Lerik rayonunun dağ kəndlərinə 35-40 santimetr qar yağdığı deyilir.
Yerli sakinlərin AzadlıqRadiosuna bildirməsinə görə, yollar buz bağlayıb, nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşıb.
Rayonun Orand kənd sakinlərindən biri deyib: "Bizi ən çox narahat edən şaxtanın çox olmasıdır. Yollar açıqdır, ancaq buz bağlayıb, hərəkət etmək mümkün deyil. Bu il yağıntı az oldu, narahat idik. İndi qar yağdı. Ən çox ziyan meyvəçiliyə dəyəcək. Bəzi meyvə ağacları çiçək açmışdı, şaxta vuracaq".
"Qar üç gündür yağır"
Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov isə deyir ki, rayonun mərkəzində və onun ətrafında qar az olsa da, şaxta yüksəkdir: "Şaxta çoxdur. Qar buralarda 4-5 santimetr, dağlarda isə 30-40 santimetrdir. Qar üç gündür yağır (fevralın 23-dən başlayıb). Şaxtanın çox olması narahatlıq yaradır. Əkin üçün narahatçılıq yoxdur. Bağçılıqla bağlı problem var. Rayonun aran tərəfində meyvə ağacları çiçək açmışdı. Xüsusən alça ağacları. Təbiət oyanmışdı, qar yağdı, şaxta oldu".