Hesablama Palatası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında yoxlama aparır.
Bu barədə "Turan" agentliyinə Hesablama Palatasından məlumat verilib.
Qurumdan bildirilib ki, proses bitəndən sonra yoxlamanın nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.
Məsələyə, hələlik, Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Şurasından isə münasibət öyrənmək mümkün olmayıb.
Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası prezidentin 2007-ci il dekabrın 13-də imzaladığı fərman ilə yaradılıb. Qurumun sədri deputat Azay Quliyevdir.
2021-ci ilin dövlət büdcəsindən QHT-lərə Dövlət Dəstəyi Şurasına 6.3 milyon manat ayrıldığı bildirilir.