Keçid linkləri

2024, 02 Noyabr, şənbə, Bakı vaxtı 22:17

'7 mindən çox saxta əlillik ləğv edilib'


İndi haqqı olan şəxslər də əlillik dərəcəsi almağa çətinlik çəkirlər
İndi haqqı olan şəxslər də əlillik dərəcəsi almağa çətinlik çəkirlər

Azərbaycanda artıq bir müddətdir ki, ayrı-ayrı vətəndaşlar onlarda ciddi xəstəlikləri olduğu halda əlillik dərəcəsinin düzgün, bəzən isə heç təyin edilməməsi ilə bağlı şikayətlər səsləndirirlər. Nazirlər Kabinetinin də ötən ilə dair hesabatında bildirilir ki, 2020-ci ildə dövlət tibb müəssisələrinin rəsmiləşdirdikləri göndərişlər əsasında 13.2 min nəfər üzrə ilkin əlillik təyinatı aparılıb. Bu da 2019-cu illə müqayisədə 53 faiz azdır.

Qeyd olunub ki, onlardan I dərəcə ilkin əlillik müəyyən olunmuş şəxslərin sayı 1.7 min nəfərdir. II dərəcəlilərin 5.2 min, III dərəcəlilərin isə 2.7 min olduğu açıqlanıb. Onlardan 3.6 min nəfər ilkin sağlamlıq imkanları məhdud uşaqlar olub ki, bu da əvvəlki illə müqayisədə 60 faiz azdır.

Əlil uşaqların valideynləri Bakıda etiraz aksiyasına çıxıb
Gözlə

No media source currently available

0:00 0:01:55 0:00

"Ucdantutma hamını kəsirlər"

Bakı sakini İlqar Mehdiyev AzadlıqRadiosuna bildirib ki, dostu zobdan əziyyət çəksə də, əlillik dərəcəsi ala bilmir: "Ucdantutma hamını kəsirlər. Xəstə, əlilliyi olan adama deyirlər ki, xəstəxanada yatmadığına görə sənə əlillik vermirik. Yəni, xəstə olsaydın, yatardın. Zobu olan, əməliyyat olan... dostumun pensiyasını kəsdilər ki, xəstəxanada yatmamısan. Birinci vitse-prezident Mehriban Əliyevaya yazdı, heç xeyri olmadı".

"Üç dəfə əməliyyat olunmuşam"

Ucar rayon sakini Z.Q. də deyir ki, yataq xəstəsi olsa da, ona əlillik dərəcəsini verməkdən imtina edirlər: "Üç dəfə əməliyyat olunmuşam, ayağımın biri tutulub, bundan əlavə, həm də təzyiq və şəkər xəstəsiyəm. Amma mənə əlillik dərəcəsi vermək istəmirlər".

Şikayətçi deyir ki, dəfələrlə Ucar rayon Mərkəzi Xəstəxanasına müraciət etsə də, ona "sənədlərini göndərmişik, rədd cavabı gəlib" cavabı veriblər: "Amma mən buna inanmıram, çünki həmin cavab rəsmi blankda deyil. Mənə də düşmürsə, bəs kimə düşür bu pensiya?".

Şikayətə Ucar rayon Mərkəzi Xəstəxanasından, hələlik, münasibət almaq mümkün olmayıb.

Əlil arabasından pul qazananlar kimlərdir? (Araşdırma)
Gözlə

No media source currently available

0:00 0:01:18 0:00

"Əlilliyin müəyyən edilməsi elektron qaydada aparılır"

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) isə "Turan" agentliyinə bildirilib ki, Nazirlər Kabinetinin 2016-cı il 11 noyabr tarixli qərarı ilə "Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə"yə edilən dəyişikliklərə əsasən, əlilliyin müəyyən edilməsi elektron qaydada aparılır: Əlilliyin qiymətləndirilməsi üçün göndərişin rəsmiləşdirilməsi barədə məlumat elektron qaydada ƏƏSMN-in Mərkəzləşdirilmiş İnformasiya Sistemində Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminə (TSERAS) ötürülür. Bununla bağlı, vətəndaş həmin göndərişin tərtib edilməsi üçün qeydiyyatda olduğu yer üzrə səhiyyə müəssisəsinə müraciət edir. Bütün məlumatlar TSERAS tərəfindən adsızlaşdırılaraq şifrə verilir. Bundan sonra sistem tərəfindən göndəriş əlilliyin qiymətləndirilməsi üçün elektron şəkildə Tibbi-Sosial Ekspert Komissiyasına (TSEK) göndərilir.

