Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 19:33

Rusiya helikopterinin vurulması ilə bağlı cinayət işləri necə gedir?


Azərbaycanla Ermənistan sərhədində vurulmuş "Mi-24" hərbi helikopterinin qalıqları.
Azərbaycanla Ermənistan sərhədində vurulmuş "Mi-24" hərbi helikopterinin qalıqları.

Ötən il noyabrın 9-da üçtərəfli sazişin imzalanmasından saatlar öncə Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiyaya məxsus hərbi helikopterin vurulması ilə bağlı istintaq qurumlarının fəaliyyətlərinə aid müxtəlif məlumatlar yayılmaqdadır. Həmin hadisə ilə bağlı həm Azərbaycanda, həm Ermənistanda, həm də Ermənistanın Gümrü şəhərində yerləşən Rusiya hərbi bazasının hərbi müstəntiqlərinin istintaq apardığı bildirilir.

"Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiya silahlı qüvvələrinə məxsus hərbi helikopterin vurulması ilə bağlı məsələni yalnız Azərbaycan istintaq orqanları araşdırmalıdır". Bunu AzadlıqRadiosuna bu məsələ ilə bağlı açıqlamasında hüquqşünas Ələsgər Məmmədli deyib.

Maddə dəyişdirilibmi və Azərbaycana müraciət edilibmi?

Yanvarın 4-də Rusiyanın "Interfax" agentliyi öz mənbələrinə istinadən məlumat verib ki, Rusiya hərbi müstəntiqləri Azərbaycanla Ermənistan sərhədində "Mi-24" hərbi helikopterinin ötən ilin noyabrın 9-da vurulması faktı üzrə açılmış cinayət işində nisbətən yüngül sayılan maddəni daha ağır maddə ilə əvəzləyiblər. Bildirildiyinə görə, cinayət işi Rusiya Cinayət Məcəlləsinin 351-ci (uçuş qaydalarının pozmasına görə ölümə səbəb olmuş ehtiyatsızlıq) maddəsi ilə açılıb. Daha sonra isə həmin maddənin 105.2-ci (iki və ya daha çox adamın qəsdən öldürmə) maddəsi ilə əvəzləndiyi iddia edilir. Mənbə həmçinin bildirib ki, araşdırma aparılmasında müəyyən çətinliklər var, çünki cinayət işi üzrə şübhəli şəxslər digər dövlətin ərazisindədir. Məlumata görə, Rusiya hərbi müstəntiqləri yardım üçün Azərbaycandan olan həmkarlarına müraciət ediblər.

"Azərbaycanda yalnız Azərbaycanın suveren hüquqları keçərlidir"

Ə.Məmmədli qeyd edib ki, sözügedən məsələni Azərbaycanın Baş Prokurorluğu araşdırmalıdır: "Prokurorluq bunu yalnız Azərbaycan qanunvericiliyi çərçivəsində araşdırılmalıdır. Hadisənin Azərbaycanda hərbi xidmətdə olan hərbçilər tərəfindən törədildiyi bildirilir və hərbi xidmət zamanı baş verdiyi deyilir. Bunu, əlbəttə ki, Azərbaycan Hərbi Prokurorluğu araşdırmalıdır. Çünki Azərbaycanda yalnız Azərbaycan suveren hüquqları keçərlidir".

Hüquqşünas əlavə edib ki, istintaq bitəndən sonra təqsirləndirilən şəxslər olacaqsa, onlar yalnız Azərbaycan məhkəməsində mühakimə edilə bilər.

Azərbaycan Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Günay Səlimzadə isə "Turan" agentliyinə bildirib ki, keçən il noyabrın 10-da fakt üzrə cinayət işi qaldırılıb. Cinayət işinin 342.2-ci (qulluğa səhlənkar yanaşma - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda, habelə müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə) maddəsi ilə açıldığı deyilir.

Qurumun sözçüsü qeyd edib ki, hazırda cinayət işi üzrə istintaq aparılır və bütün məlumatlar istintaq sirri olduğuna görə əlavə məlumat verə bilməyəcək..

"Rusiyadan rəsmi sorğu alınmayıb"

Agentliyin xəbərinə görə, lakin G.Səlimzadə bildirib ki, Baş Prokurorluq vurulmuş helikopterlə bağlı Rusiyadan heç bir rəsmi sorğu almayıb: "Azərbaycan Respublikasının Baş Prokurorluğu Rusiya hərbi vertolyotunun vurulmasına dair cinayət işi üzrə Rusiya Federasiyasının rəsmi orqanlarından heç bir rəsmi sorğu almayıb. Buna görə də biz Rusiyanın tələbi ilə bağlı mətbuatda dərc edilən yazılarla heç nə deyə bilmərik".

Azərbaycana təzyiq varmı?

Amma Azərbaycanda bəzi ekspertlər də bu işlə bağlı Rusiya tərəfindən son günlər fərqli məlumatların yayılmasını heç də təsadüf saymırlar. Onlar güman edirlər ki, bu, Azərbaycana növbəti təzyiq dalğası ola bilər. Lakin belə gümanları yersiz sayanlar da var. Yeri gəlmişkən, ötən ilin noyabrın 9-da bu olay baş verərkən də Azərbaycanda müxtəlif versiyalar səslənmişdi. Bu məsələnin Azərbaycana qarşı təxribat olduğunu, onu məlum sazişə razı salmaq niyyətindən irəli gəldiyini düşünənlər də var idi. Hərçənd, rəsmi qurumlar belə versiyaları təsdiq etmədilər.

Noyabrın 9-da nə baş vermişdi

Noyabrın 9-da (2020) axşam Azərbaycan silahlı qüvvələrinin hərbi qulluqçusunun daşınan zenit-raket kompleksindən (DZRK) atəş açaraq Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan hissəsində Rusiyaya məxsus "Mi-24" hərbi helikopterini vurduğu bildirildi. Hərbi avtomobil qatarını havadan müşayiət etmək tapşırığını yerinə yetirdiyi deyilən iki pilotun həlak olduğu, birinin isə yaralandığı açıqlandı.

Azərbaycan Xarici İşlər Nazirliyi bəyan etdi ki, helikopter Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında aktiv hərbi döyüşlərin davam etdiyi bir vaxtda dövlət sərhədinin tam yaxınlığında uçuş həyata keçirib: "Uçuş günün qaranlıq vaxtında, aşağı hündürlükdə, hava müdafiəsi sisteminin radar müşahidəsindən kənar zonada həyata keçirilib".

Rəsmi Bakı Rusiya tərəfinə üzrxahlıq etdi və həlak olan pilotların ailələrinə başsağlığı verdi, araşdırma aparacağı və təqsirkarları cəzalandıracağını vəd etdi. Verilən məlumatlarda Rusiyanın da bu üzrxahlığı anlayışla qarşıladığı bildirilirdi.

Məsələ ilə bağlı Ermənistan tərəfi də bəyanat yaymışdı. "Helikopter döyüşlərin getdiyi istiqamətdə deyildi, buna görə də təhlükə kimi görülə bilməzdi", - Ermənistan baş nazirinin baş müşaviri Vaqarşak Arutyunyan bildirmişdi. O, hadisəni "Ermənistan ərazisində təcavüz aktı" adlandırmışdı.

Xatırlatma

Bu olaydan 43 gün öncə, sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirib ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, 4 qəsəbəni və 5 şəhəri işğaldan azad edib. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG