Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:47

Müharibə əlilləri dövlətin verdiyi mənzilləri özəlləşdirmək istəyir


Ramana qəsəbəsində Qarabağ müharibəsində həlak olanların ailələri üçün tikilmiş binalar. 2021
Ramana qəsəbəsində Qarabağ müharibəsində həlak olanların ailələri üçün tikilmiş binalar. 2021

Azərbaycan dövləti indiyə kimi ölkənin ərazi bütövlüyü uğurunda həlak olan 9 min 200-dək şəxsin ailəsinə və o cümlədən müharibə əlillərinə mənzil, fərdi ev verib. Üstəlik, bu il də həmin kateqoriyadan olan 3 min vətəndaş mənzillə, fərdi evlə təmin olunacaq.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında bildirilir.

Lakin onlara dövlətin verdiyi mənzilləri öz adlarına özəlləşdirməyin mümkün olmadığı deyilir. Bakı şəhəri, Qaradağ rayonunda yaşayan B.P. AzadlıqRadiosuna bildirib ki, Birinci Qarabağ müharibəsinin əlili kimi dövlətdən pulsuz mənzil alıb. Onun sözlərinə görə, yaşadığı binada 81 mənzil var: "Bütün bu mənzillərdə şəhid ailələri və Qarabağ müharibəsi əlilləri yaşayır. Hamımız bu mənzilləri 2010-cu ildə sərəncamla almışıq və artıq 11 ildir bu mənzilləri özəlləşdirə bilmirik".

20 ildi kirayələrdə yaşayan, ev ala bilməyən Qarabağ əlili
Gözlə

No media source currently available

0:00 0:04:20 0:00

"Uşaqları mənzili öz adına rəsmiləşdirə bilmir"

Şikayətçi bildirir ki, bu illər ərzində ailələrdə övladların sayı artıb, yeni ailələr yaranıb, binada yaşayanlar çoxalıb: "Hətta mənzillər verilən şəxslərin bəziləri vəfat edib, uşaqları isə mənzili öz adına rəsmiləşdirə bilmir. Ona görə də onlar mənzillərinə mülkiyyət hüquqlarının olmasını istəyirlər".

B.P. əlavə edib ki, sakinlər mənzillərinin özəlləşdirilməsinə icazə verilməsi üçün dəfələrlə müxtəlif dövlət qurumlarına müraciət etsələr də, problemləri həll olunmayıb: "Qapısı döyülən ünvanlarda bizə bu məsələnin prezidentin səlahiyyətində olduğu cavabı verilib. Cənab prezidentə də yazmışıq, amma şikayətlər, müraciətlər prezidentə çatır, ya çatmır, bunu bilmirik. Belə çıxır ki, şəhid ailəsi, müharibə əlilləri mülkiyyətçi deyil, istifadəçi olurlar".

Rəsmi izah

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin şöbə müdiri Murad Həşimov “Turan” İnformasiya Agentliyinə bildirib ki, Mənzil Məcəllənin III-IV bölmələrinə əsasən verilən mənzillər sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir:

"Həmin Məcəllənin 146.4-cü maddəsinə əsasən dövlət mənzil fondunun bu Məcəllənin 146.1-ci maddəsinə aid edilməyən yaşayış sahələrinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda özəlləşdirilməsinə yol verilir. Həmçinin "Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Qanununun tətbiq edilməsi barədə Prezidentin 2009-cu il 27 avqust tarixli Fərmanının 2.1-ci bəndinə əsasən həmin maddədə nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Prezidenti həyata keçirir".

E.Qədirli
E.Qədirli

"Məcburi köçkünlərin azad olunmuş torpaqlara köçürülməsi də var"

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Erkin Qədirli də "Turan" agentliyinə bildirib ki, həmin mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansındadır və onların özəlləşdirilməsinə icazə verilmir:

"Yəqin ki, bir müddət belə olacaq, çünki balansdan silmə məsələsi var, özəlləşdirmə də uzun sürə biləcək bir prosesdir. Həm də məcburi köçkünlərin azad olunmuş torpaqlara köçürülməsi də var. Məcburi köçkünlər "Böyük qayıdış" proqramı çərçivəsində mərhələli şəkildə onlara verilən evləri boşaldacaq. Həmin mənzillər qazilərə və şəhid ailələrinə veriləcək. Ona görə də bu kompleksdə baxılmalı məsələdir".

Deputatın fikrincə, məcburi köçkünlərin köçürülməsi prosesi bitənə qədər bu problem yəqin ki, qalacaq: "Çünki burda tək mülkiyyət məsələsi deyil, bütöv sosial siyasət məsələsidir".

Gecəqondudan könüllü əsgər gedən kasıb balası
Gözlə

No media source currently available

0:00 0:03:00 0:00

"Bu, xidmət mənzili də deyil"

Komitə üzvü də hesab edir ki, ölkənin ərazi bütövlüyü uğurunda həlak olanların ailələrinə və müharibə əlillərinə verilən mənzili dövlət onlara hədiyyə kimi verməlidir: "Çünki şəxs vətən uğurunda borcunu yerinə yetirib və bu ailələr dövlət tərəfindən qayğı görməlidir. Bu qayğı hər zaman dövlətdən nəsə istəmək şəklində olmamalıdır. Dövlət onlara mülkiyyət verməlidir və həmin mülkiyyət nəsildən- nəsilə keçə bilməlidir".

Deputatın vurğulamasına görə, vərəsəlik məsələsi də var: "Yaşlılardan gənclərə bu evlərin keçməsi üçün onlarda mülkiyyət hüququ olmalıdır. Bu, xidmət mənzili də deyil, hansı ki, daimi yaşayış yerindən başqa yerə göndərilən hərbçilərə və yaxud dövlət qulluğunda olanlara verilir. Bu mənzillər həmin şəxslərə xidmət etdiyi üçün verilir. Burda isə xidmət məsələsi deyil, adamlar vətən qarşısında Konstitusion borcunu ödəyib və dövlət onlara mülkiyyət verməlidir".

Deputat qeyd edib ki, bu məsələdə siyasi qərar olmalıdır və onu qanuni şəkildə rəsmiləşdirmək lazımdır.

Ə.Məmmədli
Ə.Məmmədli

"Bu mülkiyyət əl dəyişməsin və satılmasın"

Hüquqşünas Ələsgər Məmmədli isə AzadlıqRadiosuna bildirib ki, sözügedən qrup şəxslərin mənzilləri özəlləşdirə bilməməsinin səbəbi qoruyucu xarakter daşıyır: "Yəni, tutalım ki, bir şəhid ailəsinə ev verilib, o da bu evi satdı və yenə də şəhidin övladları qaldı ortada. Özəlləşdirmə hüququnun verilməməsi burada o məqsədə xidmət edir ki, ev şəxslərin istifadəsinə daimi əsaslarla verilir. Evin verilməsi məqsədi də odur ki, bu kateqoriya şəxslərin ev ehtiyacları təmin olunsun, yaşaya biləcəkləri bir ev olsun. Amma mülkiyyəti verilmir ki, bu mülkiyyət əl dəyişməsin və satılmasın".

Hüquqşünasın fikrincə, burada dövlətin apardığı siyasət qoruyucu siyasətdir: "Bəzən görürsən ki, şəhidin yoldaşı deyir, "ev mənə düşür", ata deyir, "yox, mənə düşür" və başlayırlar onun bölüşmə problemlərini yaşamağa. Bunların qarşısını almaq üçün bu metoddan istifadə olunur".

XS
SM
MD
LG