Sığorta üzrə mütəxəssislər hesab edir ki, bu sahəyə nəzarət edən Mərkəzi Bank İctimai Şura yaratmalı, sığorta sahəsindəki problemlərin həlli, qərarların qəbulunda ictimai rəyi nəzərə almalıdır. Bu məsələ ilə əlaqədar bir qrup mütəxəssis Mərkəzi Bankı məhkəməyə verib. Tələbləri də budur ki, məhkəmə qərarıyla Mərkəzi Bankın üzərinə İctimai Şura yaratmaq öhdəliyi qoyulsun. Bu iddiaya Bakı İnzibati Məhkəməsində baxılacaq.
İddiaçılardan biri İlkin İbrahimov deyir ki, bundan əvvəl də eyni tələblə Mərkəzi Bankı məhkəməyə vermişdilər. Həmin iddia ərizəsini məhkəmə icraata da götürmüşdü. Amma məhkəmə baxışı başlamamış Mərkəzi Bankdan onlara müraciət edilib və qısa müddətdə İctimai Şura yaradılacağı vəd olunaraq ərizəni geri götürmələri istənilib. Üstündən xeyli vaxt keçsə də, bu istiqamətdə addım atılmayıb. Ona görə təkrar iddia qaldırıblar.
Üç ildir sığorta pulunu ala bilmir
Füzuli rayonunun Kərimbəyli kənd sakini Sehraman Əliyev deyir ki, üç ildir sığorta şirkətindən pulunu ala bilmir. 2017-ci ildə İrandakı zəlzələnin təsirindən Azərbaycanın sərhədə yaxın ərazilərində sürüşmə baş verib. Bu zaman S.Əliyevin ticarət obyektinə də ziyan dəyib. Həmin obyektdə tikinti mallarının satıldığını deyən S.Əliyevin sözlərinə görə, oradan tək özü yox, satıcı və fəhlələr də daxil olmaqla, xeyli adamın ailəsi dolanırdı.
S.Əliyev hadisədən bir ay əvvəl "Azsığorta" ASC ilə müqavilə bağlayıb, obyekti sığortalatdırıb: "Müqavilənin sərtlərinə görə, əmlaka 44 min 228 manat sığorta təminatı verilmişdi. Mənə çox gülünc bir rəqəm – 511 manat sığorta ödənişi təklif elədilər".
S.Əliyev sığorta şirkətini məhkəməyə verib, sığorta ödənişi, üç ildə obyektin işləməməsinə görə əldən çıxmış fayda da daxil olmaqla, ümumilikdə 65 min manat pul tələb edir. Hazırda bu mübahisə Bakı Kommersiya Məhkəməsində araşdırılır. Məhkəmə dəymiş ziyanın hesablanması üçün tikinti-texniki ekspertizası təyin edib.
Prezident də danışmışdı
Elə İ.İbrahimov da hazırda məhkəmələrdə sığorta mübahisələri ilə bağlı yüzlərlə işə baxıldığını deyir. Ekspertin sözlərinə görə, problemlərin mövcudluğu ölkə rəhbərliyi səviyyəsində də etiraf olunur. O, 2019-cu ilin martında Bakının Nizami rayonunda "Diqlas" ticarət mərkəzindəki yanğından sonra keçirilən müşavirədə dövlət başçısı İlham Əliyevin səsləndirdiyi fikirləri yada salıb.
28 mart 2019-cu ildə keçirilən müşavirədə prezident belə demişdi: "Adətən inkişaf etmiş ölkələrdə belə hadisələr baş verdikdə burada bütün maliyyə yükünü sığorta şirkətləri öz üzərinə götürür, bütün mallar sığortalanır. Ancaq əfsuslar olsun ki, Azərbaycanda sığorta sahəsində boşluqlar var və bir çox hallarda biz bunu görürük...".
Mərkəzi Bankın məlumatına görə, 2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 22 sığorta şirkətinin xətti ilə 581 milyon 509 min manat sığorta haqqı toplanılıb. Bu isə 2019-cu ilin eyni dövrü ilə müqayisədə 11.3 faiz çoxdur. 9 ay ərzində şirkətlər 307 milyon 762 min manat ödəniş edib. Bu isə illik müqayisədə 52.6 faiz çoxdur.
Amma ekspert bu rəqəmlərə şübhə ilə yanaşır. Deyir ki, ödənişlər artıbsa, məntiqlə şikayətlər azalmalıydı. Əksinə, sığorta ödənişi ilə bağlı şikayətlərin sayı artıb.
"Belə bir Şura yaradılsa..."
İ.İbrahimovun fikrincə, İctimai Şuranın yaradılması bu cür şübhələri də aradan qaldıra bilər. Ekspert 2014-cü il iyunun 1-dən qüvvədə olan "İctimai iştirakçılıq haqqında" Qanunu da yada salır. Qanunun 3-cü maddəsində yazılıb ki, ictimai iştirakçılığın məqsədi həm də mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunması, qərarların qəbulu zamanı ictimai rəyin, vətəndaşların maraqlarının nəzərə alınmasıdır.
"Belə bir Şura yaradılsa, ayda və ya rübdə bir dəfə Mərkəzi Bankın sədri ilə görüş keçirilər, problemli məsələlər müzakirə olunar. Mərkəzi Bankın istehlakçıların hüquqlarının qorunması ilə bağlı öhdəliyi var. Amma reallıq budur ki, Mərkəzi Bankın sığortaya nəzarət departamenti bu hüquqların qorunmasını həyata keçirmir. Ya keçirə bilmir, ya da keçirmək istəmir. Vətəndaş şikayət edir, onun ərizəsini şikayətçi olduğu sığorta şirkətinə göndərirlər", – ekspert belə deyir.
Mərkəzi Bank isə sığorta sahəsində üzərinə düşən vəzifələri yerinə yetirdiyini bəyan edir: "Mərkəzi Bank sığorta sektorunun maliyyə dayanıqlığını və sığorta şirkətlərinin bazar davranışlarının qanunvericiliyə uyğunluğunu sistemli olaraq nəzarət altında saxlayır. Görülən bütün tədbirlər sığorta sektorunun inkişafına, sığorta xidmətləri istehlakçılarının hüquqlarının müdafiəsinə yönəlib".