Keçid linkləri

2024, 04 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 22:12

'Qadını ucaldacaq cəmiyyət qurmağa çalışsaq, 8 Mart yada düşməyəcək'


16 yaşında ana olan, boşanan Arzu: '80 manatla necə dolanım?'
Gözlə

No media source currently available

0:00 0:04:34 0:00

16 yaşında ana olan, boşanan Arzu: '80 manatla necə dolanım?'

Hər il Beynəlxalq Qadınlar Günü kimi qeyd olunan 8 Mart Beynəlxalq İşçi Qadınlar Günü kimi də tanınır. 163 il əvvəl kişilərlə müqayisədə daha aşağı əməkhaqqına, uzun iş saatlarına, seçib-seçilmək hüququnun məhdudlaşmasına qarşı başlanan mübarizə bəzi ölkələrdə hələ də müxtəlif formalarda davam edir. Azərbaycanda isə Konstitusiyaya görə, qadın və kişi eyni hüquqlara malikdirlər.

Dövlət Statistika Komitəsi bildirir ki, 2021-ci ilin əvvəlinə Azərbaycan əhalisinin 50.1 faizini qadınlar təşkil edib. Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 81 faizi, həkimlərin üçdə ikisi qadınlardır.

Ümumi təhsil müəssisələrində oxuyanların 46.4 faizi, orta ixtisas təhsil müəssisələrində 62.4 faizi, ali təhsil müəssisələrində isə 48.9 faizi qızlardır. Habelə bildirilir ki, elmi işçilərin 58.1 faizi qadınlardır. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 29 faiz, sahibkarlar arasında 21.3 faizdir.

Amma son illər doğulan uşaqlar arasında qızlar 50 faizdən azdır.

F.Mustafa
F.Mustafa

"Qadın üçün ayrıca dövlət komitəsi yaratmışıq"

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Fazil Mustafa "Turan" agentliyinə bildirib ki, mahiyyətcə 8 Mart qadınların hüquqlarının tanınması günüdür. Onun sözlərinə görə, Azərbaycan müasir dövlətdir və qadına dünyanın irəli sırada olan ölkələrinin verdiyi hüquqların hamısı verilib: "Həm də birbaşa Anayasada. Qadın üçün ayrıca dövlət komitəsi yaratmışıq. Qadın üçün parlamentdə ayrıca komitə yaratmışıq. Qadınlara dair bütün konvensiyaları imzalamışıq. Hətta "Gender bərabərliyi haqqında" Qanun da qəbul etmişik. Hərfi mənada qadın azadlığının bütün çərçivələrini tanıyırıq".

"Qadınların əməyinin istismar faizi yuxarıdır"

Lakin F.Mustafa vurğulayıb ki, hələ də qadının cəmiyyətdə təsirli rolunu qaldırmaq mümkün olmayıb: "Qadınlar üçün müəyyənləşdirilən əxlaq, namus, milli adət-ənənə çərçivəsi kişilərə də aid edilmədiyinə görə qadınlar birtərəfli ittiham olunan varlıqlar kimi qalmaqda davam edirlər. Hələ də qadınları yetərincə savadlı yetişdirməyə imkan tanıyan təhsil şəbəkəsi qura bilməmişik. İdman infrastrukturunda Azərbaycan qadınının heç 5 faizi öz məşğulluğunu tapa bilməyib. Şəhərlərdə də, bölgələrdə də qadınların əməyinin istismar faizi çox-çox yuxarıdır".

'Bəlkə də Bakıda yeganə dülgər qadın mənəm'
Gözlə

No media source currently available

0:00 0:02:02 0:00

"İldən-ilə boşanmış qadınların sayı artır"

Deputat qeyd edib ki, qadınlar insan alveri qurbanlarına, əsasən, sosial şərtlərin ağırlığına görə çevrilirlər. O vurğulayıb ki, ildən-ilə boşanmış qadınların sayı artır və onlara qarşı cəmiyyətdə etibarsızlıq sindromu güclənir: "Milli mentalitetimiz erkəyin cinsi xəyanətinə "kişilik davranışı", qadının cinsi xəyanətinə "əxlaqsızlıq" adı verib. Narkotik aludəçisi olan qadınların sayı da az deyil. Onların da bu amansız vərdişə qurşanmasında kişi siluetlərini asanlıqla görə bilirsən. Bu gün Azərbaycanda dini cəhalətin avanqardlarının əhəmiyyətli hissəsi qadınlardır...".

