Keçid linkləri

2024, 03 Noyabr, bazar, Bakı vaxtı 00:22

'Deklarativ vətənpərvərliyin əleyhinəyəm'


İlham Əliyevin tərəfdarları 2013 il seçkilərində səsvermədən sonra bayram edirlər.
İlham Əliyevin tərəfdarları 2013 il seçkilərində səsvermədən sonra bayram edirlər.

Azərbaycanda "Vətənpərvərlik tərbiyəsi haqqında" Qanun qəbul oluna bilər. Sözügedən qanunun layihəsi martın 15-də Milli Məclisin Elm və təhsil komitəsinin iclasında müzakirə olunub.

Həmin komitənin sədri Bəxtiyar Əliyev bildirib ki, prezident İlham Əliyevin parlamentin qarşısında qoyduğu böyük vəzifələrdən biri gənclərin milli ruhda, vətənpərvərlik ruhunda yetişdirilməsi ilə bağlıdır.

Komitə sədrinin sözlərinə görə, "Vətən müharibəsi zamanı vətənpərvər gənclərimizin döyüş şücaəti sayəsində əldə olunan şanlı zəfər fonunda komitənin müzakirəsinə çıxarılan "Vətənpərvərlik tərbiyəsi haqqında» Qanun layihəsinin hazırlanması məsələsi xüsusi aktuallıq kəsb edir".

Vətənpərvər fermer
Gözlə
Embed

No media source currently available

0:00 0:01:07 0:00

Komitə üzvləri iclasda müasir dövrdə gənclərin xarici təsirlərdən qorunmasının, tarixi, milli dəyərlərə və dövlətçiliyə sadiqlik ruhunda yetişdirilməsinin vacibliyini qeyd edərək bu məsələnin əhəmiyyətindən danışıblar.

Belə bir qanunun qəbulundan siyasi məqsədlər üçün istifadə edilə bilərmi? "Vətənpərvərlik tərbiyəsi" bir fənn kimi dərs cədvəlinə salınarsa, bu, tədris prosesinə necə təsir göstərər?

Rusiya nümunəsi...

Oxşar qanun 2020-ci ildə Rusiyada qəbul olunub. Ölkə parlamenti prezident Vladimir Putinin təklifi ilə Rusiya məktəblərində və ali təhsil müəssisələrində vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi ilə bağlı qanun layihəsi qəbul edib. Rusiyanın bəzi ekspertləri hesab edirlər ki, məktəbdə vətənpərvərlik tərbiyəsi formal olacaq, bununla belə təhsilin keyfiyyəti aşağı düşə bilər. Bir sıra başqa ekspertlər isə əmindir ki, mühafizəkar idealları qanun vasitəsilə bərkitməklə hakimiyyət ictimaiyyətə, xüsusi olaraq gənclərə ideoloji nəzarətini gücləndirməyə çalışır.

S.Rüstəmxanlı
S.Rüstəmxanlı

"Vətənpərvərlik hissi yazılmamış bir qanundur"

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı "Turan" agentliyinə bildirib ki, vətənpərvərlik hissi yazılmamış bir qanundur: "Hər bir ailənin borcudur ki, uşağını vətənə sevgi ruhunda tərbiyə eləsin. Vətən sevgisi qanunla olmur ki, vətən sevgisi qanunların üstündədir".

Deputat hesab edir ki, qanunla iş düzələn deyil, işin kökü təhsil sistemindədir: "O sistem özü yaxşı olmayandan sonra qanunla heç nə düzəlməyəcək. Amma, hər halda, sözügedən qanun qəbul edilərsə, onun da bir ziyanı olmayacaq".

