2019-cu ilin oktyabrında avtomobillə vurulan və hazırda koma vəziyyətində olan hüquq müdafiəçisi Oqtay Gülalıyevin ailəsi Azərbaycan Baş prokuroru Kamran Əliyevə müraciət ünvanlayıb. Onlar həkimlərdən şikayət edirlər.
O.Gülalıyevin yaxınları iddia edir ki, hüquq müdafiəçisinin indiki vəziyyətdə olmasında həkimlərin də günahı var. "Biz Baş Prokurorluğa yanvarın ilk həftəsində məktub ünvanladıq...", - O.Gülalıyevin oğlu Təbriz Gülalıyev AzadlıqRadiosuna bildirib. Onun deməsinə görə, müraciətdə 1 saylı Kliniki Tibbi Mərkəzin və "City Hospital"ın günahkar həkimlərinin məsuliyyətə alınmasını istəyiblər: "Düzdür, hazırda davam edən məhkəmə prosesi zamanı 1 saylı Kliniki Tibbi Mərkəzin bir-iki həkimi ifadə verdi. Bizə dedilər ki, "City Hospital"ın həkimləri ilə bağlı ayrıca istintaq proseduru başlayacaq, amma bu məsələdə hələ ki, irəliləyiş yoxdur".
"Prokurorluğun müstəntiqləri dolayı yolla deməyə çalışırdılar ki..."
T.Gülalıyev daha sonra da deyib: "Prokurorluğun müstəntiqləri bizə dolayı yolla deməyə çalışırdılar ki, "City Hospital"ın həkimləri günahsızdırlar. Biz bu sözləri absurd hesab edirik. Hər halda həkimlər məhkəmə önünə çıxarılmalıdır və günahkarlar məsuliyyətə cəlb olunmalıdır. Bu məsələdə kimin əli varsa və yaxud da hansısa həkimlər sifarişi yerinə yetirib və ya məsuliyyətsizlik edibsə, onlar cəzalandırılmalıdır".
Hüquq müdafiəçisinin yaxınları baş verənləri səhlənkarlıq saymırlar: "Biz düşünmürük ki, bu, həkim səhlənkarlığıdır. Biz hesab edirik ki, bu, hansısa sifarişin yerinə yetirilməsidir. Çünki hamıya məlumdur ki, atam saatlarla əməliyyat olunmayıb, sadəcə, boş otaqda heç bir həkim nəzarəti olmadan gözlətdirilib və ailənin israrına baxmayaraq əməliyyata alınmayıb".
T.Gülalıyev həmçinin deyib ki, keçən il noyabrın 8-dən ev şəraitində müalicə alan atasına aidiyyəti qurumlar lazımı dərmanları vermirlər: "Atamın müalicəsi evdə davam etdirilsə də, Türkiyədən gələrkən gətizdirilən dərmanlar və ləvazimatlar artıq xeyli müddətdir bitib. Səhiyyə Nazirliyindən və TƏBİB-dən dərmanlarla bağlı indiyə qədər heç bir yardım edilməyib".
"Dostların köməyi ilə özümüz etmək məcburiyyətindəyik"
T.Gülalıyevin sözlərinə görə, atasının dərmanları onun üçün həyatı əhəmiyyət kəsb edir: "Atamın vəziyyəti çox kritik ola bilər. Türkiyədən gətirilən təkcə bir ayın dərmanları 8 min manatdan çox pul edir. Ləvazimatları öncədən sifariş verməli olduğumuzdan artıq üçüncü aydır ki ödənişi dostların köməyi ilə özümüz etmək məcburiyyətindəyik".
T.Gülalıyev qeyd edib ki, TƏBİB atasına tibbi xidmət üçün yalnız tibb bacıları ayırıb: "Tibb bacıları ancaq gündüz vaxtlarında - saat 09:00-dan saat 18:00-dək gəlir. Bu səbəbdən axşam və gecə boyu mənimlə əmim atama baxırıq".
Qarşı tərəf nə deyir
O.Gülalıyevin yaxınlarının dediklərinə, hələlik, "Baku City Hospital"dan münasibət almaq mümkün olmayıb. Amma bundan əvvəl ölkənin Səhiyyə Nazirliyindən bildirilmişdi ki, O.Gülaliyevin əməliyyatı ailəsinin tərəddüdləri üzündən bir müddət yubanıb.
Keçən ilin noyabrın 13-də bu məsələ ilə bağlı keçirilən məhkəmə prosesində isə 1 saylı Kliniki Tibbi Mərkəzin həkimləri də demişdilər ki, onlar O.Gülalıyevin baş nahiyəsində olan xəsarətlərin fəsadlarını aradan qaldırmaq üçün bütün lazım olan tədbirləri görüblər.
