Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 14:59

Bələdiyyə sədri Vəfa Nağını uzaqlaşdırmaq fikrindən daşındı


V.Nağı
V.Nağı

Neftçala rayonu Xol Qaraqaşlı bələdiyyəsi ictimai fəal Vəfa Nağını üzvlükdən çıxarmaq fikrindən daşınıb. Bələdiyyə sədri Əlibala Səlimov fevralın 4-də məhkəməyə bu barədə ərizə verib.

Təxminən üç aydır ki, Şirvan İnzibati Məhkəməsində V.Nağının bələdiyyə üzvlüyündən uzaqlaşdırılması tələbi ilə qaldırılmış iddiaya baxılırdı. Məhkəmədə iddianı da bələdiyyə sədri qaldırmışdı. Ə.Səlimov iddia edirdi ki, V.Nağı bələdiyyənin 2020-ci ildə keçirilmiş doqquz iclasından beşində üzrlü səbəb olmadan iştirak etməyib. Xol Qaraqaşlı bələdiyyəsinin üzvləri onunla bağlı məsələni müzakirə edib. Qərar verilib ki, V.Nağının bələdiyyə üzvü kimi səlahiyyətlərinə xitam verilməsi üçün məhkəməyə müraciət olunsun.

"Səbəb mənim iclaslarda iştirak etməməyim yox..."

Bələdiyyə sədri öncə Neftçala rayon Məhkəməsində eyni tələblə iddia qaldırmışdı. Lakin onun ərizəsi geri qaytarılmışdı. Bildirilmişdi ki, iddia ərizəsi aidiyyəti üzrə düzgün verilməyib. Bundan sonra 2020-ci ilin oktyabrında Şirvan İnzibati Məhkəməsinə müraciət olunmuşdu.

"Bələdiyyələrin statusu haqqında" Qanunun 22-ci maddəsində üzvlərin səlahiyyətlərinə xitam verilməsinə əsaslardan biri kimi, ardıcıl üç iclasda, yaxud da il ərzində keçirilən iclasların yarısında üzrsüz səbəbdən iştirak etməməsi göstərilib.

V.Nağı isə bələdiyyənin iclaslarına üzrlü səbəb olmadan qatılmaması haqda deyilənləri qəbul etmir. Bələdiyyə üzvü AzadlıqRadiosuna bildirib ki, o, Türkiyədə olduğuna görə iclaslarda iştirak etməyib. Amma ölkədən kənarda olması haqda öncədən xəbərdarlıq məktubu göndərib, bələdiyyəni məlumatlandırıb. V.Nağının sözlərinə görə, bunu təsdiqləyən sənədlər, poçt qəbzləri də var.

O hesab edirdi ki, bələdiyyə üzvlüyündən uzaqlaşdırılması cəhdinin arxasında başqa səbəblər dayanır: "Səbəb mənim iclaslarda iştirak etməməyim yox, bələdiyyədən sənədlər tələb etməyim, qanun pozuntularını araşdırmağımdır".

Xatırlatma

Azərbaycanda son bələdiyyə seçkiləri 2019-cu il dekabrın 23-də keçirilib. V.Nağı bələdiyyə üzvü seçildikdən sonra sədr Ə.Səlimov barəsində müxtəlif instansiyalara 60-dan çox şikayət yazdığını bildirmişdi. Onun sözlərinə görə, bələdiyyədə korrupsiya faktları mövcuddur, lakin o faktlar araşdırılmır. V.Nağı iddia edir ki, maliyyə hesabatını tələb etdiyinə görə kənddə ona qarşı şantaja başlayıblar, şəkillərini hər yerə yapışdırıblar.

Ə.Səlimov isə ittihamlarla razılaşmırdı. O bildirmişdi ki, bələdiyyə üzvü V.Nağıya qarşı heç bir qanunsuzluğa yol verməyib.

XS
SM
MD
LG