"...Müharibə əleyhdarlarına qarşı istifadə oluna bilər"

Hüquq müdafiəçisi Samirə Ağayeva isə AzadlıqRadiosuna bildirib ki, vətənpərvərlik tərbiyəsi ilə bağlı qanun qəbul olunduğu halda alternativ fikirlərin səsləndirilməsi məhdudlaşdırıla bilər:

S.Ağayeva
S.Ağayeva

"Bu isə söz və fikir azadlığın pozulmasına gətirib çıxaracaq. Məsələn, gələcəkdə müharibə baş versə, həmin qanun müharibə əleyhinə çıxış edənlərə qarşı istifadə oluna bilər. Adam vətənpərvər olmaya, amma bununla yanaşı, dövlətə, dövlət quruluşuna, atributlarına zərər verməyə bilər. Adam kosmopolit ola bilər və bu onun hüququdur. Heç kəs onu zorla və ya qanun gücü ilə öz etiqadından imtina etməyə məcbur edə bilməz".

Ekspert qeyd edib ki, tədris sistemində vətənpərvərlik məqamları mövcuddur və bu, pozitiv haldır: "Lakin bu, tövsiyə xarakterli proqram yox, hər insanı vətənpərvər olmağa məcbur edən qanun olacaqsa, artıq azadlıqları məhdudlaşdıran bir problemə çevriləcək".

"Hakimiyyəti hesab edir ki, dövlət elə hakimiyyət deməkdir"

S.Ağayeva vurğulayıb ki, təklif olunan qanunvericilikdə vətənpərvərlik anlayışının necə tənzimləyəcəyi də böyük önəm daşıyır: "Qanun aydın və dəqiq olmalıdır. Vətənpərvərlik anlayışı necə xarakterizə olunacaq? Onun çərçivələri və kriteriyaları necə olacaq? Bunu kim müəyyənləşdirəcək? İnsan nə etməlidir ki, vətənpərvər hesab olunsun? Hakimiyyət həmin qanunu ideoloji vasitə kimi istifadə edib öz siyasi təbliğatını gücləndirə bilər. Azərbaycan hakimiyyəti hesab edir ki, dövlət elə hakimiyyət deməkdir və vətənpərvər insan hakim ideologiyasını bölüşməlidir".

N.Qulamoğlu
N.Qulamoğlu

Təhsil üzrə ekspert Nabatəli Qulamoğlu isə AzadlıqRadiosuna bildirib ki, ötən illərdə Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin da oxşar fikri var idi. Ekspert qeyd edib ki, vətənpərvərlik nə dərs deməklədir, nə o mövzuda tədris keçməklədir: "Vətənpərvərlik nümunələri göstərməklədir. Üç ayağı üzərində dayanan tərbiyə sistemi bizdə çox təəssüf ki, elə axsayır ki, ayaqların heç birinin üzərində dayana bilmir. Birinci - ailədir. Əgər ailə normal qidalanmırsa və onun üzvləri hər gün ictimai haqsızlıqla üzləşirlərsə, həmin ailənin uşağı necə tərbiyə ala bilər?".

"Belə olan halda biz şagirdə nə öyrədirik?"

N.Qulamoğlunun sözlərinə görə, ikinci məsələ məktəbdə aldığı tərbiyədir: "Orada vəziyyət necədir?".

Ekspertin fikrincə, 8 Martda, Müəllimlər Günündə pul yığılırsa, məktəblərdəki seçki məntəqələrində qutulara bülletenlər doldurulursa, vəziyyət xoş deyil: "Üçüncü ayaq isə ictimaiyyətdir. Bu sahədə də baş verən prosesləri, məhkəmələri, idarələri hamı görür. Belə olan halda biz şagirdə nə öyrədirik?".

Ekspert vurğulayıb ki, vətənpərvərliyi fənn kimi tədris etmək qəbuledilməzdır: "Vətənpərvərlik hər bir dərsdə, onu öyrədənin, tərbiyə edənin hər bir addımı ilə tədris olunur. Əgər müəllim, valideyn düzgün addım atırsa, vətəni sevmək üçün nümunə göstərirsə, uşağa "vətəni sev" demək lazım deyil. O özü baxıb görəcək və sevəcək. Mən deklarativ vətənpərvərliyin əleyhinəyəm".

XS
SM
MD
LG