Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 09:44

Fuad Qəhrəmanlı: 'Bu cinayət işi Qarabağla bağlı həmrəyliyə kölgə salır'


F.Qəhrəmanlı
F.Qəhrəmanlı

2020-ci ilin iyulunda Bakıda keçirilən orduya dəstək yürüşündə yaşananlara görə cinayət məsuliyyətinə cəlb olunmuş 37 nəfərin məhkəməsi başlayıb. Onların işinə Səbail rayon Məhkəməsinin sədri Ağamalı Qafarov baxır. Amma təqsirləndirilən şəxslərin, vəkillərinin sayının çoxluğuna görə proses Bakı Apellyasiya Məhkəməsinin binasında keçirilib.

Təqsirləndirilən şəxslərdən 15 nəfəri Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəallarıdır. Onlar ev dustaqlığına buraxılandan sonra ayaqlarına vurulmuş elektron nəzarət cihazından (qolbaqlar) narazılıq ediblər. Qolbaqların çox ağır olduğunu, ayaqlarını əzdiyini vurğulayan AXCP fəalları bunu işgəncə kimi qiymətləndiriblər. Bu üzdən ev dustaqlığının polis nəzarətinə vermə-qətimkan tədbiri ilə əvəzlənməsini istəyiblər.

"Sübut-dəlil yoxdur"

Təqsirləndirilən şəxslər və onların vəkillərinin daha bir vəsatəti isə cinayət işinə xitam verilməsi haqda olub. Onlar vurğulayıb ki, ittiham olunan şəxslərin cinayət törətdiyini təsdiqləyən heç bir dəlil ortaya qoyulmayıb.

"Həm çöl tərəfdən, həm də Milli Məclisin daxilindən baş verənlər videokameralar vasitəsilə qeydə alınıb. O görüntülərdən çox aydın görmək olur ki, kimlər Milli Məclisə daxil olub. Bizim heç birimizlə bağlı belə bir sübut-dəlil yoxdur. Ümumiyyətlə, bu cinayət işi Qarabağla bağlı həmrəylik aksiyasına kölgə salır. Buna xitam verilməlidir", – təqsirləndirilən şəxslərdən AXCP Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlı bildirib.

Bu cinayət işinin siyasi xarakterli olduğunu deyən Qəhrəmanlı vurğulayıb ki, özü, ümumiyyətlə, həmin yürüşdə iştirak etməyib.

Vəkillər həm də təqsirləndirilən şəxslərin sayının çoxluğunu nəzərə alıb, bu işin bir neçə qrupa bölünüb ayrı-ayrılıqda baxılması haqda vəsatət qaldırıblar. Müdafiəçilər bildirib ki, bu halda iş hərtərəfli araşdırılar.

Qaldırılmış vəsatətlərlə bağlı qərar fevralın 24-də elan olunacaq.

Xatırlatma

2020-ci ilin iyulunda Tovuz istiqamətində döyüşlərdən sonra iyulun 14-də Bakda orduya dəstək yürüşü keçirilib və orada olaylar yaşanıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə açıqlamasında yürüş zamanı polis əməkdaşlarına xəsarət yetirildiyi, xidməti avtomobillərin aşırıldığı, Milli Məclisə ziyan dəydiyi qeyd olunub.

Bu cinayət işi üzrə həbs olunanlara özgə əmlakına ziyan vurma, hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə, ictimai asayişin pozulması ittihamları irəli sürülüb. AXCP-nin iki aparıcı üzvü̈ – M.İbrahim və F.Qəhrəmanlıya isə bunlardan əlavə həm də hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı verilib. İstintaqın sonunda hakimiyyəti zorla ələ keçirmə ittihamı hər ikisindən götürülüb. Əvəzində təqsirləndirilən şəxslərin hamısına CM-in 127-ci (qəsdən bədənə az ağır xəsarət yetirmə) maddəsi ilə yeni ittiham irəli sürülüb.

Bu maddələrdə 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

XS
SM
MD
LG