Hamı buraxılıb
"Aksiya iştirakçıların hamısı sərbəst buraxılıb". Bunu AzadlıqRadiosuna aksiya iştirakçıları deyib. Onların vurğulamasına görə, daha sonra da aksiyaya cəhd ediblər: "Fəallar "Şiddətə susma, şiddətə dözmə" şüarları səsləndirdi, plakatlar qaldırdılar. Ərazidə olan polis əməkdaşları aksiyaçıların əlindən plakatları alıb cırdılar. Daha sonda fəallar bəyanat oxudu. Bəyanatda ölkədə baş verən qadın qətlləri siyasi adlandırılıb, ölkədə gender bərabərliyinin olmaması qeyd olunub. Polis aksiya iştirakçılarını ərazidən uzaqlaşdırdı".
Onların deməsinə görə, yenidən saxlanan olmayıb.
Amma bu deyilənləri Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.
Rəbiyyə Məmmədova: "Hazırda xəstəxanaya gedirəm"
Aksiyadan öncə saxlandığını, daha sonra buraxıldığını bildirən Rəbiyyə Məmmədova qeyd edir ki, ona fiziki təzyiq göstərilib. Xanımın iddiasına görə, maşında hətta saçları yolunub: "Hazırda xəstəxanaya gedirəm, qulağımda və boğazımda ağrılarım var".
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Kütləvi informasiya vasitələri (KİV) və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə "Turan" agentliyinə bu deyilənləri təkzib edib: "İddialar əsassızdır. Polis tərəfindən əvvəlcədən edilən xəbərdarlığa uyğun olaraq qanunsuz aksiyanın qarşısı alınıb. Hər hansı bir şəxsin fiziki təzyiqə məruz qalması ilə bağlı iddialarını qəti olaraq təkzib edirəm. Belə bir hal yoxdur".
+++
Bu gün, martın 8-də bir qrup qadının Bakıda etiraz aksiyası keçirəcəyi gözlənirdi. Amma hələ aksiya başlamazdan öncə Fəvvarələr meydanına çoxlu sayda polis yerləşdirildi. Polis ərazinin yaxınlığındakı kafelərdən birində fəalları saxladı. Saxlananlar arasında Vəfa Nağı, Aytac Ağazadə, Sevgi İsmayılbəyli və Zəhra Kələndərova olub.
Aksiya başlayan andan da əraziyə cəlb olunmuş polis qüvvələri iştirakçıların əlindən plakatları alıb. Aksiya iştirakçıları polis maşınlarına mindirilərək aparılıb. Ümumilikdə 10-dan artıq fəalın saxlanıldığı bildirilir.
DİN-in mövqeyi...
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Kütləvi informasiya vasitələri (KİV) və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev "Turan" agentliyinə bildirib ki, qanunsuz aksiyaya cəhdin qarşısını polis alıb: "Bu barədə əvvəlcədən Daxili İşlər Nazirliyi tərəfindən müvafiq xəbərdarlıq edilmişdi və xəbərlərdə vurğulanırdı ki, razılaşdırılmamış aksiyanın qarşısı alınacaq. Bu tələblərə əməl etməyən şəxslər ərazidən uzaqlaşdırılıb".
E.Hacıyev əlavə edib ki, saxlanılan yoxdur, məsələ ilə bağlı əlavə məlumat veriləcək.
Mülki geyimlilər...
Bu gün, martın 8-də bir qrup qadının Bakıda keçirmək istədiyi aksiya zamanı prosesi izləyən jurnalistlərə də maneələr yaradıb. Aksiyaya cəhdin qarşısını alanlar arasında mülkü geyimli şəxslər də olub.
Üstəlik, fəallar Daxili İşlər Nazirliyinin sözçüsünün aksiyada saxlananların olmaması ilə bağlı dediklərini təkzib ediblər.
Onların bu dediklərini isə, hələlik, Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.
Xatırlatma
Hələ bir müddət öncə bir qrup fəal Bakı şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edərək martın 8-də "8 Marş - Haqlarımız uğrunda" adlı yürüş keçirmək istədiklərini bildirmişdilər. Amma onlar BŞİH-dən müsbət cavab almamışdılar.
Təşkilatçıların sözlərinə görə, qurum bu qərarı planlaşdırılan yürüşün marşrutunun nəqliyyatın və insanların sıx olması ilə əlaqələndirib. Aksiya yeri kimi Fəvvarələr Meydanı göstərilmişdi.
Təşkilatçılar bildirmişdilər ki, BŞİH-in imtinasına baxmayaraq, onlar aksiyanı təxirə salmaq niyyətində deyillər. Təşkilatçıların deməsinə görə, yürüşün əsas məqsədi gender əsaslı zorakılığa və qətllərə diqqəti çəkməkdir.
8 Mart Beynəlxalq Qadınlar Günüdür.