəzi ekspertlər isə bildirir ki, digər ölkələrdən fərqli olaraq Azərbaycanda istənilən mənzil sahibi bu mexanizm üzrə öz yaşayış sahəsini sata bilməz: "Çünki İpoteka və Kredit Zəmanət Fondu özü mənzilləri təklif edir, bu isə həmin mənzillərin qiymətinə təsir göstərir".
Qiymətlər...
Ekspertlər bildirir ki, qeyri-rəsmi məlumatlara görə, satmaq öhdəliyi ilə kirayəyə verilən mənzillərin bir kvadratmetr üzrə orta qiyməti 1350-1850 manat civarındadır.
İqtisadçı Nemət Əliyevin AzadlıqRadiosuna deməsinə görə, əgər bu mexanizm mənzilləri almaq istəyənlər üçün əlçatandırsa, o zaman şübhəsiz ki, bu, müsbət bir mexanizmdir: "Amma mən şübhə etmirəm və hesablamalar onu göstərir ki, satmaq öhdəliyi ilə kirayəyə verilən mənzillərin qiyməti normal bazar qiymətlərindən yüksəkdir. Belə olan halda yenə də bu mənzilləri almaq vətəndaşlara sərf etməyəcək".
O, ipoteka kreditlərini xatırladaraq bildirib ki, bu növ kreditlərin verilməsi başlayan tarixdən 1 il ərzində cəmi 300-400 nəfər ondan faydalana bilib: "Şərtlər çox mürəkkəb idi, üstəlik də, kredit müddəti bitəndən sonra məlum olurdu ki, mənzilin qiyməti bazar qiymətlərindən iki dəfə bahadır. Halbuki, orada da məqsəd belə idi ki, vətəndaşlar, gənc ailələr ucuz mənzil ala bilsinlər. Digər tərəfdən, bankların özləri də bu kreditləri verməyə maraqlı deyildi".
"...yalnız muzdla işləyən və sabit vergi ödəyiciləri ala bilər"
N.Əliyev qeyd edib ki, hətta qaydalara əlavə və dəyişikliklərin edilməsindən sonra da həmin mənzillər vətəndaşların çoxu üçün əlçatmaz olacaq: "Həmin mənzilləri yalnız muzdla işləyən və sabit vergi ödəyiciləri ala bilər. Bu şərtləri qoymaqla dövlət vergidən yayınan şəxsləri vergi ödəməyə təşviq edir. Bu, pozitiv haldır. Amma bunun başqa bir tərəfi var. Azərbaycanda əmək qabiliyyəti olan əhalinin sayı 6 milyon üzərindədir. Onlardan əmək müqaviləsi ilə işləyənlərin sayı təxminən 1.6 milyon nəfərdir".
İqtisadçının bildirməsinə görə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, yəni VÖEN-lə çalışanların sayı təxminən 1 milyon 700 min nəfərdir, amma onların heç də hamısı sabit vergi ödəyiciləri deyil: "Deməli, belə çıxır ki, yenə də əməkqabiliyyətli əhalinin böyük hissəsi həmin mənzillərin sahibi ola bilməyəcək. Halbuki evlərə ehtiyacı olanlar elə həmin adamlardır".
O hesab edir ki, mexanizmi işlək hala gətirmək üçün ilk növbədə insanları işlə təmin etmək lazımdır.