Yola salınan 2020-ci ildə Azərbaycanın iqtisadiyyatı, bir çox dünya ölkələri kimi, ciddi çətinliklərlə üzləşdi. 11 ayın göstəricisinə görə, ümumi daxili məhsul (ÜDM) 4.3 faiz azaldı. Bu, koronavirus pandemiyası və neftin ucuzlaşması ilə izah edildi. Karantin tədbirlərinə görə hələ də bir sıra iş və xidmət sahələri fəaliyyət göstərmir. 2021-ci ilin ilk rəsmi iş günündən (5 yanvar) də ölkədə Aİ-92 markalı benzinin 11, dizel yanacağın isə 33 faiz bahalaşdığı açıqlandı.
"Təkmilləşmiş iqtisadi model tətbiq ediləcək"
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məzahir Əfəndiyev "Turan" agentliyinə bildirib ki, Azərbaycan iqtisadiyyatı kölgədən çıxarılması istiqamətində, rəqəmsallaşma, habelə innovasiyanı tətbiq etməklə yeni bir mərhələyə qədəm qoyub: "2020-ci il ölkəmiz üçün həm qürur dolu zəfər, həm də COVID-19 pandemiyası ilə mübarizə ili kimi yaddaşlarda qaldı. Postmüharibə və postpandemiya dövrü isə yeni qədəm qoyduğumuz 2021-ci ilə təsadüf etməkdədir. Sözsüz ki, cari ildə yeni çağırışlara cavab verən təkmilləşmiş iqtisadi model tətbiq ediləcək".
"...əsas prioritet olaraq qalacaq"
Deputatın sözlərinə görə, postpandemiya dövründə davamlı fəaliyyətdən kənarda qalma riski olan və ya proqnozlaşdırılan iqtisadi artımın az ola biləcəyi regionların davamlı inkişafı üçün əsas stimullaşdırıcı mexanizmlər də nəzərdən keçiriləcək: "Bu mexanizmlərin əsas xüsusiyyəti regionların özünəməxsus inkişaf ehtiyaclarını təmin etmək üçün lokal xarakterli həll yollarını təklif etməkdir. Cənab prezidentin rəhbərliyi ilə bu il də makroiqtisadi sabitliyin qorunması, əhalinin məşğulluq vəziyyətinin və sosial rifahının yaxşılaşdırılması, qeyri-neft sektorunun şaxələndirilməsi əsas prioritet olaraq qalacaq".
M.Əfəndiyev vurğulayıb ki, koronavirus pandemiyası Azərbaycanda qeyri-neft sektorunun aparıcı sahələrindən hesab edilən turizmə böyük zərbə vurub: "Amma keçən müddət ərzində müxtəlif iqtisadi dövlət proqramları, güzəştli aqrokredit və lizinqlərin verilməsi həyata keçirilərək kənd təsərrüfatı sahəsi davamlı olaraq inkişaf etdirilib, 2021-ci ildə qeyri-neft sektorunun əsas sahəsinə çevriləcək".
""Quruculuq ili" elən edilməsi təsadüfi deyil"
Deputat qeyd edib ki, 2021-ci ili Birləşmiş Millətlər Təşkilatı "Davamlı inkişaf üçün beynəlxalq yaradıcı iqtisadiyyat ili" elan edib: "Azərbaycanın beynəlxalq nüfuzu, tolerantlıq, multikulturalizm sahəsində dünyadakı liderliyi və iqtisadi dayanıqlılığı bir daha sübut edir ki, o, tezliklə Dağlıq Qarabağda bütün insanların yüksək həyat şəraitini təmin edəcək. Bütövlükdə Cənubi Qafqaz regionunda davamlı inkişafımızı bütün dünyaya sərgiləyəcək. 2021-ci ilin ölkəmizdə "Quruculuq ili" elən edilməsi təsadüfi deyil".
Onun fikrincə, əsas hədəf Azərbaycan hökumətinin, beynəlxalq təşkilatların, xarici və yerli investorların iştirakı ilə Qarabağda yeni iqtisadi inkişaf modelinin tətbiqidir. Deputat bildirib ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlar doğma torpaqlarına, Qarabağa kiçik sahibkarlar olaraq qayıdacaqlar. O xatırladıb ki, işğaldan azad edilən ərazilərdə bərpa işlərinə 2021-ci il üçün təsdiq olunmuş dövlət büdcəsində 2.2 mlrd manat vəsait nəzərdə tutulub.
"8 milyard gəlir əvəzində 12 milyard xərclənəcək"
İqtisadçı Zöhrab İsmayıl isə AzadlıqRadiosuna bildirib ki, 2021-ci ildə Azərbaycanda iqtisadi islahatlar zəruridir: "Hazırda neft qiymətləri aşağıdır və Azərbaycanın neft gəlirləri kəskin azalıb. Dövlət Neft Fondu öz gəlirlərindən xeyli artıq xərclər edəcək. 8 milyard gəlir əvəzində 12 milyard 250 milyon manat xərcləmələr edəcək".
Z.İsmayıl əlavə edib ki, qalan xərclər ehtiyatdan ödəniləcək: "Düzdür, Azərbaycan bu ilə olan dövlət büdcəsini təsdiq edib, amma bir sıra xərclər var ki, onların həcmi çox güman ki, artacaq. Bu, əsasən, işğaldan azad olunmuş ərazilərin bərpası ilə bağlı olan xərclərdir. Bu xərclər üçün 2.2 milyard manat vəsait ayrılsa da, ola bilsin ki, bu, yetərli olmasın. Lakin fondlar da yaradılıb, güman ki, xarici kreditlər də cəlb olunsun və 28 ildən sonra ilk dəfə Qarabağa yatırım ediləcək. İşğaldan azad olunmuş ərazilərin bərpası işlərinə görə orada çoxlu iş yerləri açılacaq".
O qeyd edib ki, Azərbaycan hökuməti ilk dəfə bu ilin büdcəsində səhmləri dövlət nəzarətində olan şirkətlərdən gəlirləri kəskin artırıb: "Bu, keçən illə müqayisədə təxminən 60 dəfə çoxdur. Əvvəllər səhmləri dövlət nəzarətində olan şirkətlərdən 3 milyon manat gəlir əldə olunurdusa, indi bu rəqəm 168 milyon manata çatdırılıb".
"İqtisadi böhran bu il də davam edəcək"
İqtisadçının sözlərinə görə, bu da islahat zərurətindən irəli gəlir: "Qeyd edilən bəzi şirkətlər xərclərini şişirtməklə belə bir görüntü yaradırlar ki, onun mənfəəti olmayıb. Mənfəəti olsa da, hökumət onlara həmişə imkan yaradıb ki, onlar bu mənfəəti məsrəf etsinlər".
İqtisadçıya görə, iqtisadi böhran bu il də davam edəcək: "Çünki pandemiyanın hələ qarşısı alınmayıb, vaksinasiya prosesi çox güman ki, ilin sonuna kimi davam edəcək. Bu da böhranla müşayiət olunacaq və Azərbaycanda yoxsullaşmanın, təbəqələşmənin artmasına səbəb olacaq. Eyni zamanda, şirkətlərin gəlirləri azalmaqda davam edəcək".
Z.İsmayıl vurğulayıb ki, Azərbaycan bu il Avropaya qaz ixrac etməyə başlayıb: "Bu da mühüm iqtisadi hadisədir və Azərbaycanla Avropa Birliyin münasibətlərini genişləndirəcək".