"Əksəriyyəti ictimai dəyər daşıyıcısına çevrilə bilməyib"

F.Mustafanın fikrincə, 8 Martın qayəsi qadın hüquqlarına diqqət çəkməkdir: "Bizdə qadına hədiyyə paylamaq bayramı kimi baxılır. Onun hüquq və azadlıqlarını yada salmaq lazımdır. Biz əsrlərdir onlara yalnız vəzifə və ya borc mükəlləfiyyəti vermişik. Analıqdan tutmuş, yemək bişirmə, zibil təmizləmə, pambıq yığma, üzüm dərmə, toyuq-cücə saxlamaq... Vəzifəyə başı qarışmış Azərbaycan qadının əksəriyyəti ictimai dəyər daşıyıcısına çevrilə bilməyib. Azərbaycanda qadının ilk dəfə ictimai dəyər daşıdığı tarix Zeynalabdin Tağıyevin qız məktəbinin ilk məzunlarının buraxılış günündən (1905-ci il) başlayır".

Azərbaycanda ailələr ən çox nə üstündə dağılır?
Gözlə

No media source currently available

0:00 0:04:02 0:00

"Bəri-bəzəkli, güllü-qönçəli hədiyyələrlə baş aldatmağa çalışmaq yerinə..."

Deputat hesab edir ki, uğurlu Azərbaycan qadını öz vəzifə borcu ilə hüquq və azadlıqlarının tarazlığını saxlayanlardır. Onun sözlərinə görə, əslində, 8 Mart öz hüquqlarını tanıyan, öz hüquq və azadlıqlarının tapdanmasına imkan verməyən qadınların bayramıdır: "Bəri-bəzəkli, bahalı, güllü-qönçəli hədiyyələrlə baş aldatmağa çalışmaq yerinə qadının başını ucaldacaq cəmiyyət qurmağa çalışsaq, heç 8 Mart bir bayram kimi yadımıza da düşməyəcək".

Qadın hüquqları fəalı Gülnarə Mehdiyeva isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycanda qadın hüquqları ilə bağlı problemlərin əyani sübutu yanvar ayından bu günə kimi baş verən cinayətlərdir: "Qısqanclıq zəminində qadınların amansız qətlləri, çoxsaylı qadın intiharları... Bütün bunlar transgender qadınlara da aiddir. Onların haqlarını, ümumiyyətlə, heç kəs müzakirə eləmir".

"Azərbaycanda qadınlar hüquq-mühafizə orqanlarına müraciət etmək istəmir"

G.Mehdiyevanın deməsinə görə, keçən il belə bir qadın bıçaqlanmışdı və xəstəxana onu qəbul etmək istəmirdi: "Əgər qadınlar bu gün hüquq-mühafizə orqanlarına yox, aktivistlərə müraciət edirlərsə, bu o deməkdir ki, sistem düzgün işləmir".

Feministlər: '8 Mart belə qeyd olunmamalıdı'
Gözlə

No media source currently available

0:00 0:02:24 0:00

Fəalın sözlərinə görə, Azərbaycanda qadınlar bir çox hallarda hüquq-mühafizə orqanlarına müraciət etmək istəmir: "Çünki müraciət olunsa belə, nəticədə qadın onu döyən kişi ailə üzvü ilə ya barışdırılır, ya işə baxılmır və nəticədə daha ağır fəsadlarla qarşılaşırlar...".

G.Mehdiyeva qeyd edib ki, ölkədə məişət zorakılığın qurbanları üçün sığınacaqların sayı yetərli deyil. Onun deməsinə görə, həmçinin qadınların sosial vəziyyəti qənaətbəxş deyil və məşğulluq problemi var: "Belə olan halda qadın işləyə bilmir, müstəqil deyil və asılı vəziyyətdə qalır".

"Hökumətə sərf etmir ki, kimsə öz hüquqlarını bilsin"

Fəal hesab edir ki, Azərbaycanda qadın hüquqları ilə bağlı vəziyyətin qənaətbəxş olmamasının iki səbəbi var: "Birincisi, Azərbaycan hökuməti özü və tirajladığı fikirləri patriarxaldır. Prezident İlham Əliyevin özü öz çıxışlarında milli-mənəvi dəyərlərdən danışır və onun üçün bu dəyərlər birinci yerdədir. İkincisi isə, hökumətə, ümumiyyətlə, sərf etmir ki, kimsə öz hüquqlarını bilsin, çünki irəlidə bu, başqa hüquqları tələb etməsinə gətirib çıxaracaq".

Azərbaycan rəsmiləri isə, bir qayda olaraq, belə fikirlərlə razılaşmırlar. Onlar deyir ki, ölkədə bütün fundamental hüquqlar qorunur. Üstəlik, onların vurğulamasına görə, ölkədə gender bərabərliyi hökm sürür.

XS
SM
MD
LG