Keçid linkləri

2024, 05 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 23:48

Qazı topdan satan dəyişdi, qiymət də dəyişərmi?


Əhali və qeyri-əhali abonentlərinə təbii qazın satışını əvvəlki kimi "Azəriqaz" İB həyata keçirəcək
Əhali və qeyri-əhali abonentlərinə təbii qazın satışını əvvəlki kimi "Azəriqaz" İB həyata keçirəcək

Noyabrın 28-də Baş nazir Əli Əsədov "Azərbaycan Respublikasının daxilində təbii qaz təchizatının təşkil edilməsi haqqında" qərar imzalayıb. Qərara əsasən, daxili bazarda təbii qazın 2021-ci il yanvarın 1-dən istehsalçılardan satın alınması, onun nəqlinin, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkili Dövlət Kontrakt Korporasiyası – "Azərkontrakt" Açıq Səhmdar Cəmiyyətinə (ASC) həvalə edilib. SOCAR, onun strukturuna daxil olan qurumlar qaz təchizatına dair müqavilələr üzrə hüquq və öhdəliklərin "Azərkontrakt" ASC-yə ötürülməsini təmin etməlidirlər.

Qaz təchizatın təşkilinin "Azərkontrakt" ASC-yə həvalə edilməsinin səbəbi nədir? Bu qərar əhali üçün satılan qazın qiymətinə təsir göstərəcəkmi?

"Vahid vasitəçi qismində çıxış edəcək"

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsindən "Turan" agentliyinə bildirilib ki, "Azərkontrakt" ASC növbəti ildən etibarən ölkədə təbii qaz hasil edən şirkətlərlə onu paylayan və enerji istehsal edən qurumlar arasında bir növ vahid vasitəçi qismində çıxış edəcək. İdarədən qeyd edilib ki, Azərbaycanda təbii qazın hasilatı ilə təkcə SOCAR məşğul olmur: "SOCAR, beynəlxalq konsorsiumlar və bir neçə xarici şirkət tərəfindən həyata keçirilir. Ötən ili misal götürsək, SOCAR və əsas payı dövlətə məxsus əməliyyat şirkətləri birlikdə 6.8 milyard kubmetr qaz hasil etdikləri halda, ölkə daxilində 11.5 milyard kubmetr qaz istehlak olunub".

SOCAR
SOCAR

İdarədən vurğulayıblar ki, ölkədaxili tələbatı ödəmək üçün SOCAR öz qazından əlavə digər hasilatçı şirkətlərdən və konsorsiumlardan qaz alıb emal edir: "Lazım olduğu təqdirdə anbarlarında saxlayır, magistral kəmərləri vasitəsi ilə daşıyır və müxtəlif istehlakçılara qazın həm topdan, həm pərakəndə satışını təşkil edirdi. Qazı topdan alan istehlakçılardan biri SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi (İB), digərləri isə SOCAR-a aid olmayan Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti və "Azərenerji" ASC-dir".

"SOCAR-ın indiyə qədər yerinə yetirdiyi funksiyalarından biri..."

Qurumdan bildirildiyinə görə, SOCAR indiyə qədər ölkədə yalnız təbii qaz istehsalçısı olmayıb:

"Həm də qaz hasil edən şirkətlərlə qazpaylayıcı şəbəkələr arasında bir növ vasitəçi, eləcə də ölkənin ən böyük qazpaylayıcı şəbəkəsinin istismarçısı qismində çıxış edirdi. Nazirlər Kabinetinin bu qərarı ilə SOCAR-ın indiyə qədər yerinə yetirdiyi funksiyalarından biri, yəni, təbii qazın topdan alqı-satqısı "Azərkontrakt" ASC-yə ötürüldü".

Qurumdan bildirilib ki, SOCAR özünə məxsus digər funksiyaları, yəni, neft-qaz hasilatı, eləcə də "Azəriqaz" İB vasitəsilə qazın birbaşa əhaliyə paylanması və satışını həyata keçirməyə davam edir: "Hasilatçılarla paylayıcı qurumlar arasında topdansatış və vasitəçilik funksiyasının "Azərkontrakt" ASC-yə ötürülməsi SOCAR-ın məhz istehsalat fəaliyyəti üzərində fokuslanaraq, öz əsas fəaliyyətinin effektivliyini artırmasına şərait yaradacaq. Əhali və sənaye kateqoriyasından olan qaz istehlakçıları ilə birbaşa əlaqələrin yaradılması və qazın pərakəndə satışı funksiyalarını, əvvəl olduğu kimi, "Azəriqaz" İB həyata keçirəcək».

Azəriqaz
Azəriqaz

""Azərkontrakt" təbii qazın topdansatışı ilə məşğul olacaq"

"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov isə agentliyə bildirib ki, əhali və qeyri-əhali abonentlərinə qazın satışını əvvəlki kimi onlar həyata keçirəcək. Onun sözlərinə görə, bu günədək SOCAR həm təbii qazın hasilatını, həm də onun daxili bazarın istehlakçıları və paylayıcılarına ("Azərenerji" ASC, "Azəriqaz" İB və Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidməti) satışını həyata keçirirdi. Gələn ildən isə satış prosesinin tənzimlənməsini artıq "Azərkontrakt" ASC həyata keçirməlidir:

""Azərkontrakt" ASC təbii qazın topdansatışı ilə məşğul olacaq. Əhali və qeyri-əhali abonentlərinə isə təbii qazın satışını əvvəlki kimi "Azəriqaz" İB həyata keçirəcək. Dünyanın əksər ölkələrində topdansatış və paylayıcı şirkətlər ayrı-ayrı fəaliyyət göstərir. Bunu qaz təsərrüfatı sahəsində bizim respublika üçün də yeni bir islahat hesab edə bilərik".

"Artıq bunu etməmək üçün dəyişikliklər olmalıdır"

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban da AzadlıqRadiosuna xatırladıb ki, ilin ortasında Azərbaycan İnvestisiya Holdinqin yaradılması elan olunub. Onun deməsinə görə, bu holdinqin yaradılmasında əsas məqsəd dövlət şirkətlərinin idarəçiliyində səmərəliliyin artırılması idi:

İ.Şaban
İ.Şaban

"Noyabrın 5-də prezident İlham Əliyevin imzaladığı sərəncamında İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərin sırasında Azərbaycan Dövlət Neft Şirkəti də var idi. Sərəncamda belə bir maddə var idi ki, holdinq bu şirkətlərin həyata keçirdikləri investisiya proqramlarının şəffaflığının və iqtisadi səmərəsinin yüksəldilməsi, onların rəqabət qabiliyyətinin təmin olunması, maliyyə sağlamlığının və dayanıqlılığının yaxşılaşdırılması ilə məşğul olacaq. Yəni, burada söhbət qazın maliyyəsindən gedir. Dövlət bir dəfə "Azəriqaz"ın borcunu sildi. Artıq bunu etməmək üçün dəyişikliklər olmalıdır".

O, gələn il qazın qiymətinin dəyişə bilmə ehtimalı ilə bağlı isə bunları deyib: "Ola bilər ki, qalxsın, amma o, digər bəzi proseslərdən asılıdır və bu barədə danışmaq hələ ki, tezdir".

Qazin qiyməti sonuncu dəfə 2016-cı ilin sonunda bahalaşıb.

XS
SM
MD
LG