Artıq bir neçə ildir ki, Azərbaycanda ara-sıra müzakirə olunan uşaqpulu mövzusu yenidən gündəmə gəlib. Sosial şəbəkələrdə 2006-cı ildən dayandırılan bu növ sosial müavinətin bərpa edilməsi ilə bağlı təkliflər çoxalıb. Təkliflərin bir hissəsində 18 yaşınadək uşaqların hamısına müavinətlərin verilməsinin vacibliyi qeyd olunur. Başqaları isə bu müavinətlərin yalnız aztəminatlı ailələrə verilməsini düzgün sayır. Yeri gəlmişkən, Ombudsmanın 2020-ci il üzrə parlamentə təqdim olunmuş məruzəsində də körpənin doğuşuna görə və 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə ödənilən müavinətlərin məbləğinin artırılmasının tövsiyə olunduğu bildirilir.
Nazir: "...Bu, 3.3 milyard manat pul edir"
Hələ 2020-ci ilin dövlət büdcəsinin Milli Məclisdə müzakirəsi zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev qeyd edib ki, Azərbaycanda 600 minə yaxın uşağa müxtəlif müavinətlər ödənilir. Onun sözlərinə görə, sağlamlıq imkanları məhdud uşaqlara 150 manat, onların valideynlərinə və ya qəyyumlarına 200 manat verilir: "Bu gün ən həssas kateqoriyadan olan 600 minə qədər uşağa bu vəsait ödənilir. Orta məbləğ də 100 manatın üzərindədir. Əgər biz bunu bütün uşaqlara şamil etsək, bu gün ölkədə 18 yaşına çatmamış 2 milyon 700 min uşaq var. Hələ, tutaq ki, ən aşağı onlara 100 manat vəsait ödənilsə, bu, 3.3 milyard manat pul edir".
S.Babayev ölkədə minimum pensiyaların, əmək haqlarının, o cümlədən də 600 min insanın müavinət və təqaüdünün artdığını xatırladıb:
"Belə də davam edəcək"
"Bu gün, yəni, konkret ünvanlı olmayan, hamını əhatə edən bir proqram əvəzinə ünvanlı, sosial cəhətdən ən həssas kəsimləri əhatə edən və çox əhəmiyyətli sosial proqramlar maliyyələşdirilir. Ona görə də hökumətin seçimi bu istiqamətdə oldu və belə də davam edəcək".
2021-ci ilin dövlət büdcəsinin müzakirələri zamanı da bəzi deputatlar uşaq pulunun verilməsini təklif etsələr də, həmin təkliflər nəticəsiz qalmışdı.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Soltan Məmmədov "Turan" agentliyinə bildirib ki, əhalinin sosial rifahının yaxşılaşdırılması üçün dövlət tədbirlər görür və deputatlar hər zaman bu tədbirləri dəstəkləyib:
"Saymaqla qurtarmır"
"Eyni zamanda, dövlətimiz hazırda müavinətlərdən çox, insanların iş yerləri ilə təmin olunması, onların aktiv fəallığının artırılması üçün hər şey edir. Bu gün həm pensiyaların artırılması ilə bağlı, həm də Əmək Məcəlləsində bu məsələlərlə bağlı daim yeniliklər edilir".
Komitə üzvünün sözlərinə görə, son bir ildə sosial siyasət sahəsində qanunvericiliyə böyük dəyişikliklər edilib: "Saymaqla qurtarmır".
S.Məmmədov vurğulayıb ki, uşaqpulu məsələsi də dəfələrlə qaldırılıb: "Digər müavinətlərin, ünvanlı sosial yardımların bir hissəsini uşaqpulu ilə əvəz olunması təklif olunmuşdu. Əhalinin sosial rifahının yaxşılaşması üçün istənilən tədbiri biz də, dövlət də dəstəkləyirik. "Gəlin bunu yığışdıraq, onun yerinə bunu verək" demək asandır. Amma bunların hamısı qiymətləndirmə, müəyyən bir hesablamalar aparmaqla həyata keçirilməlidir ki, bu, həm bütün hədəf qruplarını əhatə etsin, həm də bu gün keçirilən sosial siyasətə uyğunlaşsın".
Deputat əlavə edib ki, qiymətləndirmələr və hesablamalar aparılandan sonra dövlət qurumları bu təklifi parlamentin komitələrinə müzakirələr üçün təqdim edə bilərlər: "Parlamentdə həmkarlarım tərəfindən bu məsələ ilə bağlı fikir mübadiləsi aparılıb. Amma bu günə qədər nə dövlət qurumları, nə də deputatlar tərəfindən bu məsələ komitəyə təqdim olunub. Təqdim olunduğu halda, əlbəttə ki, məsələ müzakirə olunacaq. Məsələni müzakirə etmək üçün bunun həm mənfi, həm də müsbət tərəflərini araşdırmaq lazımdır".
"Dövlət hər ay uşaqpulunu verməlidir"
İqtisadçı Vahid Məhərrəmli isə hesab edir ki, uşaq pulunun verilməsi çox vacibdir: "Hakimiyyət ölkədəki gərgin sosial-iqtisadi vəziyyətinin fonunda uşaqların vəziyyətini nəzərə almalıdır. Bizim hesablarımız göstərir ki, ölkədə 3 milyona yaxın işsiz var, insanların sosial-iqtisadi durumu getdikcə pisləşir. Yeni nəslin sağlam yetişməsi üçün isə uşaqların sosial rifahı təmin olunmalıdır. Buna görə də dövlət hər ay uşaqpulunu verməlidir".
V.Məhərrəmli AzadlıqRadiosuna bildirib ki, bu praktika SSR dönəmdə var idi və hazırda əksər dünya ölkələrində mövcuddur. Onun fikrincə uşaqpulunun verilməsi ölkə əhalisinin alıcılıq qabiliyyətini də artıra bilər: "Bu da istehlakın artmasına gətirib çıxara bilər. Bu isə, öz növbəsində, real sektorun inkişafına stimul verər və ölkə iqtisadiyyatı böyüyər".
O qeyd edib ki, ölkədə 2.5 milyona yaxın uşaqlar var: "Onların hamısına uşaqpulu tətbiq oluna bilər. Uşaqların hər birinə ayda 100 manat verilərsə, bu, 2.5 milyard manat deməkdir. Azərbaycanın kifayət qədər maliyyə resursları var. Dövlət başçısı da qeyd edib ki, 41 milyard manat maliyyə ehtiyatımız mövcuddur. Buradan da 2.5 milyard ayırmaq böyük bir problem yaratmayacaq. Bundan əlavə, iqtisadiyyat get -gedə böyüdükcə, bu maliyyə daxili resurslar hesabına əldə ediləcək".
İqtisadçının fikrincə, bu, digər formalarda da hesablana bilər: "Məsələn, belə bir model tətbiq edilə bilər ki, ailə üzvünün payına düşən gəlir orta əməkhaqqından müəyyən faiz artıqdırsa, həmin ailəyə uşaqpulu verilməyə bilər. Burada əsas hədəf aztəminatlı ailələr olmalıdır ki, onlara uşaqpulu mütləq verilməlidir".
Xatırlatma
2006-cıil yanvarın 1-nə kimi Azərbaycanda uşaqlara aylıq müavinət verilib. Həmin tarixdən bu, ailələrə ünvanlı sosial yardımla əvəzlənib.