Martın 12-də Xəzər rayonu, Türkan qəsəbəsində yaşayan 91-yaşlı Xumara Şabanova, 81-yaşlı Əzizəxanım Atayeva və 80-yaşlı Tamara Süleymanova etiraz aksiyası keçirib. Onlar özlərinin ölmüş kimi rəsmiləşdirilib torpaqlarının əllərindən alınması ilə əlaqədar hüquqlarının bərpasında yardım etmiş qəsəbə sakini Natiq Məhəmmədsoyun həbsinə etiraz ediblər.
"Bizdə ümid yarandı ki..."
Məhəmmədsoy martın 5-də narkotik və silah saxlama ittihamı ilə cinayət məsuliyyətinə cəlb olunub. Xəzər rayon Məhkəməsi onun barəsində həbs-qətimkan tədbiri seçməyib, istintaq dövründə ev dustaqlığında qalmasına qərar verib. Prokurorluq bu qərardan apellyasiya protesti verərək onun ləğvini və Məhəmmədsoyun həbsini tələb edib. Martın 12-də Bakı Apellyasiya Məhkəməsində sözügedən protestə baxılıb.
Məhkəmə iclası başlamazdan öncə etiraz aksiyası keçirən qadınları məhkəmə binasına dəvət edərək məsul şəxslərin onlarla görüşəcəyini bildiriblər. Görüşdən sonra AzadlıqRadiosuna açıqlama verən Əzizəxanım Atayeva bildirib ki, onlara bu işə ədalətli baxılacağına söz veriblər: "Bizdə ümid yarandı ki, prokurorluğun istədiyini etməyəcəklər. Hətta işi tam bağlayacaqlar. Açıq görünür ki, bu şərləmədir. Bu adamı bizə vəkil tapmağa, şikayətlərimizi göndərməyə kömək etdiyinə görə şərləyiblər".
"Üç uşağı var onun, kim dolandıracaq?"
Qadınlar bundan sonra müsbət nəticəyə ümid bəsləyərək məhkəmə binasını tərk ediblər. Saat 16:00 radələrində hakim Kamran Əkbərovun sədrliyi ilə Məhəmmədsoyun işinə baxılıb və prokurorluğun protesti təmin edilib. O, məhkəmə zalında həbs olunub. İlkin istintaq dövrü üçün onun barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Məhəmmədsoyun vəkili Cavad Cavadov AzadlıqRadiosuna bildirib ki, bu cür işlərdə apellyasiya məhkəməsinin qərarından yuxarı instansiyaya şikayət nəzərdə tutulmayıb: "Onun həbsdən çıxması üçün bütün mümkün hüquqi addımları atacağıq".
Cavadov müvəkkilinin təqsirsiz olduğunu vurğulayıb.
Məhəmmədsoyun anası Tamara Süleymanova AzadlıqRadiosuna bildirib ki, oğlunun həbsi ilə əlaqədar Baş Prokurorluğun, Prezident Administrasiyasının qarşısında etiraz aksiyaları keçirəcəklər: "Bu qədər haqsızlıq, bu qədər həyasızlıq, bu qədər özbaşınalıq olmaz. Üç uşağı var onun, kim dolandıracaq? Heç araq içməyən adamı narkotiklə, silahla şərləyib tuturlar, hökumət də buna göz yumur. Belə zülm olar?!".
Baş Prokurorluğa şikayətə gediblər
Həm Məhəmmədsoy özü, həm də torpaqları zəbt olunmuş qadınlar baş verənlərə görə Xəzər rayon prokuroru Fəxri Ələsgərovu ittiham edir. Onlar martın 10-da Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin rəisi Eldar Sultanovun qəbulunda olarkən də Ələsgərovdan şikayətləniblər.
"Eldar müəllimə məsələnin mahiyyətini çatdırdıq ki, mən yaşlı analara vəkil tapmaqda, pozulmuş hüquqlarının bərpası üçün kömək etmişəm. Buna görə məndən qisas alırlar. Xəzər rayonunun prokuroru Fəxri Ələsgərov özbaşınalıq edir, dövlətin gücündən şəxsi qərəz məqsədilə istifadə olunur. Eldar müəllim söz verdi ki, Baş prokuror Kamran Əliyevə məruzə edəcək", - Məhəmmədsoy martın 11-də AzadlıqRadiosuna belə demişdi.
Onun sözlərinə görə, əvvəldən də xəbərdarlıq olunmuşdu ki, əgər çəkilib kənarda dayanmasa, cəzalanacaq: "Ölü kimi qələmə verilib torpağı zəbt olunan yaşlı analara kömək etdiyimə görə məni şərlədilər. Bütün kənd məni tanıyır, hamı bilir ki, pis vərdişlərdən uzaq adamam. Narkotiki də, maşına silahı da özləri qoydular. Bircə evdəki ov tüfəngi mənimdir. O da babamın atasından qalıb".
O, məhkəmədə də ittihamın saxta olduğunu, narkotik və silahın polislər tərəfindən qoyulduğunu deyib.
Xatırlatma
Atayeva və Şabanova ölmüş şəxs kimi rəsmiləşdirilərək adlarına olan torpaq sahələri ələ keçirilib. Onların dövlət orqanlarına şikayətlərindən sonra Xəzər rayon icra başçısının Türkan qəsəbəsi üzrə sabiq icra nümayəndəsi Rahil Babayev, qəsəbə sakini Çingiz Səfərov və Daşqın Nəsirov (Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğludur – red.) həbs olunub. Onlara qarşı CM-in 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 313 (vəzifə saxtakarlığı) və 320.2-(rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Onlarla bağlı araşdırmalar Baş Prokurorluğun İstintaq İdarəsində davam edir.
Məhəmmədsoya qarşı ittiham irəli sürülmüş CM-in 234.2 (satış məqsədilə narkotik əldə etmə, saxlama) və 228.1 (qanunsuz silah saxlama) maddələrində 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.