Ötən ilin fevralında Lənkəranda doğuş zamanı vəfat edən 24-yaşlı Gülnar Babayevanın yaxınları həkimə verilən cəzadan narazı qalıb. Ailəsi hesab edir ki, cəza çox yüngüldür, əməlinin nəticəsinə adekvat deyil.
Lənkəran Dövlət Universitetinin 4-cü kurs tələbəsi olan Gülnar Babayevanın iki azyaşlı övladı anasız qalıb. Biri yeni doğulub, digəri isə həmin vaxt 1 yaş 2 aylıq olub.
Onun ölümünə görə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının cərrah-ginekoloqu Qair İsayev cinayət məsuliyyətinə cəlb edilib. Ona qarşı CM-in 314.2 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olan səhlənkarlıq) maddəsi ilə ittiham irəli sürülüb. İstintaq belə nəticəyə gəlib ki, qeysəriyyə əməliyyatından sonra G.Babayevanın vəziyyəti ağırlaşarkən həkim durumu, qanaxmanın səbəbini düzgün qiymətləndirməyib. Qanaxmanın dayandırılması üçün vaxtında tibbi müdaxilə edilməyib, ikinci cərrahiyyə əməliyyatı gecikdirilib.
Lənkəran rayon Məhkəməsinin hökmü ilə 38-yaşlı cərraha 1 il dövlət orqanlarında həkim fəaliyyəti ilə məşğul olmaq qadağan edilib. Ona 3 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Qanuna görə, ehtiyatsızlıqdan törədilmiş cinayətlərdə cəza 5 ilə qədər olduqda, məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilir.
Bu hökmdən həm Q.İsayev özü, həm də zərərçəkmiş tərəf narazı qalıb.
"Ona yüngül cəza verilməsi anlaşılan deyil"
Gülnarın atası Rauf Ağayev deyir ki, məhkəmə həkimin öz əməlindən peşman olmamasını, zərərçəkmiş tərəfə qarşı münasibətini və s. nəzərə almadan ona yüngül cəza təyin edib. Onun sözlərinə görə, ekspertizanın rəyində də açıq yazılıb ki, əməliyyat zamanı orqan zədələnib, nəticədə qanaxma baş verib:
"Rəydə birbaşa yazılıb ki, həkim qanaxmanın mənbəyini düzgün qiymətləndirməyib, vaxt itkisinə yol verib. Təkrar cərrahiyyə əməliyyatının aparılması effektsiz olub və ölümə gətirib çıxarıb. Göründüyü kimi, Qair İsayev hər iki əməliyyatda səhvə yol verib, nəticədə ölümə səbəb olub. Belə olan halda ona yüngül cəza verilməsi anlaşılan deyil".
Şirvan Apellyasiya Məhkəməsi dekabrda hökmə dəyişiklik edib. Həkimin əsas cəzası olduğu kimi saxlansa da, dövlət orqanında həkimlik fəaliyyəti göstərmək qadağası 1 ildən 2 ilə qədər artırılıb.
Bu nəticə də ailəni qane etməyib. Zərərçəkmişi narazı salan məqamlardan biri də suçlu sayılan həkimə yalnız dövlət xəstəxanalarında fəaliyyətin qadağan edilməsidir: "Dövlət orqanında həkimliklə məşğul olma hüququndan məhrum edilsə də, bu, başqa tibbi müəssisələrə aid deyil. Belə çıxır ki, özəl xəstəxanalarda işləyə bilər".
Həkim özünü təqsirli bilmir
Q.İsayev isə, ümumiyyətlə, özünü təqsirli bilmir, G.Babayevanın ölümündə günahı olmadığını deyir. O, məhkəməyə şikayətində ekspert rəyinin tam və dəqiq olmadığını vurğulayıb. Onun sözlərinə görə, qanaxma onun səhvinin nəticəsi deyil, orqanizmdəki problem üzündən baş verib. Vəziyyəti düzgün qiymətləndirib, dərhal ikinci əməliyyat və qan gətirilməsi haqda anestezioloq-reanimatoloqa göstəriş verib. Qan bankından qanın gətirilməsi, isidilməsi, əməliyyat otağının yenidən hazırlanması və s. vaxt apardığına görə ikinci əməliyyat gecikib.
Q.İsayev təqsirsiz olduğunu vurğulayaraq ona bəraət verilməsini tələb edir.
Bu ölüm hadisəsi ilə əlaqədar Lənkəran rayon Məhkəməsində Q.İsayev haqqında hökm verilərkən hakim ayrıca xüsusi qərar da çıxararaq prokurorluğa göndərib. Hakim Toğrul Məmmədov belə nəticəyə gəlib ki, bu hadisədə anestezioloq-reanimatoloq və digərlərinin də səhlənkarlığı olub. Bu məsələ də hazırda prokurorluqda araşdırılır.