Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:54

Bloqer və ictimai fəal həbs olunublar


İ.Salamov və E.Həsənzadə
İ.Salamov və E.Həsənzadə

Bloqer Elçin Həsənzadə və ictimai fəal İbrahim Salamov (Türksoy) martın 2-də məhkəmə zalında həbs olunub. Şəki Apellyasiya Məhkəməsində onların hər birinin 8 ay azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb. Həsənzadə və Türksoy CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə təqsirli bilinib.

Onlar Mingəçevir şəhərinin Mənzil İstismar İdarəsinin rəisi Şəhriyar Mustafayevin xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında cəzalandırılıb. İddiaya səbəb isə Həsənzadə və Türksoyun sosial şəbəkələrdə paylaşdığı yazılar olub. Bloqer bildirib ki, tənqidi yazılarına görə sifariş əsasında Mustafayev onu Mingəçevirdə kirayə qaldığı mənzildən çıxarıb. Mustafayev isə bu haqda deyilənlərin böhtan olduğunu iddia edir.

İdarə rəisinin iddiasına 2020-ci ilin noyabrında Mingəçevir şəhər Məhkəməsində baxılıb və hər birinin 1 il islah işlərinə məhkum edilməsi haqda hökm çıxarılıb. Xüsusi ittihamçı bu hökmdən narazı qalıb və Həsənzadə ilə Türksoyun cəzasının ağırlaşdırılması üçün apellyasiya şikayəti verib.

"Şərlənib həbs olunmağımıza səbəb..."

Həsənzadə hesab edir ki, Mingəçevirin icra başçısı şəhərdəki məmur özbaşınalığı haqda yazılarına görə onu cəzalandırır. Sadəcə, bunu Mənzil İstismar İdarəsinin rəisinin əli ilə həyata keçirir.

"Bu gün həm də "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun güllələnməsinin 16 ili tamam olan gündür. Şəki Apellyasiya Məhkəməsində bizə Mingəçevirin icra başçısının göstərişi ilə həbs hökmü çıxarıla bilər. Bizim şərlənib həbs olunmağımıza səbəb sosial şəbəkələrdə və KİV-də korrupsioner məmurlar haqqında tənqidi yazılarımızdır", – Həsənzadə martın 2-də məhkəmədən öncə Facebook hesabından paylaşımında yazıb.

Həsənzadə uzun müddət yaşadığı Sumqayıt şəhərində nəşr olunan yerli qəzetlərlə əməkdaşlıq edib. O, son illərdə müvəqqəti Mingəçevirə köçmüşdü. Bu üzdən Mingəçevir şəhər Məhkəməsində işə baxılanda da etiraz edərək bildirirdi ki, iddia ərizəsi onun qeydiyyatda olduğu ünvan üzrə – Sumqayıt şəhər Məhkəməsinə verilməlidir.

XS
SM
MD
LG