Ağsudakı mərkəzi bazarda icarədarlar rayonun polis şöbəsinin rəhbərliyindən narazıdır. 94 nəfər icarədar toplaşaraq Ağsu rayon Polis Şöbəsinin rəis müavini Vüsal Əliyevdən Prezident Administrasiyasından tutmuş, Daxili İşlər Nazirliyi, Baş Prokurorluğa qədər müxtəlif dövlət orqanlarına şikayət edib. Onlar rəis müavininin bazar rəhbərliyindən maddi təmənnası olduğunu, bu üzdən bazarın fəaliyyətinə imkan verilmədiyini iddia edirlər. Deyirlər ki, V.Əliyevin bu cür davranışı nəticəsində ailəsini bazardakı ticarət hesabına dolandıran onlarla insan əziyyət çəkir.
Bazarın sahibi, "SVO" MMC-nin təsisçisi Sabir Mustafayev AzadlıqRadiosuna bildirib ki, rəhbərlik etdiyi ticarət mərkəzində həm meyvə-tərəvəz, ərzaq məhsulları, həm də pal-paltar satışı var. Sərt karantin rejimində paltar, əşya satışı qadağan edilsə də, qida məhsullarına icazə verilir. Amma polis rəisinin müavini göstəriş verib ki, ümumiyyətlə, bazarın fəaliyyəti dayandırılsın. S.Mustafayevin sözlərinə görə, onlar Operativ Qərargahla əlaqə saxlayıb bir daha dəqiqləşdirmə aparıblar. Cavab alıblar ki, qida məhsullarının satışı olan hissədə bazarın fəaliyyətinə icazə var.
"Etiraz elədik, başqa yolumuz da qalmadı, dayandıq"
"Dekabrın 29-da rəis müavini tabeliyindəki polislərlə birlikdə bazara gəldi. İzah etdik ki, Operativ Qərargahla danışmışıq, meyvə-tərəvəzə icazə var. Xeyri olmadı. Dedi ki, "Operativ Qərargaha çatdırın, Vüsal müəllim bağlamaq göstərişi verib". Etiraz elədik, başqa yolumuz da qalmadı, dayandıq. Amma "102"yə zəng eləyib, olanları çatdırdıq. Təxminən 10-15 dəqiqə sonra göstəriş gəldi ki, işləyə bilərsiniz. Polislər də bazardan çıxıb getdilər", – S.Mustafayev belə deyir.
Onun sözlərinə görə, bazarın fəaliyyətinə icazə verilsə də, polis rəisinin müavinindən şikayət etmək qərarına gəliblər. Şikayətə imza atanlar yanvarın 20-də rayon polis şöbəsinə çağrılıb. Bazarın sahibi deyir ki, şikayətçi icarədarlar şöbədə müxtəlif təzyiqlərə məruz qalıb, onlardan şikayətlərindən imtina etmək tələb olunub: "İcarədarların bir çoxu təzyiqlərə, hədələrə görə şikayətindən imtina edib. Fariz Babayev deyib ki, nə varsa, şikayətimizdə onu yazmışıq, geri çəkilməyib. Polislər onu döyüblər, kameraya salıblar. Bu gecə orada saxlayıblar".
İcarədar buraxılıb
F.Babayevin yaxınları AzadlıqRadiosuna bildirib ki, polis şöbəsində onun barəsində inzibati xəta törətməsi barədə protokol tərtib edilib. O, yanvarın 20-də Ağsu rayon Məhkəməsinə aparılaraq polisə müqavimət ittihamıyla hakim qarşısına çıxarılıb: "Adamı polis şöbəsinə çağırıblar, o da gedib. Şöbədə, o qədər polisin əhatəsində necə müqavimət göstərə bilərdi? Hakim sağ olsun, ədalətli oldu, onun buraxılmasına qərar verdi. Belə qərar verdi ki, Fariz Babayev qanun pozuntusuna yol verməyib".
F.Babayev Ağsu rayon Polis Şöbəsinin rəis müavini və digər əməkdaşlarından prokurorluğa şikayət edəcək: "Üzərində açıq-aşkar xəsarət izləri var. Onu döyənlərin cəzalandırılması üçün şikayət verəcək".
DİN-dən açıqlama
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib ki, polislər dekabrda bazarda reydlər keçirən zaman karantin qaydalarının pozulması (sosial məsafənin gözlənilməməsi, maskadan istifadə olunmaması və s.) halları ilə rastlaşıblar.
İcarədarların polis şöbəsinə çağrılmasına gəlincə, məlumata görə, onlar Daxili İşlər Nazirliyi və Baş Prokurorluğa müraciətlərinin araşdırılması məqsədilə dəvət olunublar: "Araşdırmalar zamanı onların əksəriyyəti müraciətin mətnindən xəbərsiz olduqlarını, ancaq ad, soyadlarını yazaraq imzaladıqlarını bildiriblər. Fariz Babayevin şikayətindən imtina etmədiyi üçün polis şöbəsində döyülməsi barədə fikirlər isə qərəzlidir. Fariz Babayev polisin qanuni tələbinə məhəl qoymadığına və xırda xuliqanlıq hərəkətlərinə yol verdiyi üçün barəsində toplanmış material məhkəməyə göndərilib. O, məhkəmənin qərarı ilə cərimələnib".