Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:42

Çörəyin bahalaşmasından və çəkisindən şikayətlər...


Çörək
Çörək

Son günlər Bakıdakı bəzi mağazalarda çeşid və çəkisindən asılı olaraq çörəyin təqribən 10 qəpik bahalaşdığı bildirilir. Hətta bəzi sosial şəbəkə istifadəçiləri iddia edirlər ki, qiymət bahalaşması ilə yanaşı, çörəyin çəkisi də azalıb.

Fevralın 23-də Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, Azərbaycana buğda idxalı, satışı, unun, çörəyin istehsalı və satışı daha 3 il əlavə dəyər vergisindən (ƏDV) azad olunub. Habelə, Nazirlər Kabinetinin qərarı ilə bu il fevralın 1-dən mayın 1-nə kimi ölkədə un istehsal edən şəxslərə tona görə 35 manat subsidiya verilməlidir. Üstəlik, bu qurumun başqa bir qərarına əsasən, mayın 1-nə kimi Azərbaycandan ixrac olunan buğda və unun hər tonuna 200 dollar gömrük rüsumu ödənilməlidir.

Belə olan halda çörək nədən bahalaşmalıdır?

Yanacağın bahalaşması Bakı bazarlarında da qiymətləri dəyişir
Gözlə

No media source currently available

0:00 0:03:10 0:00

"...Tək unun qiyməti qalxmadı, su da, dizel da bahalaşdı"

Bakının Nəsimi rayonunda fəaliyyət göstərən çörək sexinin birindən AzadlıqRadiosuna bildiriblər ki, ötən ilin sonunda 50 kiloqramlıq un kisəsini 24 manata alırdılarsa, hazırda onu 28 manata alırlar: "Buna baxmayaraq, çörəyin qiymətini hələ ki, qaldırmamışıq. Amma belə getsə, məcbur olub qaldıracağıq. Çünki tək unun qiyməti qalxmadı, su da, dizel da bahalaşdı. Bu da bizim işimizə təsir edir".

İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən isə "Turan" agentliyinə bildirilib ki, Xidmət daim monitorinqlər aparır: "Qanunazidd halların vaxtında aşkar edilməsi və qarşısının alınması məqsədilə bir sıra ərzaq və qeyri-ərzaq məhsullarının qiymətlərinin gündəlik monitorinqi aparılır".

"...Əsassız qiymət artımı halları aşkar edilməyib"

Qurumdan qeyd olunub ki, monitorinqlərin nəticələrinə görə, hazırda çörəyin əsassız qiymət artımına yol verilməsi halları aşkar edilməyib.

V.Məhərrəmli
V.Məhərrəmli

Kənd Təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli isə AzadlıqRadiosuna bildirib ki, Azərbaycan özünün ərzaq buğdasına olan tələbatını ödəyə bilmir:

"Hər ton üçün 36 manat artıb"

"Yanvar ayının statistikasına görə, idxal buğdanın qiyməti bahalaşıb. Keçən ilə nisbətən qiymət hər ton üçün 36 manat artıb. Sahibkarlarımız qiymət yüksək olduğu üçün unu ölkəyə idxal etməkdən çəkinirlər, düşünürlər ki, ola bilsin, bir müddət sonra qiymət aşağı düşsün".

Ekspert deyir ki, keçən il 2019-cu illə müqayisədə Azərbaycanda buğda istehsalı 311 min ton azalıb: "Rəsmilər bildirir ki, bunun səbəbi quraqlıqdır. Lakin bu, birinci il deyil ki baş verir. Uzun illərdir biz idxaldan asılıyıq. Ölkənin ərzaq buğdasına olan tələbatını daxili istehsal hesabına 100 faiz ödəmək mümkündür. Lakin iş düzgün qurulmadığına görə istehsal aşağıdır. Elə illər olur ki, biz buğda tələbatının 70 faizini idxal hesabına ödəyirik. Bu da, əlbəttə ki, ölkədə unun, çörəyin qiymətinə təsir göstərir".

V.Məhərrəmli qeyd edib ki, dövlətin fermerlərə verdiyi subsidiyaların o qədər də təsiri yoxdur: "Hökumət un istehsalçılarına hər ton üçün 35 manat subsidiya nəzərdə tutur. Amma bu subsidiya may ayında veriləcək. Bu da sahibkarları qane etmir".

Vaxtilə Almaniya, Fransa və Belçikaya buğda satan Azərbaycan indi…
Gözlə

No media source currently available

0:00 0:05:43 0:00

"Bir müddət sonra kənd təsərrüfatı malları da bahalaşacaq"

Ekspert vurğulayıb ki, yanacağın və suyun qiymətlərinin qalxması da çörəyin bahalaşmasına təsir edib: "Un və çörək istehsalçıları, satışını həyata keçirən sahibkarlar həm də istehlakçıdırlar. Onlar su istehlakçılarıdır və onların su xərci iki dəfə artıbsa, gəlirləri də artmalıdır ki, xərclərini qarşılaya bilsinlər. Onların mal daşınmasında və digər işlərdə istifadə etdikləri dizel yanacağının 33 faiz bahalaşması birbaşa un və çörək istehsalına təsir edib, qiymətlərin qalxmasına səbəb olub. Biz hökumətə demişdik ki, yanacağın qiymətlərini qaldırmaqla 400-500 milyonluq vəsait əldə edəcəklər, ancaq bu, bazarda qiymətdə zəlzələ effekti yaradacaq".

V.Məhərrəmlinin sözlərinə görə, bu, hələ son deyil: "Bir müddət sonra kənd təsərrüfatı malları da bahalaşacaq".

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzindən isə "Turan"a bildirilib ki, hazırda Azərbaycanda ərzaqlıq buğda üzrə yerli istehsalın artımı və idxaldan asılılığın aradan qaldırılması üçün subsidiyalar ayrılır: "Kombaynlar sahibkarlara və fermerlərə güzəştli şərtlərlə satılır. Həmçinin, fermerlər maarifləndirilir ki, məhsuldarlıq artsın".

"İşğaldan azad olunmuş torpaqlardakı…"

Mərkəzdən qeyd olunub ki, buğdanın yerli istehsalı yaxın gələcəkdə artacaq: "İşğaldan azad olunmuş torpaqlardakı əkin sahələrinin böyük əksəriyyəti tarixən taxıl sahələri olub. Bundan sonra da gözlənilir ki, orada olan taxıl sahələri ümumi taxıl əkin dövriyyəsini artıracaq. Həmin ərazilərin kənd təsərrüfatına cəlb olunması hesabına taxıl və buğda istehsalında artım olacaq".

Ötən il Azərbaycan işğal altında olan ərazilərinin (ölkə ərazisinin 20 faizi) 2/3 hissəsini azad edib.

XS
SM
MD
LG