13 saylı Vəkil Bürosunun üzvü Ruhid Əkbərov həbs olunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il azadlıqdan məhrum edilib. Vəkil CM-in 178 (dələduzluq) və 32.312-ci (rüşvət verməyə təhrik) maddələri ilə təqsirli bilinib.
Cinayət işinin materiallarında iddia olunur ki, Ruhid Əkbərov cinayət məsuliyyətinə cəlb edilmiş, həbsdə olan bir sıra şəxslərin vəziyyətini yüngülləşdirmək, onlara bəraət verdirmək adıyla onların ailə üzvlərindən pul alaraq onları aldadıb.
Vəkil ona pul verdiyini iddia edən şəxslərin şikayəti əsasında həbs olunub. O, təqsirləndirilən şəxs qismində tanınandan sonra bir müddət həbsdə saxlanılıb. Lakin istintaqın gedişində barəsində həbs-qətimkan tədbiri dəyişdirilib. O, martın 11-də hökm oxunarkən məhkəmə zalında yenidən həbs olunub.
Vəkil tərəfindən aldadıldığını iddia edən şəxslərdən birinin AzadlıqRadiosuna bildirdiyinə görə, pul Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi və başqa vəzifəli şəxslərə vermək adıyla alınıb.
Əkbərov özünü təqsirli bilməyib, heç kimi aldatmaq niyyətində olmadığını deyib.
Uzun illərdir vəkillik fəaliyyəti ilə məşğul olan Əkbərov hazırda həbsdə olan keçmiş deputat Hüseyn Abdullayevin də hüquqlarını müdafiə edib.
AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, Vəkillər Kollegiyasının Rəyasət Heyəti bir neçə ay öncə Əkbərovun vəkillik fəaliyyətinə xitam verilməsi üçün məhkəməyə müraciət edib: "Vətəndaşların şikayəti əsasında Rəyasət Heyəti onun vəkilliyinə xitam verilməsi haqda qərar qəbul edib. Amma bu məsələdə yekun qərarı məhkəmə verdiyinə görə Rəyasət Heyəti məhkəməyə müraciət edib".