Ailənin dərman şikayətinə gəldikdə isə, Səhiyyə Nazirliyindən və TƏBİB-dən "Turan" agentliyinə bildirilib ki, məsələ araşdırılacaq, əlavə məlumat veriləcək.
Vəkil Fuad Ağayev isə AzadlıqRadiosuna bildirib ki, O.Gülalıyevə keyfiyyətli tibbi yardımın göstərilməməsi ilə bağlı materiallar ötən ilin sentyabrında Nəsimi rayon Prokurorluğuna göndərilib: "Qəza ilə bağlı cinayət işinin materialları məhkəməyə göndəriləndə Oqtay Gülalıyevə keyfiyyətli tibbi yardımın göstərilməməsi ilə bağlı materiallar Nəsimi rayon Prokurorluğuna göndərilib. Çünki bu tipli cinayətlər prokuror orqanları tərəfindən araşdırılır".
Baş Prokurorluqdan cavab
Baş Prokurorluğun mətbuat xidmətindən də "Turan" agentliyinə deyilib ki, prokurorluğa daxil olan bütün şikayətlər fərq qoymadan araşdırılır: "Bütün şikayətlər araşdırılır və Oqtay Gülalıyevin ailəsinə də baxılma müddəti ərzində cavabın verilməsi təmin olunacaq".
Hüquqşünas Xalid Bağırov isə AzadlıqRadiosuna bildirib ki, həkimlərin görməli olduğu iş ilə bağlı Səhiyyə Nazirliyinin təsdiqlədiyi protokollar var: "Hər bir xəstəliklə, müalicə üsulu ilə bağlı protokollar var. Səhiyyə xarakterinə görə elə bir elmdir ki, tam olaraq öyrənilməyib və inkişafı davam edir. Hər insanın orqanizm xüsusiyyətləri üzə çıxa bilir. Yaşadığımız koronavirus pandemiyası da göstərdi ki, insan orqanizmi ilə bağlı hələ bilmədiyimiz çox şeylər var. Ona görə də bəzi hallarda həkimlər qərar verəndə səhv qərar verə bilərlər, amma bu bilmədən baş verir".
"Protokollar ən vacib sənəddir"
Lakin hüquqşünasın sözlərinə görə, elə məsələlər var ki, onların görülməsi dəqiqdir: "Məsələn, xəstə daxil olan kimi dərhal onu tomoqrafiya etmək. Bunun üçün elmə ehtiyac yoxdur, bunlar protokolda göstərilib. Əgər bu edilməyibsə, ya tomoqrafiya edilib, amma daxili qanaxma ortaya çıxarılmayıbsa və bu qanaxma ciddi fəsadlara gətirib çıxarıbsa, sual yaranır. Sual yaranır ki, xəstə saatlarla burdadır, niyə tomoqrafiya aparılmayıb, daxili qanaxma müəyyən edilməyib və bununla bağlı tədbir görülməyib? Ona görə protokollar ən vacib sənəddir".
Xatırlatma
Hüquq müdafiəçisi O.Gülalıyevin 2019-cu il oktyabrın 29-da Bakının mərkəzində piyada keçidində avtomobillə vurulduğu bildirilir. Onun başından aldığı zədə nəticəsində hələ də komada olduğu deyilir.
Fakt üzrə Cinayət Məcəlləsinin 263.1.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi qaldırılıb.
O.Gülalıyev qəzadan sonra, elə 2019-cu il oktyabrın 29-da axşam Bakıdakı Kliniki Tibbi Mərkəzə gətirilib. Oktyabrın 31-də isə "City Hospital"da əməliyyat edilib. Noyabrın 1-də Bakıdakı Respublika Neyrocərrahiyyə Xəstəxanasına köçürülüb. 2019-cu il noyabrın 5-də Heydər Əliyev Fondunun dəstəyi ilə müalicəsini davam etdirmək üçün Türkiyənin İstanbuldakı Avrasiya Klinikasına yerləşdirilib. Noyabrın 20-dən onun müalicəsi Amerika Xəstəxanasında davam etdirilib.
Ötən ilin noyabrında, məhkəməsi başlanmazdan öncə isə onun Bakıya gətirildiyi açıqlanıb.
O.Gülalıyevin vurulduğu avtomobilin sürücüsü hadisəni qəsdən törətmədiyini, bunun ehtiyatsızlıqdan baş verdiyini söyləyib. Ancaq Azərbaycanda bəzi fəallar, müxalifət təmsilçiləri rəsmi açıqlama və sürücünün dediklərinə şübhə ilə yanaşırlar.
Bu müddət ərzində hüquq müdafiəçisi dörd dəfə əməliyyat olunub.