Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin həbsdə olan mühafizəçisi Niyaməddin Əhmədov haqqında cinayət işinin materiallarında Penitensiar Xidmətin məktubundan çıxarış var. Orada iddia edilir ki, Əhmədovun Almaniyada sığınacaq almış, sosial şəbəkələrdə Azərbaycan hakimiyyətinin ünvanına sərt, bəzən təhqiramiz ifadələr səsləndirən Qabil Məmmədovla yaxın münasibətləri olub. Əhmədovun dövlət orqanları və onların rəhbərləri barədə topladığı məlumatları ona ötürdüyü, etiraz aksiyalarının təşkilində fəallıq göstərdiyi, Facebook-da iqtidarın əleyhinə materiallar paylaşdığı iddia olunur.
Əhmədovun vəkili Zibeydə Sadıqova martın 19-da məhkəmədə vəsatət qaldırıb ki, söhbətin hansı məktubdan getdiyi müəyyənləşdirilsin. Çünki məktub özü yoxdur, yalnız çıxarış var. Həm də Penitensiar Xidmət istintaq təcridxanaları, cəzaçəkmə müəssisələri və həbsxananın fəaliyyətinə nəzarət edir. Bu qurumun belə bir məktubunun olması təəccüblüdür.
"Xahiş edirəm, Penitensiar Xidmətin bu məktubu yazmasına əsas olan sübutlar, sənədlər məhkəməyə təqdim olunsun. Həmçinin, məktubun özü Baş Prokurorluğun İstintaq İdarəsindən alınsın", – vəkil belə deyib.
"Skype" vasitəsilə dindirilsinlər
Müdafiəçinin daha bir vəsatəti isə Qabil Məmmədov və həyat yoldaşı Aytən Əliyevanın "Skype" vasitəsilə şahid qismində dindirilməsi haqda olub. Vəkil bildirib ki, Əhmədov adları çəkilən şəxslərlə əlbirlikdə, terror məqsədilə onlardan pul almaqda suçlanır. Lakin bu adamlar dindirilməyib.
Hakim bu cür dindirmənin mümkünsüz olduğunu desə də, müdafiəçi etiraz edib. Sadıqova bildirib ki, pandemiya dövründə hətta bir sıra məhkəmə işlərində təqsirləndirilən şəxslər də təcridxanadan onlayn qaydada prosesə qoşulub.
Vəsatətlərin heç biri təmin edilməyib.
Məhkəmədə dindirilən şahid Seymur Rəhimov deyir ki, Qabilin çox adama, o cümlədən həmkəndlisi olan Niyaməddinə də borcu vardı, əlinə pul düşdükcə hissə-hissə göndərirdi: "Göndərirdi, aparıb verirdim".
Digər şahid Elçin Məmmədov da Niyaməddinə Qabilin göndərdiyi pulu çatdırdığını desə də, Əhmədov bunu təkzib edib. Bildirib ki, bu şahid ona Aytən Ramazanovanın hədiyyə göndərdiyi, üzərində kamera olan eynəyi gətirib vermişdi: "Bu adam pul verməyib mənə, eynəyi verib".
Məhkəmə prosesi davam edir.
Xatırlatma
Niyaməddin Əhmədov CM-in 214-1 (terrorçuluğu maliyyələşdirmə), 233-1.2.1 (bir qrup şəxs tərəfindən qanunla mülki dövriyyədə olmasına yol verilməyən əşyaları əldə etmə, saxlama) və 28.281 (dövlət əleyhinə yönələn açıq çağırışlara hazırlıq) maddələri ilə ittiham olunur. Bu maddələrdə 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
Əhmədov isə ittihamları qəbul etmir, 2019-cu ilin 19 oktyabrında Milli Şuranın keçirdiyi icazəsiz etiraz aksiyasında Əli Kərimlini sonadək tək buraxmadığına görə cəzalandırıldığını deyir. O bildirib ki, Tovuz rayonunun Qazqulu kəndində Qabil Məmmədovla qonşu olublar, münasibətləri vardı. 2017-ci ildə Məmmədov ölkəni tərk etməmişdən əvvəl ona və kənddə bir neçə başqa qonşuya borclu olub. Bu üzdən bir neçə dəfə onunla əlaqə saxlayaraq pulunu geri istəyib. Verdiyi borcdan da bir hissəsini alıb.