"3 iş günü müddətində..."

TSEK həmin sənəddə qeyd olunan xəstəliyin vəziyyəti barədə məlumatlar əsasında 3 iş günü müddətində əlilliyin təyin olunub-olunmamasına dair qərar qəbul edir. Habelə, onun aid olduğu şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olub-olmamasına dair tibbi göstəriş verilir və əmək zəmanətinə dair məlumatlar müəyyənləşdirilir. Bu məlumatlar gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilir, TSEK-in sədri və üzvlərinin gücləndirilmiş elektron imzası ilə təsdiqlənir.

'O əlillik dərəcəsini verənlər evində rahat yaşasın deyə itirmişəm ayağımı'
Gözlə

No media source currently available

0:00 0:04:22 0:00

Nazirlikdən əlavə olunub ki, bir çox beynəlxalq təşkilatlar əlilliyin belə təyin olunmasını müsbət dəyərləndirir: "Elektron sistemin üstünlüyü ondadır ki, müraciət edən şəxslə qərar qəbul edənlərin canlı ünsiyyəti olmur və bu, müəyyən neqativ halların qarşısını alır. Problem sistemdə deyil, sistemin iştirakçılarındadır. Hər hansı bir səhiyyə işçisi məlumatı bilərəkdən və ya bilməyərəkdən düzgün doldurmursa, burada günahkar sistem deyil, həmin şəxslərdir. Hazırda bu məlumatlar manual şəkildə doldurulur və bunları dolduran şəxs nə istəsə, ora yaza bilər".

"Sistem təkmilləşdiriləcək ki,..."

ƏƏSMN-dən bildirilib ki, həmin şəxslərlə mübarizə metodları üzərində iş gedir: "ƏƏSMN sistemin digər iştirakçısı – İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə işləyir və yaxın vaxtlarda metodlar təkmilləşdiriləcək ki, tam obyektiv informasiya mübadiləsi təmin olunsun, obyektiv qərarlar qəbul edilsin. Hazırda iş gedir ki, göndərişin doldurulması tam avtomatlaşdırılsın və bununla da subyektivlik aradan qalxsın. Sistem təkmilləşdiriləcək ki, haqqı olan insanlar heç bir problemsiz əlillik dərəcəsini alsın, haqqı çatmayanlar isə bunu heç bir halda əldə edə bilməsin".

Qurumdan vurğulanıb ki, hazırda əlilliyin təyin olunması ilə bağlı müraciətlər həddindən artıq çoxdur və çoxunda şişirdilmiş məlumatlar, həqiqətə uyğun olmayan diaqnozlara rast gəlinir: "Hazırda yoxlamalar aparılır və illik maliyyə yükü 35 mln. manatdan artıq olan 7 mindən çox saxta əlillik təyinatı ləğv edilib".

N.Cəfərli
N.Cəfərli

İqtisadçı Natiq Cəfərli də AzadlıqRadiosuna bildirib ki, əvvəl Azərbaycanda əlilliyi olan şəxslərin sayı proporsiya olaraq əhalinin sayına nisbətən yüksək idi: "Məsələn, Belarusun əhalisinin sayı bizimlə təqribən eynidir, amma bizdə əlilliyi olan şəxslərin sayı onlardan 4 dəfə çoxdur".

"Qurunun oduna yaş da yanıb"

Ekspert hesab edir ki, bu, saxta əlilliyin təyin olunması ilə bağlıdır: "Əvvəl pul müqabilində camaata əlillik dərəcəsi verib bu rəqəmi şişirtmişdilər. İndi isə bunun qarşısını almaq istəyirlər".

N.Cəfərli deyir ki, bunun da öz mənfi nəticəsi olub: "Saxta əlillik təyinatı azalsa da, nəticə etibarilə qurunun oduna yaş da yanıb".

İqtisadçının fikrincə, prosedurları bir xeyli çətinləşdiriblər və nəticədə indi haqqı olan şəxslər də əlillik dərəcəsi almağa çətinlik çəkirlər.

XS
SM
MD
LG