Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsdlə bağlı məhkəmə istintaqı təzələnib. Hakim bu dəyişikliyi yeni dindirmələrə ehtiyac olması ilə izah edib.
Bu iş üzrə məhkəmə araşdırmaları 10 gün öncə tamamlanmışdı, martın 16-da prokuror çıxış edib, sui-qəsddə suçlanan Yunis Səfərov və onunla birlikdə mühakimə olunanlara cəza istəməliydi. Bakı Ağır Cinayətlər Məhkəməsində bu işə baxan hakim Əfqan Hacıyev bildirib ki, bəzi şəxslərin dindirilməsi zəruridir, ona görə də istintaq təzələnir.
Təqsirləndirilən 12 nəfərdən ikisi – Anar Bağırov və Ağa Sərxani 2018-ci ilin yayında saxlanılarkən hüquq-mühafizə orqanları tərəfindən öldürülüb. Məhkəmədə onların hüquqi varisi qismində ailə üzvləri iştirak edir.
Bacısı Bağırovun günahsız olduğunu deyir
Martın 16-da məhkəmədə dindirilən polis əməkdaşı Elçin Süleymanov mərhum Bağırovun necə öldürüldüyü haqda danışıb. Şahid polis bildirib ki, ev sahibinə fotonu göstərib onun evdə olduğunu dəqiqləşdiriblər. Bağırov qapını açan kimi "Allahu Əkbər" deyərək odlu silahdan atəş açıb. Süleymanovun sözlərinə görə, cavab atəşi ilə onu xüsusi təyinatlılar öldürüb.
Məhkəmədə Bağırovun hüquqi varisi qismində bacısı Aynurə Bağırova tanınıb. O isə qardaşının günahsız olduğunu deyir. Onun sözlərinə görə, qardaşının silahlı müqavimət göstərməsi haqda deyilənlər yalandır. Sadəcə, onun qətlə yetirilməsinə haqq qazandırmaq üçün bu yalan uydurulub.
Məhkəmədə hakim Əfqan Hacıyev keçmiş icra başçısının anlaqsız olması barədə daha bir həkim rəyini elan edib. Hakim bildirib ki, təqsirləndirilən şəxslər və onların vəkillərinin E.Vəliyevin dindirilməsində israrını nəzərə alaraq, növbəti məhkəmə iclasına qədər onun gətirilməsinin mümkünlüyü məsələsini bir daha müzakirə edəcəklər. Növbəti məhkəmə iclası martın 30-na təyin edilib.
Xatırlatma
2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və onu mühafizə edən polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Y.Səfərov həbs edilib. Hüquq-mühafizə orqanları bunu terror əməli sayır, Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğu iddia edilir. Y.Səfərov isə bu iddianı təkzib edir, sabiq icra başçısını özbaşınalıqlarına, əhaliyə zülm etdiyinə görə öldürmək istədiyini bildirir.
Sui-qəsd hadisəsindən bir həftə sonra - iyulun 10-da Gəncənin mərkəzi meydanında keçirilən aksiyada iki polis polkovniki qətlə yetirilib.
Gəncə hadisələrindən sonra həbs olunan 70-dən artıq şəxsin əksəriyyəti 10 iyulda baş verənlərə görə kütləvi iğtişaşların təşkili, polis əməkdaşlarına qarşı zor tətbiq etmə və s. əməllərdə suçlanıb. Onlara 6 ildən 18 ilə qədər həbs cəzası kəsilib. Sonradan bir çoxunun cəzası azaldılaraq 2-5 ilə salınıb, azadlığa buraxılanlar olub.
Gəncə hadisələrinə görə həbs edilənlər həm saxlanarkən, həm də ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildirsələr də, Daxili İşlər Nazirliyi bu iddiaları təkzib edib.
Y.Səfərov və onunla birlikdə mühakimə olunanlara Cinayət Məcəlləsinin 30-dan artıq maddəsi ilə (qəsdən adam öldürməyə cəhd, terrora çağırış, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s.) ittiham verilib. Bu maddələrdə 20 ilə qədər və ya ömürlük həbs cəzası nəzərdə tutulub.