Azərbaycanda "Medianın İnkişafı Agentliyi" publik hüquqi şəxs yaradılır. Bununla bağlı yanvarın 12-də prezident İlham Əliyev fərman imzalayıb.
Yeni qurum Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) əsasında yaradılır. Onun məqsədi ölkədə medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması olmalıdır.
Bu qurumun həmçinin, cəza təyin etmək səlahiyyətlərinə də malik olacağı bildirilir. Nizamnaməsinə əsasən, Agentliyin çap mediası və onlayn media sahəsində inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan İnzibati Xətalar Məcəlləsinə uyğun tədbirlər görmək, cinayət əlamətləri olduqda isə aidiyyəti üzrə məlumat vermək hüququ olacaq.
Bundan əvvəlki Fond isə, əsasən, Kütləvi İnformasiya Vasitələrinə (KİV) maddi dəstək göstərirdi. Habelə, onun iştirakı ilə jurnalistlər üçün binalar tikilib təhvil verilmişdi.
Ötən il onlar...
Ötən il Baş Prokurorluq bildirmişdi ki, bu Fondla bağlı araşdırma aparılıb, dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl edilməməsi, vəsaitlərin təyinatı üzrə istifadə olunmaması,... və yardımların qanunsuz verilməsinə əsaslı şübhələr müəyyən edilib. Bunun əsasında Cinayət Məcəlləsinin 179.4 (külli miqdarda mənimsəmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 308-1.2 (külli miqdarda dövlət büdcəsi vəsaitini təyinatı üzrə istifadə etməmə) və 308-2.4-cü (dövlət satınalmalarını qanunsuz keçirmə) maddələri ilə cinayət işi başlanıb.
"Mətbuatı ələ almağa çalışdılar"
Milli Məclisin deputatı, "Ədalət" qəzetinin baş redaktoru Aqil Abbas "Turan" agentliyinə bildirib ki, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun fəaliyyətində qüsurlar var idi: "Fond yeni yaradılanda müəyyən işləri görə bildi, amma sonradan müəyyən problemlər yarandı. Tərəfkeşlik oldu, qəzetləri kateqoriyalara böldülər, mətbuatı ələ almağa çalışdılar, bəzi mətbu orqanlara "filan yazını vermə, filan yazını ver", "tənqid etmə» göstərişi verirdilər. Ona görə yeni strukturun yaradılmasında zərurət yarandı".
"Yeni qurum çox güman ki, elektron mediaya... da diqqət ayıracaq"
Deputat qeyd edib ki, ölkədə struktur dəyişiklikləri gedir: "Görünür, ehtiyac yarandı ki, köhnə struktur yenisi ilə əvəzlənir. İndi yeni strukturun nizamnaməsi hazırlanır, özü publik hüquqi şəxsdir. KİVDF yalnız qəzetlərə vəsait ayırırdı, yeni qurum isə çox güman ki, elektron mediaya, informasiya agentliklərinə da diqqət ayıracaq".
A.Abbas vurğulayıb ki, yeni yaradılan qurumdan gözləntilər çoxdur: "Onun yaradılması, Müşahidə Şurasının yaradılması, sədr vəzifəsinə təyin olunmuş gənc kadrın (Əhməd İsmayılov) heç bir tərəfə meyli olmaması pozitiv dəyişikliklərdən xəbər verir. Hər şey yeni qurumun nizamnaməsindən asılıdır. Əgər yaxşı nizamnaməsi hazırlanarsa və qurum nizamnaməsinə uyğun şəffaf işləyərsə, onda xeyri daha çox olar. Hələ ki, nəsə demək tezdir, necə deyərlər, hələ ki qazanlar örtülü qaynayır. Möhtərəm prezident hazırlıq işlər üçün vaxt verib, həmin vaxt ərzində yaxşı hazırlıq işləri görüləcək".
Deputata görə, Medianın İnkişafı Agentliyinə gənc kadrlar cəlb edilməlidir: "Amma iş bilən gənclərə. Harvardda oxumaq hələ işi bilmək demək deyil. Mətbuatımızda qəzetçilik, onlayn media işini bilən çoxlu gənc kadrlar var. Belələrini və bir-iki işi bilən ağsaqqalı cəlb etsələr, çox şey alına bilər".
"Müstəqil KİV-lərin sıradan çıxarılması siyasəti ləğv edilməyib"
"Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev də AzadlıqRadiosuna bildirib ki, hələlik nəticə çıxarmaq tezdir, çünki fəaliyyət yoxdur: "Hər halda, hələlik bu qurumun yalnız adı dəyişilib".
M.Əliyev hesab edir ki, hər şey prezidentin KİV sahəsində hansı siyasəti müəyyənləşdirməsindən asılı olacaq: "Əvvəlki qurum indiyə qədər KİV-lərin ələ alınması, onların müstəqilliyinin məhv edilməsi ilə məşğul olmuşdu. Yeni yaradılan agentlik dövlət siyasəti çərçivəsində fəaliyyət göstərəcək. Bu günə müstəqil KİV-lərin sıradan çıxarılması siyasəti ləğv edilməyib".
"Mövcud qanunvericilikdə olmayan..."
Hüquqşünas, media eksperti Ələsgər Məmmədli də AzadlıqRadiosuna bildirib ki, KİVDF-nin adını dəyişib icraçı direktorunu saxlamaqla yeni agentlik yaradılıb: "Nizamnaməsinə baxdıqda hər şey var. Çap mediası və onlayn media sahəsində inzibati xətaya görə medianı cəzalandırmaqdan tutmuş, bizneslə məşğul olmağa qədər. Üstəlik, mövcud qanunvericilikdə olmayan anlayışlardan da istifadələr mövcuddur. Məsələn, nə «Kütləvi İnformasiya Vasitələri haqqında», nə «Teleradio haqqında» qanunlarda olan bir anlayış - audiovizual media subyektləri kimi".
"...Azərbaycan Avropa Şurasına girərkən ləğv edilib"
Ekspert medianın fəaliyyətinə nəzarət edən mərkəzi icra hakimiyyəti qurumunun Azərbaycan Avropa Şurasına girərkən ləğv olunduğunu xatırladıb: "İndi publik hüquqi şəxs formatında yeni bir mərkəzi icra hakimiyyəti orqanı yaradıldı. Üstəlik, qarma-qarışıq səlahiyyətlərlə, cəmiyyətdə müzakirəsi aparılmadan".
Ə.Məmmədlinin sözlərinə görə, yeni media qanunu qəbul olunacaq: "Prezident Administrasiyasına da "Media haqqında" Qanunla bağlı tapşırıqlar verilib. Bundan sonra Mətbuat Şurasına indiyə qədər verilmiş bəzi səlahiyyətlər ondan alınıb yeni quruma veriləcək. Yəni, KİV-lər barəsində inzibati protokolların tərtib edilməsi səlahiyyətindən söhbət gedir. Bu səlahiyyət KİVDF-də yox idi. Eyni zamanda, müəyyən biznes fəaliyyətləri nəzərdə tutulur ki, onlar da KİVDF-də yox idi".
"Mətbuat Nazirliyinə bənzəyir"
Ekspertin fikrincə, yeni qurum publik hüquqi şəxs kimi görünsə də, daha çox əvvəlki Mətbuat Nazirliyinə bənzəyir: "Çünki qurumun dövlət səlahiyyətləri var. Məsələn, cərimələmək, inzibati xətalar gedişinə nəzarət etmək və s. Amma Agentlik publik hüquqi şəxs olduğuna görə biznes fəaliyyəti ilə də məşğul olacaq. Bu da müəyyən problemlər yaradacaq. Çünki həm tənzimləmə funksiyasını daşıyacaq, həm də oyunçu olacaq. Yəni, bazarda həm məhsulu yaradıb sata biləcək, həm də kimisə cəzalandıra biləcək, bu da özü-özlüyündə ziddiyyət təşkil edir".
Vüqar Səfərli nə deyirdi
Prokurorluğun ittihamlarına, habelə bu yazıda səslənən tənqidi fikirlərə hələlik KİVDF-nin keçmiş və sonrakı rəhbərliyindən (ötən il rəhbərlik dəyişmişdi) münasibət almaq mümkün olmayıb. Amma qurumun keçmiş rəhbəri Vüqar Səfərli ayrı-ayrı vaxtlarda onlara qarşı tənqid və ittihamları əsaslı saymadığını vurğulayıb. Onun müsahibələrinin birində deməsinə görə, qəzetlərə vəsait ayrılması müəyyən kriteriyalara əsaslanır: "Kimin 3 min tirajlıq qəzeti var və gündəlik çıxırsa, o, birinci kateqoriyaya görə pul alır. 2500 tirajı, 1500 yayımı olan, həftədə 3 dəfə çıxan qəzetlər ikinci kateqoriyadır... Elə bir qəzet yoxdur ki, kriteriyalara cavab versin, müraciət etsin və kənarda qalsın".
O, jurnalistlərə evlərin paylanmasında da tənqidləri qəbul etmirdi.